İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara ilə İrəvanın ikinci cəhdi: alınacaqmı?..

511 21.12.2021 09:40 Yazarlar A A

Bəli, Azərbaycanla Ermənistanın münasibətlərinin tədricən normallaşmağa üz tutduğu xəbər verilən bu günlərdə belə deyilir ki, Türkiyə ilə Ermənistan da münasibətlərinin tənzimlənməsində ilk addımları atırlar: İstanbulla İrəvan arasında aviareyslərin açılması müzakirə olunur, münasibətlərin tənzimlənməsi səmtində çalışacaq ilk təmsilçilər təyin olunur.

Qeyd edək ki, Ankara artıq öz təmsilçisini təyin edib. O, Türkiyənin ABŞ-da keçmiş səfiri olan Sərdar Qılınc olacaq. İrəvan hələ bu xüsusda susur, amma ən müxtəlif mənbələrin məlumatlarına görə orada da bu səmtdə işlər gedir.

Etiraf edək ki, bu xəbərlər Azərbaycanda birmənalı qarşılanmadı və hətta belə sorğular səsləndi ki, Ankara tələsmirmi?

Yada salaq ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdu, amma sonuncu Azərbaycanla müharibəyə başlayandan sonra bütün təmaslar dondurulmuşdu. Yalnız bir neçə il bundan əvvəl eşitdik ki, Ankara və İrəvan münasibətlərin normalllaşması səmtində danışıqlar aparır və hətta bu xüsusda Sürix protokolları adlanan sənədlər də imzalanıb, amma bu sənədlər ölkələrin parlamentlərində ratifikasiya olunmadı.

İndi əsas budur ki, Türkiyə Azərbaycanla əlaqəli hərəkət etsin və bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, belə də olacaq. Burada qeyd edək ki, Türkiyənin özünün Ermənistanla bir xeyli problemi var. İrəvan Ankaraya qarşı da ərazi iddiaları irəli sürür və bu, hətta onun gerbində və konstitusiyasında da əks olunubdur.

Sözsüz ki, qondarma “erməni genosidi”ni də unutmaq olmaz. Sonuncunu hətta ABŞ da tanıdı. Ona görə də biz Türkiyə Ermənistan münasibətlərinin perspektivinə elə də optimist baxmırıq: aydın məsələdir ki, bu müstəvidə də nə vaxtsa mülayimləşmə olmalıdır, amma bununçün İrəvan özünün bir əsrlik sərsəmləmələrindən əl çəkməlidir.

Bəs Azərbaycan- Ermənistan müstəvisində nələr gözlənir? Bununla bağlı da müəyyən tərəddüdlər var, amma proses nisbətən sadədir: əgər İrəvan Bakının tələblərini nəzərə almasa daha bir zərbə olacaq, hansı ki, İrəvanın ərazi iddialarına birdəfəlik nöqtə qoyacaq.

Qeyd edək ki, dünya birliyi də Bakını müdafiə edir və biz buna Brüssel sammitləri zamanı əmin olduq. Amma Türkiyənin müvafiq addımları olmadan regional münasibətlərin çözümü tam olmayacaq. Ona görə də İrəvan hər şeyi ölçüb-biçməlidir. Sürix protokollarının təcrübəsi göstərdi ki, tərəflər prinsipcə, danışa bilərlər, yetər ki, bunun üçün istək olsun.

Əlbəttə, çətin ki, İrəvan özünün bir əsrlik genosid sayıqlamalarından əl çəksin. Amma onlar bununla nəyə nail olacaq? Əlbəttə ki, heç nəyə! Ona görə də İrəvanda başa düşməlidirlər ki, sayıq və real siyasi qərarların vaxtı yetişibdir.

Sözsüz, Ermənistan hakimiyyətindən, şəxsən Paşinyandan çox şey asılıdır. Hiss olunur ki, o, reallıqla ayaqlaşmaq istəyir və anlayır ki, regional münasibətlər normallaşmadan ölkəsi böhrandan çıxmayacaq. Əlbəttə, ona müxalifət mane olur. Amma bu ona əngəl olmamalıdır, çünki siyasət populist çağırışlar deyil, mümkün olanın sənətidir və o da mümkün və lazım olanı etməlidir.

Prosesdə Rusiyanın roluna gəldikdə, Moskva razı qala bilər: Bakı Avropa İttifaqı ilə saziş imzalamadı. Odur ki, Moskva Soçidə danışılan məqamları inkişaf etdirməyə çalışacaq. Üstəgəl, Zəngəzur dəhlizi Moskvanın özünə də çox dividentlər vəd edir: o, Ermənistanı Avrasiya İttifaqı ilə birləşdirəcək, İrana çıxış olacaqdır...

Bir sözlə, növbəti il siyasi baxımdan çox məhsuldar olmalıdır. Amma problemləri təqvimlər həll etmir, onları praqmatik siyasətçilər çözür- bəli, o siyasətçilər ki, təqvimə zamandan geri qalmamaq üçün baxırlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR