İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan neft və qazla yanaşı "yaşıl enerji" ixracatçısı kimi də tanınacaq”-MÜSAHİBƏ

1829 19.01.2023 13:31 Müsahibə A A

 

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEM) layihələrlə iş və hüquq şöbəsinin müdir səlahiyyətlərini icra edən Cəbrayıl Əliyev "Yaşıl enerji" ilə bağlı gələcək perspektivləri barədə Musavat.com-a müsahibə verib.

 Həmin müsahibəni təqdim edirik:

 

- Cəbrayıl bəy, Prezident İlham Əliyev Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışında bərpaolunan enerji mənbələri ilə bağlı bir sıra mühüm açıqlamalar verdi, ismarışlar ötürdü. O bildirdi ki, bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir. Bu istiqamətdə sizin fikirlərinizi və yanaşmanızı öyrənmək istərdim. 

- Cənab Prezidentin vurğuladığı kimi, biz artıq enerji təhlükəsizliyimizi bir neçə il bundan qabaq təmin etmişik. Hazırda bərpa olunan enerji sahəsində imzalanan müqavilələr ölkəmiz üçün yeni istiqamətləri müəyyən edir. Belə ki, 2022-ci ilin dekabrın ayının 15-də Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi və eyni zamanda Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Quruda sənaye miqyaslı 1QVt gücündə günəş və 1QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı  İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl hidrogen” layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” ümumilikdə 22 min MVt BOEM potensialı üzrə layihələri özündə əks etdirir. Təbii ki, bu potensialdan istifadə birbaşa olaraq Azərbaycanın növbəti illərdə yaşıl enerji ixracatçısı kimi tanınmasına səbəb olacaqdır. Ölkə başçısının da vurğuladığı kimi, istehsal olunacaq yaşıl enerjinin ixracı üçün bir neçə istiqamətdən ötürücü xətlərimizin imkanları genişləndirilməlidir. Məlum olduğu kimi, 2022-ci ilin dekabr ayının 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu da yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan enerji təhlükəsizliyi baxımdan Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə, neft və qaz sahəsində çox mühüm əməkdaşlıq əlaqələrimiz mövcud idi. Bundan sonra isə artıq Azərbaycan Avropanın enerji ixracının növbəti mərhələsi olaraq “yaşıl enerji”nin ixracını planlaşdırır. Təbii ki, bu istiqamətdə bizim kifayət qədər böyük həcmli bərpa olunan enerji potensialımız var. Bu imkanlardan istifadə etməklə həm təbii qaz resurslarımıza qənaət edə bilərik, həm də ölkəyə əlavə gəlirlər gətirmiş olarıq. 

- Qeyd etdiyiniz kimi, Azərbaycanın Avropanın əsas elektrik enerjisi, xüsusən də, "yaşıl enerji" təchizatçısına çevrilməsi planlaşdırılır. Bu baxımdan hazırda ölkəmizin bərpa olunan enerji potensialını necə dəyərləndirmək olar? Xüsusilə, Zəngəzur dəhlizinin potensialından enerji növlərinin ixrac edilməsində istifadə olunacaqmı?

- İlk olaraq onu bildirim ki, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe kifayət qədər bərpa olunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpa olunan enerji potensialı araşdırmalara əsasən 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalarına əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici, ölkəmizdə yaşıl enerjinin inkişafı üçün kifayət qədər böyük potensialın olmasını deməyə əsas verir. Gələcəkdə bu potensialın istifadə edilməsi birbaşa olaraq ölkəmizə olan marağı daha da artırır. Bundan öncə də vurğuladığım kimi, dekabrın 17-də Buxarestdə imzalanmış Saziş yaşıl enerjinin ötürülməsi ilə bağlı atılmış ilkin addımlarından biridir. Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql edilməsi planlaşdırılır. Bundan əlavə, Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun bərpa olunan enerji potensialının istifadəsinə və ölkələrin milli enerji istehlakında bərpa olunan enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanıb. “Yaşıl enerji”nin ötürülməsi ilə bağlı digər bir layihə də Zəngəzur dəhlizi vasitəsi ilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə, ötən il may ayında Cəbrayıl rayonunda “Cəbrayıl” enerji qovşağının təməli qoyulub. “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaqdır. Bununla yanaşı, “Cəbrayıl” enerji qovşağı işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələri hesabına əldə olunan enerjinin şəbəkəyə inteqrasiyası üçün mühüm rola sahib olacaqdır. Digər tərəfdən, “Cəbrayıl Enerji qovşağı” vasitəsilə Naxçıvanla əlaqəmiz bərpa olunacaq və bu məqsədlə yeni bir ötürücü xətt çəkiləcəkdir. Növbəti mərhələdə isə ölkədə istehsal olunacaq “yaşıl enerji” Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya ötürülməsi planlarımız daxilindədir.  Təbii ki, qeyd olunanlar genişhəcmli bir layihənin tərkib hissəsidir və bu istiqamətdə müvafiq  addımlar atılmaqdadır.

- Cəbrayıl rayonundan söz düşmüşkən, işğaldan azad olunan digər rayonlarda da  bu sahədə bir sıra işlər görülüb. Daha nə kimi yeniliklər planlaşdırılır?

- Qeyd etmək istərdim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da zəngin bərpa olunan enerji potensialına malikdir. Belə ki, araşdırmalara əsasən işğaldan azad olunmuş ərazilərdə BOEM-in potensialı 10 QVt həcmində müəyyən edilib.  Məlum olduğu kimi, ölkə başçısı tərəfindən həmin ərazilər "yaşıl enerji" zonası elan olunub və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Tapşırığın icrası çərçivəsində Energetika Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkətin cəlbi ilə "Yaşıl enerji" zonası konsepsiyası hazırlanıb və hökumət tərəfindən konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədəuyğun hesab edilib. Bildiyiniz kimi, Cəbrayıl rayonunda artıq BP şirkəti ilə günəş elektrik stansiyasının tikintisi istiqamətində danışıqlar davam etdirilir. Bununla əlaqədar, 2021-ci ildə BP şirkəti ilə 240 MVt gücündə “Şəfəq" günəş elektrik stansiyasının icrası məqsədilə İcra Müqaviləsi imzalanıb. 2022-ci ilin 4 iyun tarixində isə Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. "Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal ediləcək elektrik enerjisi Qarabağın və Şərqi Zəngəzurun təmiz enerji ilə təmin olunmasına töhfə verəcəkdir. Qeyd olunanlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə böyük həcmli hidroenerji potensialımız da mövcuddur. Ötən illər ərzində işğaldan azad edilmiş ərazilərdə 11 kiçik su elektrik stansiyasının bərpası istiqamətində işlər həyata keçirilib. Növbəti illərdə kiçik su elektrik stansiyaları üzrə bərpa və yenidənqurma işləri davam etdiriləcəkdir.  Laçın və Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin illik orta sürəti  7-8 metr saniyədən yuxarı geniş ərazilər mövcuddur ki, bu potensialdan istifadə istiqamətində də şirkətlər ilə danışıqlar aparılır. 

- Prezident çıxışında görüləcək işlərdən biri kimi Azərbaycandan 4 QVt-lıq yaşıl enerjinin nəql edilməsi imkanını yaradacaq kabelin çəkilməsindən də söz açıb. Bu layihə özündə nələri ehtiva edir? 

- Qeyd edildiyi kimi, “yaşıl enerji”nin ötürülməsi ilə bağlı hədəflərimiz və planlarımız genişdir. İmzalanmış müqavilələr çərçivəsində “yaşıl enerji”nin istehsalı və ixrac potensialımız artacaqdır. İstehsal olunan elektrik enerjisinin ölkənin təlabatından artıq olacağını nəzərə alaraq Avropa bazarlarına çıxışı təmin edilməlidir. Təbii ki, bu məqsədlə ölkəmizin ötürücü xətlərinin imkanları genişləndirilməlidir. Hazırda mövcud imkanlar daxilində bu həcmdə elektrik enerjisinin Avropaya ötürülməsi qeyri-mümkündür. Ölkə başçısının vurğuladığı kimi, bu istiqamətdə ciddi araşdırmalar aparmaq lazımdır və enerji ötürücü xətlərinin gücü artırılmalıdır. Yekun olaraq bildirmək istərdim ki, bərpa olunan enerji potensialımızdan səmərəli istifadə edilməsi Azərbaycanın beynəlxalq aləmdə yalnız neft və qaz ixracatçısı kimi deyil, "yaşıl enerji" ixracatçısı kimi tanınmasında da öz töhfəsini verəcəkdir.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR