İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan prezidentinin seçkisonrası Türkiyə səfərində əsas hədəf

1453 23.04.2018 08:35 Siyasət A A

Ekspertlər diqqət mərkəzində olacaq əsas məsələlərdən danışdılar

Prezident İlham Əliyev aprelin 25-də Türkiyəyə səfərə gedəcək. Bu, İlham Əliyevin 11 apreldə keçirilən seçkilərdə qələbəsindən sonra prezident kimi ilk xarici səfəri olacaq. Beləliklə, Azərbaycan prezidenti ənənəvi olaraq yenə də ilk səfərini qardaş ölkəyə edir.

Bir qədər əvvəl isə Rusiya prezidenti Vladimir Putin 18 mart prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə etmişdi. Ekspertlər hesab edir ki, bütün bunlar Türkiyənin regionda önəmli dövlət olduğu və əhəmiyyətinin getdikcə artmasından irəli gəlir.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan prezidentinin ilk səfəri Türkiyəyə etməsi ilə Rusiya prezidentinin ilk səfərini Türkiyəyə etməsi arasında oxşar və fərqli məqamlar var: “Bu yaxınlarda Türkiyədə Xarici İşlər Nazirliyində görüş keçirərkən mənə dedilər ki, Azərbaycanın prezidenti İlham Əliyev yenə də ilk səfərini aprelin 25-də Türkiyəyə edəcək. Mənim qardaş ölkəyə səfərimdə məqsədim o idi ki, Azərbaycan-Türkiyə münasibətlərinin indiki vəziyyətini öyrənim. Münasibətlərin necə olmasını ölkə başçısının seçkidən sonra ilk səfərini Türkiyəyə etməsi faktı da ortaya qoyur. Yaxşı ənənə halını alıb ki, Azərbaycanda və Türkiyədə hər prezident seçkisindən sonra ilk səfərlər məhz strateji müttəfiqə, qardaş dövlətə həyata keçirilir. Azərbaycan prezidenti seçildikdən sonra Türkiyəyə, Türkiyə prezidenti seçildikdən sonra Azərbaycana səfər edir. Bu, strateji münasibətlərin xarakterindən irəli gəlir. Həm də bölgədə vəziyyət gərgindir. Azərbaycan Türkiyə ilə siyasi, iqtisadi əlaqələrini çox inkişaf etdirib, əlaqələr yüksək səviyyədədir. Bizim üçün önəmli məsələ Qarabağ məsələsidir. Mən də Türkiyədə olarkən öyrənmək istəyirdim ki, Türkiyə bu məsələnin həllində nə kimi aktivlik göstərə bilər, Rusiyaya təsir edib Moskvanın münaqişənin həllində Ermənistan hakimiyyətinə təsirini sürətləndirməyə sövq edə bilərmi? Düşünürəm ki, dövlət başçısı İlham Əliyevin Ankaraya səfəri zamanı bu məsələyə də xüsusi diqqət yetiriləcək və bu istiqamətdə geniş fikir mübadiləsi aparılacaq”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

E.Şahinoğlu qeyd etdi ki, Rusiya prezidentinin seçkidən sonra ilk səfərini Rusiyaya etməsi isə ənənədən irəli gələn addım olmayıb: “Rusiyanın vəziyyəti çox ağırdır. Rusiya Qərb ölkələri tərəfindən sanksiyalar altındadır, prezidentinin seçkidən sonra səfər edəcəyi ölkələrin sayı barmaqla sayılacaq qədərdir. Rusiyanın Türkiyəyə bu saat çox böyük ehtiyacı var. Ona görə də Putin ilk səfərini Türkiyəyə etməyə çox ciddi ehtiyac duydu və yüksək səviyyədə də qarşılandı. Etiraf edək ki, Putini bu cür yüksək səviyyədə qarşılayan dövlətlərin sayı elə də çox deyil. Azərbaycan prezidentinin Türkiyəyə səfəri isə ənənə şəklini alıb və bu çox yaxşı haldır. Putinin səfəri ilə Əliyevin səfərinin oxşar cəhətləri isə ondan ibarətdir ki, enerji mövzuları həm bizim üçün əhəmiyyətlidir Türkiyə ilə müzakirə etməyə, həm də Rusiya üçün. İndi əslində bir yarış da gedir. Azərbaycan TAP və TANAP layihələrini reallaşdırmağa çalışır, Rusiya isə Türk axını layihəsini. Mən belə qənaətə gəlmişəm ki, bu məsələdə Türkiyə daha çox Azərbaycana üstünlük verir. Bu barədə ola bilsin ki, prezidentlərin görüşündə də ciddi fikir mübadilə aparılacaq. Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşməsi, silah alınması məsələsi də müzakirə oluna bilər və biz qardaş Türkiyədən silah ala bilərik”.

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev isə bildirdi ki, Azərbaycan üçün Türkiyə həmişə önəmli dövlət olub. Hər seçkidən sonra ilk rəsmi səfər Türkiyəyə, Türkiyədəki seçkilərdən sonra isə ilk rəsmi səfərlər Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə olur. Bu da onu göstərir ki , Azərbaycan da eynilə Türkiyə üçün önəmlidir: “İndiki situasiyada isə Türkiyə regionun əsas söz sahibi olan bir dövlətə çevrilib. Yaxın Şərq problemində göstərdiyi mövqe, qətiyyət  və əldə etdiyi nəticələr hal hazırda Türkiyəni regionun lider dövləti edib. Hal-hazırda region dövlətləri , o cümlədən vaxtilə Türkiyə ilə münasibətləri soyuq olan dövlətlər Türkiyə ilə yaxınlaşmağa can atır. Hesab edirəm ki, Türkiyə bu mövqeyə  son 2-3 ildə gördüyü işlərlə çatıb. Rusiya prezidentinin seçkidən sonra ilk səfəri Türkiyəyə etməsi də bundan irəli gəlirdi. Azərbaycan dövlət başçısının səfəri isə ənənədən, qardaşlıq münasibətlərindən irəli gəlir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR