İnsanlara hürriyət, millətlərə istiqlal!

Viza mövzusu və terror tanımı məsələsi Brüssellə Ankaranı qarşı-qarşıya gətirib

3843 09.05.2016 01:55 Analitika A A
Avropa Birliyi-Türkiyə münasibətləri gərginləşir

İtaliyanın keçmiş baş naziri, Avropa Komissiyasının eks-prezidenti Romano Prodi Türkiyə haqqında tənqidi məqalə yazıb. Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluq münasibətləri olan Prodinin “Il Messaggero” qəzetində yayımlanan yazısı Türkiyə-AB münasibətləri və yaranmış gərginliyə həsr olunub. 

BBC-nin məlumatına görə, məqalədə son illərdə Türkiyədə iqtisadiyyatın inkişaf etdiyini, ölkənin infrastrukturunun yeniləndiyi, ancaq bununla birlikdə avtoritarizm meyllərinin də gücləndiyi qeyd olunur. 

Bu proses isə, Prodiyə görə, Ankaranı Brüsseldən uzaqlaşdırır: “Ərdoğan iqtidara gələrkən onu Türkiyədə demokratikləşmə prosesini daha da irəli aparacaq biri olaraq qarşılamışdıq. Ancaq gedişat dəyişdi və Ərdoğan hər cür müxalifəti sərt şəkildə əzdi. Getdikcə avtoritarizmə daha çox meylləndi”. 


Prodiyə görə, Avropa Türkiyə ilə müzakirələri dayandırsa da, qaçqınlar böhranı Avropanı Türkiyə ilə danışıqlar aparmağa məcbur edir: “Hər an Avropaya yönləndirilə biləcək 2 milyon qaçqın Türkiyənin həqiqi bir nüvə silahıdır”.

Bundan başqa Prodi baş nazir Əhməd Davudoğlunun vəzifədən istefa verməsi, jurnalistlərin məhkum edilməsi mövzularının Türkiyə ilə müzakirələrə mənfi təsir edəcəyini qeyd edib. O, yazıb ki,  Ankara-Brüssel danışıqları hələ uzun müddət davam edə bilər. 
Qeyd edək ki, qaçqınlar mövzusu Türkiyə ilə AB arasında müzakirələri aktivləşdirsə də, proses yenidən “ilişib”. Məsələ burasındadır ki, Türkiyə Avropadan qaçqın anlaşması qarşılığında ölkə vətəndaşları üçün Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş haqqı tələb edib. Avropa Birliyi isə bunu 72 kriterin yerinə yetirilməsindən sonra mümkün olacağını bəyan edib. Türkiyə bu şərtlərin böyük əksəriyyətini yerinə yetirsə də, son olaraq terror qanunu ilə bağlı Ankara və Brüssel arasında yenidən anlaşmazlıq yaranıb.

 
Məsələ ondadır ki, Türkiyə hökuməti ilə Avropa Birliyi arasında terror tanımı mövzusunda fikri ayrılığı var. Keçən həftə prezident Ərdoğan bildirib ki, Avropa Birliyi Türkiyə hökumətinin terrorla mübarizə qanununu dəyişdirməsini tələb edir. Türkiyə prezidenti açıq şəkildə bu tələbi və Avropa Birliyi ölkələrinin PKK-nın fəaliyyətinə göz yummasını tənqid edib. Ərdoğan deyib ki, bu vəziyyət Avropa ilə anlaşmanın taleyini sual altına qoyub. 



Sitat: “Terrorçulara çadır qurduracaqsan, bunu demokratiya adına etdiyini, bizə isə “viza üçün terror qanunu dəyişdirin” deyəcəksən. Biz yolumuzla gedirik, sən yoluna get, kiminlə anlaşa bilirsənsə, anlaş”.

BBC-nin məlumatına görə, Avropa Birliyi Komissiyası Türkiyənin hazırkı terrorla mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə qanunlarının Avropa İnsan Haqları Bəyannaməsi, Avropa məhkəməsi qərarları və yerli qanunlara uyğunlaşdırılmasını tələb edir. Eyni zamanda AB Komissiyası Türkiyə qanunlarında terror anlamının “çox geniş” olduğunu bildirir bunun daha dəqiq və dar izahını istəyir. Avropa terror tanımının əsasən konkret olaraq cinayətə qarışmış, terror, silahlı hücum törətmiş insanlara şamil olunmasını istəyir. Türkiyə qanunları isə silahlı terrorçularla yanaşı terroru dəstəkləyən, separatizm çağırışı edən, buna dəstək verən şəxslərin terrorçu olaraq məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Ancaq Ərdoğanın açıqlaması onu göstərir ki, Ankara və Brüssel arasında bu mövzularda anlaşma əldə etmək elə də asan olmayacaq. Ərdoğanın şəxsi dostu olan Prodinin bu mövzuda məqalə yazması Avropanın Türkiyə ilə anlaşması yolunda ciddi maneələrin olduğunu göstərir. 


Ancaq burda ittihamı yalnız Türkiyəyə qarşı yönəltmək doğru olmazdı. Görünən odur ki, Avropa Birliyi ölkələri də Türkiyə ilə anlaşmaya meylli deyil. Bu mənada Avropa ilə anlaşmaları yerinə yetirməyən Türkiyə üçün viza rejiminin ləğv olunması real görünmür, çünki Birlik üzvü ölkələrin böyük qismi Türkiyə ilə bu mövzuda əməkdaşlıqda maraqlı deyil. Amma Prodinin etiraf etdiyi kimi Avropa indi suriyalı qaçqınların Qoca Qitəyə axınından çox qorxur və bu səbəbdən də ən azı, müzakirələri davam etdirəcək. Türkiyə rəhbərliyi isə bu vəziyyəti anladığı üçün Avropa ilə daha açıq və qəti danışır, tələblərini sərt şəkildə səsləndirir. Bu isə istər-istəməz vəziyyəti daha da gərginləşdirir. Üstəlik, ölkə daxilində baş verənlər Avropada Türkiyəyə qarşı tənqidi çıxışların sayını daha da artırır. 



Kənan Rövşənoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR