İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa məkanına qatılacaqmı?

681 27.11.2021 11:11 Yazarlar A A

Güman ki, Avropa İttifaqının dekabr sammiti təkcə Qarabağ mövzusu ilə yadda qalmayacaq. Avropa bizdən cavab gözləyir: nəhayət Aİ ilə saziş imzalayacağıq, ya yox? Elə öz vətəndaşlarımız da gözləməkdədir, çünki ən yüksək səviyyədə dəfələrlə bəyan olunub ki, gələcək müqavilənin bütün maddələri razılaşdırılıb, qalır yalnız onu imzalamaq. Əgər pandemiya olmasaydı, yəqin ki, bu məsələ çoxdan həll olunardı.

Qeyd edək ki, son vaxtlarda Avropaya inteqrasiyanın bir neçə pilləsi formalaşıb. Bunlardan birincisi assosiasiya sazişi imzalamaqdır. Digəri Şərq Tərəfdaşlığı Proqramına qoşulmaqdır. Nəhayət, üçüncüsü, Aİ ilə dərinləşmiş əlaqələr qurmaqdır. Biz üçüncü pillədə qərarlaşmışıq və adımız Belarusla birgə hallanır.

Belə hesab olunur ki, Azərbaycan Rusiyanın təzyiqindən ehtiyat edir və bu səbəbdən də sazişin imzalanmasını ləngidir.

Amma xatırladaq ki, hətta İrəvan da Aİ ilə müvafiq sənəd imzalayıb, hərçənd, Ermənistan Rusiyadan daha çox asılıdır, nəinki Azərbaycan. Biz rus amilini çox şişirdirik. Bir məsəldə deyildiyi kimi, şeytan deyilən qədər də qorxulu deyil. Xatırladaq ki, biz hələ də Dünya Ticarət Təşkilatının üzvü deyilik, amma nəinki qonşu Rusiya, postsovet ölkələrinin, demək olar ki, hamısı bu təşkilatın üzvüdür. Ümumilikdə isə yüz əllidən çox ölkə DTT-nın üzvüdür və odur ki, sual olunur: doğrudanmı, biz öz milli maraqlarımız haqqında hamıdan çox düşünürük...

Eyni sözləri Şərq Tərəfdaşlığı Proqramı haqqında da demək mümkündür. Bizim bu proqrama ilk münasibətimiz qısa oldu: bu ki lap təlimatdır! Amma yenə də sual yaranır: bəs nəyə görə bu qədər ölkə Avropanın təlimatları ilə yaşamağa üstünlük verir? Doğrudanmı onların öz maraqları yoxdur?
Azərbaycana yönəlik hər təklif iki prizmadan keçir: daxili və xarici. Aydın məsələdir ki, bizim hakimiyyətin öz maraqları var və onlar heç də həmişə arxa planda olmur.

Amma dəfələrlə bəyan edilib ki, gələcək sənədin siyasi aspektləri çoxdan razılaşdırılıb, qalıb bəzi iqtisadi maddələri dəqiqləşdirmək. Son məlumatlara əsasən, onlar da razılaşdırılıb. Bəs onda problem nədədir? Güman ki, məsələ xarici amillərə dirənib. Amma onlar da saf-çürük edilib. Yuxarıda qeyd etdik ki, hətta daha asılı olan İrəvan belə onları dəf edə bildi.

Ermənistanın imzaladığı saziş əvvəlcə deklarasiya adlanırdı, hətta ironiya ilə deyilirdi ki, onun əsas maddələri Kremldə redaktə olunub. Amma bir-iki ay bundan əvvəl məlum oldu ki, Aİ Ermənistana milyard dollar həcmində yardım ayırıb. Belə bir yardım almaq bizə də sərf edərdi, onu ən azı Qarabağdakı bərpa işlərinə yönəldərdik.

Aİ ilə saziş imzalamaq vətəndaşlarımız üçün də müəyyən dividendlər vəd edir. Qonşu Gürcüstanın bu konteksdə artıq üstünlükləri var. Məgər bizim vətəndaşlarımız buna layiq deyilmi?

Aydın məsələdir ki, Azərbaycan Gürcüstan və Ermənistandan varlı ölkədir. Amma unutmaq olmaz ki, neft və qaz məhdud resurslardır. Onlar qurtarandan sonra biz bu ölkələrə həsədlə baxacağıq, çünki onlar artıq öz iqtisdiyyatlarını Avropa bazarına uyğunlaşdırırlar.

Bir sözlə, dekabrın 15-ə iki həftədən bir azca artıq vaxt qalıb. Təkcə siyasi müşahidəçilər yox, hətta sadə vətəndaşlar bu tarixi maraqla gözləyirlər. Hesab edirik ki, hökumətimizin qərarı məntiqli və praqmatik olacaq, çünki bu vaxt ərzində onlar yəqin ki, mümkün riskləri bir daha hesablayıblar. Böyük hesabla onlar yoxdur, baxmayaraq ki, 15 dekabr ərəfəsində Rusiya Bakıya gündə bir adam göndərir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR