İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Əsədlini həbsə aparan HEYRƏTAMİZ FAKTLAR - Elçibəyin köməkçisi hər şeyi açıqladı VİDEO

4369 22.04.2023 18:02 Müsahibə A A

“Anar Əsədlinin yaxınları bu məsələni siyasiləşdirməyə çalışır, lakin...”

“Yalnız o halda şikayətimi geri götürməyi düşünərəm ki...”

Xəbər verdiyimiz kimi, aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Partiya sədri dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Anar Əsədlinin həbsi ilə bağlı Musavat.com-a müsahibə verərək, sual doğuran bir sıra məsələlərə aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

- İstərdik ki, daha əvvəldən başlayasınız. Necə oldu ki, bu hadisə baş verdi?

- Bildiyiniz kimi, 7 aydır hüquqi proses başlanıb. Keçən müddət ərzində mən  bu məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınmağa çalışaraq düşündüm ki, məsələ normal şəkildə həllini tapa bilər və başqa yönə istiqamətləndirilməz. Lakin həm bu müddət ərzində, həm də Anar Əsədlinin həbsi ilə bağlı informasiya yayıldıqdan sonra onun yaxınları tərəfindən “Facebook”-da paylaşılan müxtəlif statuslarda mən bu günə qədər olan düşüncənin dəyişmədiyini gördüm.

Əvvəla belə bir hadisənin baş verməsinə təəssüf edirəm. Çünki Anar Əsədli ilə bizim uzun müddət münasibətlərimiz olub və bunun nəticəsində hansısa iş birliyimiz yaranıb. Təəssüf ki,  sonda belə bir nöqtəyə  gəldik. Ötən gün Anar Əsədlinin müavinin “Facebook” statusunu oxuduqdan sonra düşündüm ki, artıq hüquqi proseslərdə bir mərhələ bitib və cəmiyyət üçün müəyyən aydınlıqlar gətirmək lazımdır. Çünki Anar Əsədlinin ətrafı, yaxınları o cümlədən vəkilləri hüquqi prosesdən yayınaraq, məsələni siyasiləşdirməyə cəhd etdilər. Hansı ki, burada heç bir siyasi məsələdən söhbət gedə bilməz. Bizim aramızda baş verənlər iş görmək adı ilə götürülmüş vəsaitin  geri qaytarılmaması məsələdir ki, sonda bizi hüquq mühafizə orqanlarına gətirib çıxardı. Bunun da məsuliyyətini mən daşımıram. Çünki mən şikayət edənə qədər Anar Əsədliyə və yaxınlarına dəfələrlə bildirdim ki, məsələni  aramızda mövcud olan münasibətlərə uyğun olaraq normal qaydada həll etsinlər və bizi başqa ünvana  yönəltməsinlər. Lakin əvəzində başqa mənzərə ilə qarşılaşdım. Ötən ilin oktyabr ayında hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra sosial şəbəkələrdə və ictimai rəydə mənə qarşı mənəvi terror başladıldı. Bizim müraciətləri guya hansısa dövlət qurumu tərəfindən təşkil olunmuş şikayət,  Anar Əsədliyə qarşı siyasi təzyiq adlandırıb, məsələyə başqa don geyindirməyə çalışdılar. Ötən gün  onun müavini eyni davranışla  “Facebook” sosial şəbəkəsində status yazdı ki, “hər şey gözəl olacaq, Azərbaycanda partiya liderinin həbs olunması ilk dəfə deyil, yaxın zamanlarda hər kəs öz saatlarını AY saatına uyğunlaşdıracaq” və sairə kimi siyasi dəyərləndirmə. 

WhatsApp Image 2023-04-22 at 16.17.36.jpeg (198 KB)

- Gizlin deyilsə, açıqlayardınız. Anar Əsədli sizdən nə qədər pul almışdı? Bəzi iddialar var ki, bu pulu partiya işlərinə xərcləyib. Başqa versiyalar da var ki, şərik biznes qurmaq istəmisiniz. Bu iddiaların hansı doğrudur?

- Anar Əsədli ilə bizim tanışlığımız 1997-ci ilə təsadüf edir. Həmin dövrdə onunla mərhum eks-prezident Elçibəylə Kələkidən qayıtdıqdan sonra tanış olmuşuq. Daha sonra münasibətlərimizdə yaxınlaşma baş verib. Onun ictimai-siyasi fəaliyyətində  müəyyən yardımlarım, dəstəyim olub.

2016-cı ildə Anar Əsədli mənə Türkiyədə “ev alqı- satqısı, təmiri” biznesi ilə məşğul olduğunu bildirərək, ortaq işləməyi təklif edərək  bununla əlaqədar olaraq məndən üst-üstə 150 min ABŞ dolları vəsait alıb. Vəsaitin qaytarılması üçün bir əvvəldən xəbərdar etmənin yetərli olacağını deyib. Bir müddət sonra Anar Əsədli bildirib ki, Türkiyədə iqtisadi vəziyyət yaxşı olmadığına görə 2018-ci ilin sentyabrın sonlarında həmin vəsaiti Azərbaycana qaytarıb və burada qızıl-zinət əşyalarının satışı ilə məşğul olan qohumu ilə birgə biznes işinə yatırıb. Bundan əlavə, həmin vəsaiti alan zaman guya bu vəsaitin 50 min dollarını da Türkiyədə xəstəxana tenderi xərclərinə yönəldib. Ondan sonrakı dövrdə müşahidə etdim ki, Anar Əsədlinin dedikləri ilə əməlləri uyğun gəlmir və 2020-ci ilin sonlarında mənə məlum oldu ki, onun digər şəxslərlə pul məsələsində problemləri var. 2021-ci ilin yanvarında ondakı  vəsaiti nə zaman qaytaracağı ilə bağlı soruşanda  bildirib ki, 2021-ci ilin mart ayında qaytaracaq. Lakin  mart ayında  qaytaracağı vaxtı iyun ayı, iyunda  isə sentyabrda qaytaracağını deyib. Sentyabrda razılaşdıq ki, noyabr ayının əvvəlində vəsait tam şəkildə geri qaytarılsın. Lakin sonrakı dövrdə Anar Əsədli bu istiqamətdə heç bir addım atmadı, 2022-ci ilin mart ayından başlayaraq artıq mənimlə təmaslardan yayındı, buna görə də məsələ daha gərgin xarakter aldı.

- Son olaraq Anar Əsədli ilə nə zaman danışmışdınız?

- Son olaraq üzbəüz görüşümüz ötən ilin mart ayında olub. Daha sonra isə oktyabrın 28-də, yəni biz artıq şikayət verdikdən sonra görüşmüşdük.

- Sizə nə deyirdi? Bu pulu niyə qaytara bilmirdi. Özünün hər hansı bir formada izahatı var idimi?

- Aramızda olan danışıqlarda, yazışmalarda bildirirdi ki, guya 1 gün, iki gün, 1 saat, 2 saatdan sonra qaytaracaq. Bu cür vədlər verərək deyirdi ki, guya pul gələcək, borcunu göndərəcək. Amma bunların olmadı. Daha sonra iyun ayında faktiki olaraq pulu  qaytarmaqdan imtina etdiyini bildirdi. Hələ o zaman hüquq mühafizə orqanlarına müraciət etmək haqqında düşündüm. Lakin ortaq tanışlarımız dövriyyəyə girdilər, onunla söhbət apardılar və öhdəlik götürdü ki, sentyabr ayında bu vəsaiti tam şəkildə geri qaytaracaq. Amma yenə vədinə əməl etmədi.

Sonuncu dəfə oktyabrdakı görüşümüzdə ondan soruşanda ki, nədən borcu ödəməkdən qaçır? cavabı “pul yox idi”  oldu. Mən əvvədən təklif etmişdim ki, oturub məsələni danışaq. Təəssüf ki, Anar Əsədli o zaman da mənim bu təklifimdən imtina etmişdi.

Bir dəfə yazdığı mesajda bildirmişdi ki, guya evini satışa çıxarıb, onu satıb, borcunu qaytaracaq. Təbii ki, bu baş vermədi. Hətta torpaq sahəsi olduğunu, onu borc əvəzi mənim adıma keçirmək istədiyini və həmin torpaq sahəsinin çox bahalı olduğunu demişdi. Cavabımda demişdim ki, əgər belədirsə, sən o torpaq sahəsini sat, pul şəklində mənə  qaytar. Biz həmin əraziyə onun yaxınları ilə mütəxəssislər aparmışdıq və dəyərləndirmə zamanı bildirilmişdi ki, torpaq sahəsinin qiyməti Anar Əsədlinin dediyi qiymətdən dəfələrlə ucuzdur.

Anar Əsədlinin bu gün həbsdə oturmağının səbəbi yalnız biz şikayətçilər ilə bağlı deyil. Onun vəkilləri, partiyada ətrafında olan bir çox şəxslərin davranışı ilə bağlıdır. Onlar hüquqi olan bu məsələni siyasiləşdiməyə cəhd etdilər. Guya Anar Əsədli müxalif lideri imiş, hakimiyyətə təhlükə yaradırmış və məhz buna görə ona bu cür təzyiq edilir. Əlbəttə ki, bu, tamamilə yanlış yanaşmadır. Qeyd etdiyim kimi, bu məsələnin bu həddə çatmasında onun vəkillərinin də rolu var. Belə ki, vəkilləri onu inandırıblar ki, burada heç bir hüquqi əsas yoxdur və açıq şəkildə vəkillərimə demişdilər ki, “bu istintaq hamısı boş şeydir, onun əməlində heç bir cinayət tərkibi yoxdur”. Bundan sonra isə arada olan bütün əlaqələr tamamilə kəsildi.

Çox təəssüf. Amma bu, Anar Əsədlinin özünün seçimi oldu. Biz heç istəməzdik ki, məsələ bu yerə gəlib çıxsın.

- Anar Əsədli ilə üzləşmisinizmi? İstintaqda iştirak edirsinizimi?

- İstintaqa müraciət etdikdən sonra dəvət olunmuşam, izahatmı vermişəm. Daha sonra yenə bəzi məsələlərin dəqiqləşdiriməsi ilə bağlı çağırılmışam və verilən suallara aydınlıq gətirmişəm. Anar Əsədli üzləşmədə iştirak etməyib.

- Yəni bundan imtina edib?

- Görünür ki, belədir.

- Sizdən başqa bu məsələdə daha kimlər var?

- Məndən başqa İlham Hüseynov var və onun adı artıq mətbuata məlumdur . İlham Hüseynov Zəngilan rayonun keçmiş icra başçısı və vaxtilə Anar Əsədlinin seçki qərargahında önəmli şəxslərdən biri olub. Mətbuatdan oxuduğum məlumata görə artıq 4 nəfərin şikayəti istintaqa daxil olub. Hər halda istintaq işi gedir, daha başqa nüanslar ortaya çıxa bilər.

- Bir partiya sədrinin həbs olunması böyük hadisədir. Bunun səs-küyündən qorxmursunuz? Özünüzü nə qədər haqlı hesab edirsiniz?

- Əlbəttə ki, istənilən şəxsin həbs olunması xoş deyil, xüsusilə də Anar Əsədli ilə bizim münasibətlərimiz olub. Lakin mən vicdanım qarşısında çox rahatam ki, Anar Əsədliyə qarşı  səbirli və dürüst davranıb, ona sona qədər şans tanıdım. Təəssüf ki, o, bunların heç birini dəyərləndirmədi. Əksinə, şəxsimə qarşı sosial şəbəkələrdə mənəvi terror aparıldı, onun müavinləri tərəfindən haqqımda ağlagəlməz iddialar səsləndirildi, barəmdə təhqiramiz ifadələr yazıldı. Mən bunların hamısını sinəmə çəkib, dayandım. Mənim nə Anar Əsədli, nə də yaxınları qarşısında heç bir başıaşağılığım yoxdur. Çünki dəfələrlə birgə oturub bu məsələni həll etməyi xahiş etdim. Hətta bildirmişdim ki, borc aldığım şəxslərin pullarını geri qaytarsın, mənə aid olan hissənin qaytarılması ilə bağlı  öz aramızda bir qrafik müəyyən edək. Sadəcə olaraq, Anar Əsədli bütün yolları qapadıb, mənə başqa yol buraxmadığından məcbur olub hüquq mühafizə orqanlarına müraciət etdim.

Əlbəttə ki, siyasi partiya liderinin həbs olunması kifayət qədər ciddi hadisədir və buna görə istintaq bu qədər uzun çəkdi. Araşdırmalar  kifayət qədər dəqiq aparılmağa cəhd edildi ki, sonradan hansısa bir əlavə problem çıxmasın. Hər kəs etdiyi əməllərə görə qanun qarşısında cavabdehdir. Hamımız qanun qarşısında bərabərik, heç birimizin qanundan üstün mövqeyimiz yoxdur.

- Əgər Anar Əsədli borcunu ödəyərsə, şikayəti geri götürərsinizmi?

- Əvvəllər də bildirmişdim ki, bu məsələdə  kifayət qədər tolerantam, güzəştlərə hazıram. Təəssüf ki, bunun qarşılığını görmədim. Əlbəttə ki, Anar Əsədli və yaxud yaxınları konkret addımlar atsalar, ondan sonra bu barədə düşünmək olar.

Digər məsələ ondan ibarətdir ki,  mənim müraciətimdən sonra Anar Əsədlinin yaxınları, vəkili tərəfindən bir evin mənim adıma keçirilməsi təklifi ortaya çıxanda, təkrarən bildirdim ki, həmin mənzil satılsın, mənə pul verilsin. Amma bu addım atılmadı. Sonradan vəkilin etirafı ilə aydın oldu ki,  belə bir  plan qurulub ki, həmin mənzil mənim adıma keçiriləndən sonra, hüquqi proses dayanır, işə xitam verilir, bundan bir müddət sonra həmin evin sahibi olan  Anar Əsədliyə yaxın şəxs məhkəməyə müraciət edirək evin mənim adıma keçirilmə prosedurunu ləğv etdirir və ev sahibinə qaytarılır. Məhz bu davranışlar məsələnin mənzərəsini bir qədər dəyişdi.

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

WhatsApp Image 2023-04-22 at 16.17.37 (1).jpeg (150 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR