İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara Moskvanı yola gətirə biləcək?

619 05.02.2022 11:20 Yazarlar A A

Ötən həftənin sonlarında maraqlı xəbər yayıldı. Belə məlum oldu ki, Türkiyə prezidenti növbəti dəfə Rusiya prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət edib.

Siyasi müşahidəşilər bunu dərhal Kiyevlə Moskva arasında yaşanan gərginliklə bağladılar. Amma məsələ bundadır ki, səfərin vaxtı hələ ki dəqiq məlum deyil: prezident Vladimir Putin dəvəti qəbul edib və onun üçün əlverişli vaxta Ankaraya gələcəyini bildirib. Bu günlərdə isə məlum oldu ki, Putin əvvəlcə Çinə səfər edəcək və bundan sonra Ankaraya gələcək. Bunun mart ayında reallaşacağı gözlənilir.
Rusiya ilə Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliyə gəldikdə isə, hələlik bu, daha çox əsəb müharibəsinə bənzəyir, nəinki klassik hərbi qarşıdurmaya.

Amma hər iki tərəfdən hərbi qüvvələrin sərhədlərdə cəmləşməsi müşahidə olunmaqdadır. Üstəgəl, təkcə hərbi resursların yox, həm də diplomatik ehtiyatların səfərbər olması və qruplaşması davam edir.
Məlum olduğu kimi, son illərdə Türkiyə ilə Rusiya arasında müəyyən mülayimləşmə-istiləşmə müşahidə olunur. Hərçənd, burada “Ərdoğanla Putin arasında” yazmaq daha düzgün olardı. Çünki heç kim bir suala birmənalı cavab verə bilmir: iki ölkə arasındakı mülayimləşmə və yaxud yaxınlaşma nə qədər davam edəcək? Onlar Ərdoğandan və Putindən sonra da indiki səviyyədə qalacaqmı?

Təəssüf ki, biz də bu suallara cavab vermək iqtidarında deyilik. Təkcə onu deyə bilərik ki, çox şey Qərbdən və onun Türkiyəyə münasibətindən asılı olacaq. Qərb diplomatları bu günlərdə sanki Türkiyəni yenidən kəşf ediblər. Amerika diplomatları bəyan etdilər ki, Türkiyə onların bölgədə əvəzolunmaz müttəfiqidir. Ankara da qədim yunan stilində işarələr etməkdə davam edir, yəni işarə edir ki, Platon məmim dostumdur, amma həqiqət daha əzizdir.

1563353744_erdogan_putinn.jpg (140 KB)

Bəli, Türkiyə Rusiyaya başa salmaq istəyir ki, o, Ankara üçün çox vacib ölkədir, amma Moskva Kiyevə qarşı ədalətsiz davranır. Üstəgəl, Krımın ilhaqının ilk günlərindən Ankara dayanmadan bəyan edir ki, Krım Ukraynanın ayrılmaz hissədir. Eyni yanaşmanı bu günlərdə Ukraynada səfərdə olan prezident R.T.Ərdoğon bir daha təkrar etdi.

Buna baxmayaraq, Qərblə müəyyən problemləri olan prezident Ərdoğan Rusiya üçün cəlbedici siyasi fiqur kimi qalmaqda davam edir.

Əlbəttə ki, bəzi “romantik” rusiyalı siyasətçilərin arzuladığı kimi, Ankara NATO-nu tərk etməyəcək, o, NATO-nun Ukrayna problemilə bağlı qərarına da dəstək verəcək. Amma Rusiyada tədricən anlayırlar ki, türk amilini nəzərə almamaq olmaz, hətta “avrasiyaçılıq” ideyası yalnız Rusiya ilə türk dövlətlərinin ittifaqı sayəsində uzunömürlü ola bilər, çünki türk xalqları Rusiyanın təkcə daxili etnik palitrasının əsas çalarları deyil, eyni zamanda Moskvanın arxalandığı geosiyasi platsdarmdırlar.

Əlbəttə, Qazaxıstan hadisələrindən sonra bu cür mülahizələrdə bir növ “çat” yaranıb. Türk dövlətləri Türk Şurasını yaradandan sonra hamını bir sual maraqlandırırdı: buna Moskvanın reaksiyası nə olacaq?
Cavabı çox gözləmək lazım gəlmədi. Qazaxıstan hadisələri gündəmə gəldi və Rusiya (yaxud KTMT!) “sülhməramlıları” bu ölkəyə girdi. İndi üfüqdə başqa bir sual sayrışır: prezident Qasım Jomart Tokayevin gələcək siyasəti necə olacaq? Axı o, indi Qazaxıstanın tam sahibidir! Bu günlərdə keçmiş prezident Nursultan Nazarbayev hakim partiyanın da rəhbərliyini ona verdi. Amma Tokayev N.Nazarbayevin xarici siyasətini, xüsusən də onun türk vektorunu davam etdirəcəkmi?

Bu, asan sual deyil, çünki Tokayev hakimiyyətdə qalmaq üçün KTMT “sülhməramlı”larını dəvət etdi, yəni o, unutmayıb ki, Rusiya süngülərinin sayəsində hakimiyyətdə qalıb və özünün “siyasi qələbə”sinə görə Kremlə minnətdar olmalıdır.

Ona görə də prezident V.Putinin gələcək səfəri bu aspektdən də maraqlıdır. Düşünmək olar ki, Mərkəzi Asiyanın xalqları Avropadan uzaqda olduqları üçün Rusiya ilə ittifaqdan savayı onların başqa bir çıxış yolu, seçim imkanı və alternativi yoxdur. Amma belə deyil, alternativ var və bu, türk ittifaqıdır. Sadəcə, məsələ bundadır ki, türk dövlətlərinin inteqrasiya məsələsində nə qədər ardıcıl və əzmli olacağı məlum deyil. Son Qazaxıstan hadisələri onsuz da qorxaq və hakimiyyət üstündə əsən Mərkəzi Asiyanın cırtdan diktatorları üçün xəbərdarlıq olacaq, yoxsa bu xırda siyasi məxluqlar bir ara intensiv xarakter alan inteqrasiyanı yenidən, heç nəyə məhəl qoymadan davam etdirəcəklər?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR