İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda doğulan körpələrin sayı azalır - Sosioloq bizi gözləyən təhlükədən danışdı

8980 01.10.2022 10:55 KİVDF layihələri A A

Əhməd Qəşəmoğlu: “Ali təhsil almış şəxslərdən on uşaq gözləmək mümkün deyil...”

2021-ci ildə Azərbaycanda doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.

Statistikanı araşdıranda məlum olur ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-ci ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir.

Beləliklə, bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da uşaqların sayı ilbəil azalmağa başlayıb. İndi müasir Azərbaycan ailələri əksər halda iki, maksimum isə 3 uşağın olmasına üstünlük verir.

Bəzi ekspertlər qeyd edir ki, əhalinin azalması o qədər də təhlükəli deyil. Ailələrin isə az uşağa üstünlük verməsinin əsas səbəbləri sosial-iqtisadi problemlər, həmçinin müasir dövrün tələblərindən irəli gəlir.

Mövzu ilə bağlı Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Bu vəziyyətin təhlükəli olmadığını bildirənlər əvvəlcə dərin araşdırma, təhlillər aparmalıdırlar.

Göründüyü kimi, ölkədə ilbəil  doğulanların sayı azalır. Azalma tendensiyası təkcə ölkəmizdə deyil, demək olar ki, bütün dünya ölkələrində gedir. Ötən ən əsrin ortalarında beynəlxalq təşkilatlar, kulturologiya institutları dəhşətli səs-küy salmağa başladılar ki, bəs yer üzündə insanların sayı sürətlə artmağa başlayır və mövcud resuslar insanların yaşayışına yetməyəcək. Bununla da təbliğat nəticəsində Qərbdə ümumi nisbətdə avropalıların sayı azalmağa başladı. Avropada miqrantları çıxsaq, əsl avropalıların sayı xeyli azalıb. Xatırlayıram ki, 1994-cü ildə BMT Qahirədə “Əhali və inkişaf” adında böyük bir sammit keçirirdi. Mən də həmin sammitdə iştirak edirdim, ona görə də orada aparılan müzakirələrdən, qəbul olunmuş proqramdan xəbərim var. Həmin vaxt da həyəcanla dünya əhalisinin artdığı bildirilirdi. BMT təşkilatı əhalinin sayının sürətlə artmasının qarşısını almaq üçün müəyyən maariflənmə yolu ilə həyata keçirir. Lakin müəyyən qurumlar var ki, onlar başqa üsullara əl atır. Məsələn, müəyyən müharibələr məhz əhalinin artımının qarşısını almaq üçün həyata keçirilir. Hətta bəzi xəstəlikləri də qəsdən bu səbəbdən yayırlar. Ona görə də bu məsələyə qlobal səviyyədə baxmaq lazımdır.

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur

Əhməd Qəşəmoğlu

Ölkəmizə gəldikdə isə müəyyən məsələlər var ki, əhalinin azalmasına rəvac verir. Əvvəla, ölkənin daxilində əhalinin xərci artıb, yəni, pul xərcləmə istiqamətlərində xeyli artım var. Əvvəllər ailədə hətta 10-12 uşaq olurdu və böyük uşağa alınan paltarı sonradan ardıcıl olaraq digər uşaqlar geyinirdi. Amma indi hər uşaq üçün ayrıca, hətta bir neçə dəst paltar almaq lazımdır. Məktəb, qidalanma və sairə üzrə xərclər artıb. Hazırda da sürətlə bahalaşma gedir və bu problem də məsələyə ciddi şəkildə öz təsirini göstərir. Ona görə də ailələr daha çox iki, bəzən də bir uşaqla kifayətlənməyə üstünlük verir. Digər tərəfdən, insanlar daha mükəmməl təhsil aldıqca, dünya görüşləri artdıqca çox uşaqlı ailənin tərəfdarı olmurlar. Yəni ali təhsil almış şəxslərdən on uşaq gözləmək mümkün deyil. Əgər 10-12 uşaqlı ailələrin statistikasına baxsaq, görərik ki, həmin ailələrdə qadınlar təhsilsizdirlər. Yəni dünyada bu cür proseslər gedir və bu da əhalinin artımımın sürətinin aşağı düşməsinə səbəb olur.

Bəs əhalinin getdikcə azalmasının hansı təhlükəsi var? Ölkədə əhali azalanda aşağıdakı problemlər ortaya çıxır:

Əgər ailədə bir uşaq varsa bu zaman həm ölkədə əhalinin sayı sürətlə azalır, həm də evdə uşağın ev mühiti olmur. Uşağın evdə ünsiyyətdə olduğu adamlar yalnız ata-anası, nənə-babası olur. Bu zaman həmin uşaq məhz uşaq kimi formalaşa bilmir, onda böyük komplekslər yaranmağa başlayır. Evdə iki uşaq olanda yenə də əhalinin sayı artmır. Çünki bəzən heç evlənməyən insanlar olur. Həmçinin iki uşaq olanda onlar daim bir-biri ilə konfliktdə böyüyürlər. Üç uşaq olanda isə evdə əsl uşaq mühiti olur, eyni zamanda ölkədə əhalinin artımı normal tənzimlənir. Beləliklə, biz çalışmalıyıq ki, üçuşaqlı ailə modelinə keçək. Bu barədə dövlət qurumları da öz öhdələrinə düşən işi görməlidir. Ölkədə iqtisadiyyat da elə tənzimlənməlidir ki, vergi ödəyiciləri çoxalsın, bunun da hesabına uşaqpulu verilsin, səhiyyə, təhsilin səviyyəsi qaydasında olsun. Amma məlum olduğu kimi iqtisadiyyatımızda qarışıqlıq, dolaşıqlıq var, ona görə də vəziyyət bu hala gəlib çıxıb.

Ölkədə əhali azalanda ölkəyə daxil olan miqrantların sayı artır. Miqrantlar isə etnik tərkibin dəyişməsinə səbəb olur. Etnik dəyişiklik isə xeyli problemlər yaradır, hansı ki, hazırda Fransa bu problemi yaşayır. Həmçinin etnik dəyişiklik milli mədəniyyətin dəyişməsinə də gətirib çıxarır. Bu baxımdan, ölkədə əhalinin sayının azalmasının xeyli mənfi nəticələri var".

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR