İnsanlara hürriyət, millətlərə istiqlal!

Anklavlarsız saziş, yoxsa ərazi mübadiləsi?

1766 26.04.2024 11:19 Siyasət A A

Bu ərazilərin qaytarılması ilə bağlı danışıqların asan olmayacağı indidən bəllidir

Ermənistanla Azərbaycan arasında həllini gözləyən məsələlərdən biri də anklavlar məsələsidir. Onu da bildirək ki, Ermənistanın Azərbaycan ərazisində yalnız bir anklavı olub. Ermənilərin Artsvaşen adlandırdıqları və inzibati-ərazi bölgüsü baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil olduğunu iddia etdikləri bu kənd Gədəbəy rayonunun inzibati-ərazi vahidindəki Başkənd kəndidir. Kənd 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində Azərbaycanın nəzarəti altına keçib.

Prezident İlham Əliyev yanvar ayında yerli televiziya kanallarına müsahibəsində anklavlarla bağlı danışıb. İlham Əliyev deyib ki, bütün anklavlar qaytarılmalıdır: “O kəndlər ki anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

“Anklav məsələsi ilə bağlı beynəlxalq praktika var. Bunun ən düzgün yolu ərazi mübadiləsidir. Beynəlxalq praktikada iki prinsip var: ərazi mübadiləsi və kompensasiya. Ərazi mübadiləsində Azərbaycana indiki şəkildə ən uyğun olanı Başkəndlə, yəni erməni anklavıyla bizim Kərki kəndinin əvəzlənməsidir”.

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl səsləndirib. O qeyd edib ki, Başkənd də, Kərki də Azərbaycan və Ermənistan dövlət sərhədindən 10 kilometrdən artıq bir məsafədə yerləşir: “Siz təsəvvür edin ki, Kərki kəndinə gedərkən və qayıdarkən erməni postlarından keçməliyik. Bu perspektiv narahatlıq və hətta deyərdim ki, təxribat mənbəyidir. O cümlədən Başkəndi onlara versək, ora yeddi kəndimizin içindən erməni keçib gələsi deyil. Və yaxud da ki, o yola Gədəbəyin iyirmi kəndi çıxır. Bu perspektiv isə təhlükə, təxribat deməkdir. Ona görə də ən yaxşı vəziyyətdə ərazi mübadiləsidir”.

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, anklavlar məsələsi bundan sonrakı prosesdə əsas düyün nöqtələrindən birinə çevriləcək: “Başkəndin ermənilərə verilməsi və ya Azərbaycanda qalması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Başkənd tarixi Azərbaycan torpağıdır. 1927-29-cu illərdə hissə-hissə Ermənistana örüş sahəsi kimi verilib. Sonradan Moskvada ali vəzifələrdə kök salmış ermənilər Zəngəzur istiqamətində 9 kəndi, Naxçıvan hissəsində 4 yaşayış məntəqəsini, eləcə də Başkəndi öz ərazisi kimi rəsmiləşdirə biliblər. Amma mövcud şəraitdə Başkənd Ermənistana verilə bilməz. Çünki həmin kənd strateji baxımdan olduqca əlverişli mövqedə yerləşir. Bu kəndin Ermənistana verilməsi Azərbaycanın Qərb rayonlarını gələcəkdə nə vaxtsa erməni ekstremizminin hədəfinə çevirə bilər. Çünki Ermənistan terror dövlətidir və işğalçı ölkənin yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəyinə heç kim zəmanət verə bilməz. Otuz illik işğal dövründə Ermənistan Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində ziyan vurub. İrəvan həmin ziyanın cüzi bir hissəsi müqabilində Başkəndin Azərbaycanda qalmasına razılaşmalıdır. Heç bir Azərbaycan vətəndaşı, müzəffər xalqımız indiki məqamda Ermənistana torpaq verilməsini həzm etməyəcək. Kərki kəndinə təhlükəsiz şəkildə gedib-gəlməyimiz üçün Ermənistan bizə quru torpaq sahəsi verməlidir. Kərki də qədim və əzəli Azərbaycan torpağıdır. Onun Başkəndin müqabilində güzəştə gedilməsi və ya dəyişdirilməsi fikri ilə razı deyiləm. Bütün anklavlar bizdə qalmalıdır. Həmin anklavlar isə Moskvadakı topoqrafik xəritələrlə eyniləşdirilmə aparıldıqdan sonra Ermənistan bizə quru yol ya zolaq açmalıdır. Fikrimcə, Ermənistan bütün bunları 30 il ərzində vurduğu 300 milyard dollardan artıq olan maddi ziyanın qarşılığı olaraq saymalıdır”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Başkəndin strateji əhəmiyyətini vurğuladı: “İstər Azərbaycan tərəfdən, istərsə də Ermənistan tərəfindən növbəti addımın anklavlarla bağlı olacağı anonsu artıq verilib. Azərbaycanın Ermənistan tərəfdə 3-ü Qazaxda (Sofulu Barxudarlı, Yuxarı Əskipara), 1-i Naxçıvanda olmaqla (Kərki) 4 anklavı, Ermənistanın isə Gədəbəy rayonunda yerləşən 1 anklavı (Başkənd) var. Bu anklavların adi qaydada qaytarılması ilə bağlı danışıqların asan olmayacağı indidən bəllidir. Bu torpaqlar SSRİ vaxtında anklav kimi müəyyən olunub və o zaman iki respublika arasında hər hansı sərhəd-keçid məntəqəsi olmadığından istər idarə olunma, istərsə də həmin kəndlərə gediş-gəliş çox rahat olub. Həmçinin açıq düşmənçilik də ortada yox idi. Hazırda isə SSRİ yoxdur, Ermənistan və Azərbaycan müstəqil respublikadır. Bu anklavlar qaytarılacağı halda, bir sıra ciddi problemlərlə üz-üzə qalmaq olar. Belə ki, SSRİ vaxtı ehtiyac olmasa da, indi torpaq qaytarılarsa, bu kəndərin əraziləri ayrı-ayrılıqda sərhəd dirəkləri ilə əhatə olunmalıdır, orada sərhədçilər qulluq etməlidir, ən əsası hər bir kəndin Azərbaycanın əsas hissəsinə qovuşması, eyni zamanda Başkəndin Ermənistanla əlaqəsi üçün mühafizə olunan yollar müəyyənləşməlidir və s. Bunun da indiki reallıqda həyata keçirilməsi çox çətindir. Amma dünya praktikasında ərazi mübadiləsi təcrübəsi də var ki, ondan da yararlanmaq olar. Yəni anklavları sahələrinə, strateji əhəmiyyətinə görə qruplaşdırırlar və bunun üzərindən danışıqlar aparmaqla çıxış yolu tapılır. Bizim anklavlar içində Ermənistan üçün vacib olan kəndlər var, Başkənd də bizim üçün strateji əhəmiyyət daşıyır. Gələcəkdə ərazilərin ölçüsü və digər bir çox məqamlar nəzərə alınmaqla bütün detallar hesablanıb. Başkəndlə hansısa anklavımızı dəyişə bilərik. Yerdə qalan digər anklavlarımızı isə sahəsinə, coğrafiyasına, eyni zamanda strateji əhəmiyyətinə görə tərəflərin razılaşdığı qaydalarda Azərbaycana bitişik Ermənistan əraziləri ilə dəyişdirə bilərik. Hazırkı situasiyada real görünən və dinc yolla həyata keçməsi mümkün olan variant budur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR