İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan havadan müdafiə üçün “Dəmir günbəz”i dəyişir?

2561 17.04.2024 12:09 Ölkə A A

Müdafiə naziri Zakir Həsənovun İordaniyanın hava hücumundan müdafiə sistemləri ilə maraqlanması erməniləri təşvişə salıb; Qabil Hüseynli: “İordaniyanın HHM-ləri İsrailin  ”Dəmir günbəz"indən keyfiyyətlidir"

Erməni mediası Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İordaniyaya səfərindən ciddi narahat olub. Məsələn, “ArmenianReport” iddia edir ki, nazir Həsənov İordaniyanın hava hücumundan müdafiə sistemləri ilə maraqlanır və bunu “Ermənistan üçün ciddi təhdid mesajı” kimi yozur. Erməni təşvişini tam mənası ilə anlamaq üçün xatırlatmaq yerinə düşərdi ki, İranın İsrailə atdığı raket və silahlı dronların mühüm qismi İordaniya tərəfindən zərərsizləşdirilib. 

Yazıda Azərbaycanın yaxın zamanlarda bu sistemə keçə biləcəyindən narahatlıq vurğulanır. “Zakir Həsənovun İordaniyada rəsmi səfərdə olması təsadüfi deyil. O, Xüsusi Əməliyyat Təlim Mərkəzində olub, sonra Kral Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Məhəmməd Hyasətlə görüşüb. Görüşdə silahlı qüvvələrin inkişaf perspektivləri, hərbi təhsil və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib. Bu ümumi ifadənin arxasında nə dayandığını təxmin etmək çətin deyil. Azərbaycan İordaniya ilə əməkdaşlığı inkişaf etdirir, İsrail, Pakistan və Türkiyə ilə sıx əlaqələrə malikdir. 

Bütün bunlar isə Rusiyanın açıq-aşkar Ermənistana yanlış əllərlə “dərs vermək” istəyi fonunda baş verir. Beləliklə, bizi çox narahat anlar gözləyir", - deyə məqalədə vurğulanır. 

80-ci illərdə Sovet İttifaqı İordaniyanı "Strela-10" və "Osa-AKM" zenit-raket kompleksləri, həmçinin "ZSU-23-4 Shilka" özüyeriyən zenit silahları ilə təmin edib. Rəsmi mənbələrdə deyilir ki, İordaniya hava hücumundan qorunmaq üçün indi “Hughes AN/TPQ-36" mobil radar sistemindən istifadə edir. Sistem minaatan, artilleriya və raket atəşlərini aşkar etmək və izləmək üçün nəzərdə tutulub. Hazırda ABŞ Dəniz Piyadaları Korpusu, Avstraliya, Portuqaliya, Türkiyə və Ukrayna silahlı qüvvələrində istifadə edilir. COBRA sistemi isə Fransa, Böyük Britaniya və Almaniya Silahlı Qüvvələri üçün birgə hazırlanmış əks batareya radar sistemidir. Bu, düşmən sahə artilleriyasını aşkar etmək üçün təkərli şassi üzərində aktiv elektron skan edilmiş 3D radardır. 

İsrail-HƏMAS müharibəsi başlayanda isə İordaniya hava sərhədlərini qorumaq üçün ABŞ-dan rəsmi olaraq “Patriot” sistemləri istəyib. İranın İsrailə dron və raket hücumu zamanı hansı müdafiə qurğularından istifadə etdiyi bilinmir.    

“Dəmir günbəz” 2006-cı ildə İsrail və Livanın cənubunda yerləşən islamçı qrup “Hizbullah” arasında baş vermiş münaqişədən sonra hazırlanıb. “Dəmir günbəz” bütün hava şəraitində fəaliyyət göstərən, yaxınlaşan bir sıra qısa mənzilli silahlardan qorunmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemidir. O, yaxınlaşan raketləri izləmək üçün radardan istifadə edir və yaşayış məntəqələrinə dəymə ehtimalı olan raketlərlə yaşayış olmayan ərazilərə düşəcək raketləri fərqləndirə bilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, bir raket batereyasının istehsalı 100 milyon dollara (170 milyon manat) başa gəlir. Son münaqişə başlayandan bəri HƏMAS İsrailə etdiyi hücum zamanı 5000 raket atdığını iddia edir, İsrail ordusunun bildirdiyinə görə, "Dəmir günbəz" onlardan 153-nü ələ keçirib, digərləri isə açıq ərazilərə və ya Qəzza zolağına düşüb.

ABŞ-ın “Patriot”u “Dəmir günbəz”lə oxşar formada işləyir, lakin o, qısamənzilli silahlardan daha çox, ilk növbədə təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmaq üçün nəzərdə tutulub. Azərbaycanın İsraildən bu sistemləri alması məsələsi Rusiyanın Ermənistana 300 km mənzilli “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra gündəmə gəlib. “Dəmir günbəz” “İsgəndər” tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilər. Azərbaycanın bu müdafiə sisteminə sahib olub-olmadığı haqda rəsmi bilgi yoxdur. 

Z.Həsənovun səfəri, göründüyü kimi, hava qüvvələri ilə daha çox bağlıdır. Nəzərə almaq lazımdır ki, İordaniyada erməni lobbisi güclüdür. O səbəbdən bu iddialar yalan olmaya bilər. Azərbaycanın müdafiə qabiliyyətinin artırılacağı haqda Prezident İlham Əliyev bir neçə dəfə danışıb. Son illər Azərbaycanın da daxil olduğu regionda gərginlik artmaqdadır. O səbəbdən Azərbaycan xüsusilə müasir dron və raket hücumlarından daha etibarlı qorunmalıdır. Mümkündür ki, Azərbaycan daha başqa havadan müdafiə sistemləri ilə də maraqlanır. Yeni dövr, Ermənistanın sürətlə silahlanması, İranın aqressiyasının artması havadan müdafiə sistemlərini daha etibarlı etməyə vadar edir. Azərbaycan “Dəmir günbəz”ə arxayın ola bilər, yoxsa daha başqa müdafiə sistemləri də lazım olacaq?

İranla döyüşməyə hazırıq!” Parlament Tehranı “topa tutdu” - Professor Qabil  Hüseynli ilə CANLI

 Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İordaniyada hava hücumundan müdafiə sisteminin əsaslarını İsrail mütəxəssisləri qurublar: “İordaniya bu sistemlərin istehsalını İsraillə birgə aparır. Yəni şirkət İordaniyada yerləşir və İsrail həmin firmaya elmi-texnoloji dəstək göstərir. İndi İranın hücumu ilə bağlı məlum oldu ki, "Dəmir günbəz" heç də ən yaxşı hava hücumundan müdafiə sistemi deyilmiş. Bu günbəz İsrailin HHM-də üçüncü yer tutur. Orada “Error” adlı müdafiə sistemi var və ilk sırada gedir. Kifayət qədər effektli müdafiə sistemidir. Bundan başqa, İordaniyanın Britaniya və İsraillə sıx əlaqələri var. Ona görə də ingilislərin köməyi ilə müasir hava hücumundan müdafiə sistemləri istehsal edə bilir". 

Q.Hüseynli qeyd etdi ki, İordaniya HHM sahəsində dünyanın ilk onluğundadır: “Bu ölkənin lideri Azərbaycana gəlmişdi, müdafiə naziri ilə görüş keçirilmişdi, indi Zakir Həsənov İordaniyaya səfər edib, müdafiə sistemlərinin alınması barədə müqavilə imzalanmalıdır. Əvvəlcə həmin silahlarla tanışlıq olacaq, sonra sənədlər imzalanacaq. Zənnimcə, yaxşı ideyadır. Hətta bəziləri hesab edirlər ki, İordaniyanın istehsal etdiyi hava hücumundan müdafiə sistemləri İsrailin birinci yerdə dayanmayan "Dəmir günbəz"indən keyfiyyətlidir. Çünki ingilis mütəxəssislərin də qatqısı var. Özüm də təəccüblənirəm ki, İordaniya bu sahədə belə inkişaf edib". Professor Ermənistanın həyəcanlanması ilə bağlı vurğuladı ki, İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması haqda fikirləşsə daha yaxşı olar: “Azərbaycan postmüharibə dövründə özünün hərbi potensialını daha da gücləndirir. Ermənistana Fransa, Hindistanın verdiyi silahlar yardım edə bilməz. Ermənilər elə fikirləşirlər ki, bu silahlanma ilə revanş götürə bilərlər. Ancaq Azərbaycan onlara verilən silahlardan qat-qat güclülərinə malikdir. O baxımdan Paşinyan hakimiyyəti regionda dayanıqlı sülh haqda daha çox qayğı çəkməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR