İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn turistlərin üzləşdiyi ən böyük çətinlik: valyutanı necə dəyişək?

1982 12.04.2017 02:15 İqtisadiyyat A A

Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Bunu paytaxtda və bölgələrdə olarkən vizual olaraq da müşahidə etmək mümkündür. Həmçinin rəsmi rəqəmlər də turist sayının artdığını göstərir. Belə ki, ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin birinci rübündə Azərbaycana gələn turistlərin sayında 24,9 faiz artım olub. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib, Novruz bayramı ərəfəsində İrandan gələn turistlərin sayı isə 60 mindən çox olub.


Bəs görəsən, 3 ayda bu qədər turist qarşılayan Azərbaycanda valyuta dəyişmə ilə bağlı vəziyyət nə yerdədir? Valyutadəyişmə məntəqələrinin ləğvindən sonra bu işi yalnız banklar həyata keçirir. Banklar isə həftənin şənbə və bazar günləri, o cümlədən bayram günləri, eləcə də saat 18:00-dan sonra işləmir. Nəticədə turistlər əllərindəki xarici valyuta ilə olan vəsaiti Azərbaycan manatına dəyişməkdə çətinlik çəkirlər.

Bu durumu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən bildirdi ki, turistləri ciddi şəkildə narahat edən bur problem aradan qaldırılmalıdır: “Azərbaycan həqiqətən turist ölkəsi olmağa çalışırsa, ən önəmli problemlərin həllinə üstünlük verməlidir ki, turistlərin digər ölkələrdə heç vaxt qarşılaşmadığı problemlərlə ölkəmizdə üzləşməsinlər. Bu ən azından onlarda pis təəssürat yaradır və növbəti dəfə turistlərin gəlməsinə mane olur. Dünyanın heç bir ölkəsində turistlərin valyutadəyişmə ilə bağlı problemi yoxdur, ola da bilməz. Qonşu Gürcüstana nəzər salsaq, son illər turizmlə bağlı ən çox uğur qazanan bu ölkə ötən il 6 milyon turist qəbul edib və rekord vurub. Orada hər addımda məntəqələri var. Səhər saatlarından gecə saat 12-yə qədər çalışırlar. Azərbaycan vətəndaşlarının əksəriyyəti Gürcüstanda olub və bunu yəqin ki, özləri görüblər. Orada turist heç bir problem yaşamadan əlində olan valyutanı lariyə dəyişə bilir”.

 

natiq cəfərli ile ilgili görsel sonucu


İqtisadçı hesab edir ki, ölkəmizdə VDM-lərin bağlanması heç bir müsbət nəticəyə səbəb olmadı: “Azərbaycanda valyutadəyişmə məntəqələri ləğv olundu və belə əsaslandırıldı ki, bu məntəqələr bazarda ajiotaj yaradır. Ancaq xatırlayırsınızsa, ən böyük ajiotaj valyutadəyişmə məntəqələrinin qapadılmasından sonra oldu. Hətta bu qara bazarın yaranmasına gətirib çıxartdı, qara bazar çiçəkləndi. Bu da manatın məzənnəsi ilə bağlı heç bir effekt vermədi. Əksinə həm yerli vətəndaşlar üçün , həm də xarici turistlər üçün valyuta dəyişmək problemə çevrildi. Bu həm də sosial problem yaratdı. Ölkə üzrə 4 min nəfər valyutadəyişmə məntəqələrində işlə təmin olunmuşdu və onlar işsiz qaldı. Bu gün də bayram və istirahət günlərində çox az sayda bank filialları çalışır. Turistlərin sevimli gəzinti vaxtının axşam saat 6-dan sonra başladığını nəzərə alsaq, bu saatdan sonra banklar çalışmır. Valyuta dəyişmə məntəqələrinin olmaması bu məqamda onlar üçün problem yaradır”.


Natiq Cəfərlinin sözlərinə görə, son dövrlərdə ən çox müşahidə olunan durum odur ki, restoranlarda, kafelərdə və digər xidmət sahələrində qeyri-qanuni olsa belə yerli iş adamları valyutanı ödəniş olaraq qəbul etməyə məcbur olurlar: “Qanunun pozuntusu olsa belə , başqa çıxış yolu qalmır. Çox təəssüf ki, valyutanı çox aşağı məzənnə ilə qəbul edirlər və bu da turistlərdə narazılıq yaradır. Bu çox bəsit bir məsələdir və onun həllini yubatmaq turizm sahəsində atılacaq addımların da effektini azaldır. Bu problemin çıxış yolu valyutadəyişmə məntəqələrinin yenidən açılmasıdır. Bu yeni iş yerlərinin açılması deməkdir. Həmçinin alış və satış məzənnələri arasında bu soyğunçu fərqə son qoyulacaq. İndi banklarda alış və satış arasında ciddi fərq var, 100 dolların alış-satışında ən azı 8 manat fərq var. Bu çox böyük problemdir. Əvvəllər 100 dolların alış və satış qiymətləri arasında 20-30 qəpik fərq var idi. İndi isə bu fərq 7-8 manatdır. Bu da vətəndaşların və turistlərin cibinə girmək deməkdir. Bu problemin həlli yolu rəqabətli mühitin yaradılmasıdır. Rəqabətin yaradılmasının yeganə yolu isə odur ki, çoxlu sayda valyutadəyişmə məntəqələri qanunauyğun şəkildə açılıb fəaliyyət göstərməlidir. VDM-lərin qapadılması nə iqtisadiyyata , nə manat-dollar münasibətlərinə heç bir müsbət təsir göstərmir”.

 

Nərgiz LİFTİYEVA

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR