İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə gündəmi: Rusiya-Türkiyə münasibətlərində ilk yumşalma işarəsi və başqa olaylar...

3135 21.04.2016 00:54 Analitika A A
Ordu daha bir rayonu terrorçulardan təmizlədi; MHP sədrliyi uğurunda mübarizə daha da qızışır...

Türkiyə gündəmi hər zamankı kimi 20 aprel günü də qaynar oldu. 

Ölkənin cənub-şərqində antiterror əməliyyatlarının davam etdiyi bir vaxtda, ictimai-siyasi proseslər də hər zaman olduğu kimi hərəkətlidir. 

Aprelin 20-də Türkiyə ordusu Baş Qərargahı Hakkari vilayətinin Yüksəkova rayonunda antiterror əməliyyatlarının başa çatdığını açıqlayıb. Martın 13-dən rayonda başlayan təmizlik əməliyyatları prosesində Cümhuriyyət, Orman, Məzarlıq, Əski Kışla, Yeni, Yaşıl dərə, Esentepe, Güngör və Dizə məhəllələrində PKK-lıların qurduğu barrikadalar ləğv olunub, partlayıcı qurğular zərərsizləşdirilib. 

Ancaq rəsmi məlumatda bildirilir ki, komendant saatı davam edəcək. Rayon ərazisində minaların təmizlənməsi, axtarışlar davam etdiriləcək. Baş Qərargahın məlumatında vurğulanır ki, rayonda davam edən əməliyyatlar zamanı 196 PKK terrorçusu öldürülüb, bundan başqa 286 əldə düzəlmə partlayıcı məhv edilib, 214 barrikada və 135 xəndək ləğv olunub. 619 ədəd müxtəlif növ silah, 46 669 ədəd patron və mərmi, 35 rabitə vasitəsi, 2220 kq partlayıcı ələ keçirilib.


Eyni zamanda, Türkiyənin digər bölgələrində də antiterror əməliyyatları davam etdirilib. Türkiyə polisinin terrorla mübarizə bölmələri sosial şəbəkələrdə PKK təbliğatı aparan, dövlət rəsmilərini təhqir edən şəxslərə qarşı əməliyyat həyata keçirib. Polis Qaziantep vilayətinin Nizip rayonunda və Şanlıurfa vilayətində 9 şübhəlini həbs edib. 

****
Son aylarda Türkiyə cəmiyyətinin əsas müzakirə mövzularından biri olan Karamanda uşaq istismarı hadisəsi ilə bağlı məhkəmə qərarı bu gün bilinib. Karaman vilayətində Ənsar vəqfinə məxsus , yeniyetmələr üçün təhsil kurslarından birində 50 yaşlı müəllim Məhərrəm Böyüktürk 10 oğlan uşağına təcavüzdə ittiham olunur. 


Aprelin 20-də keçirilən məhkəmə 9 saat davam edib və hakim seksual manyak barəsində 508 il həbs cəzası qərarı verib. Ancaq hüquq müdafiəçiləri və müxalifət fəalları məhkəmənin tez-tələsik başa çatıdırılmasını hakimiyyətə yaxın olan vəqfin qorunması kimi qiymətləndiriblər. 

****

Bu arada məlum olub ki, noyabrın 24-də Rusiya təyyarəsinin vurulmasından sonra ilk dəfə Türkiyədən rəsmi heyət Rusiyaya səfər edəcək. Bu barədə Rusiyanın “Rosselxoznadzor” dövlət qurumunun rəis müavini Aleksey Alekseyev mətbuata açıqlama verib. Rusiya rəsmisi bildirib ki, səfərin məqsədi Türkiyə meyvə və tərəvəzinin Rusiyaya göndərilməsi mövzusunu müzakirə etməkdir. 

****
Türkiyənin köklü siyasi partiyalarından olan Milliyyətçi Hərəkat Partiyası daxilində başlayan yeni seçki mübarizəsi getdikcə şiddətlənir. Partiyanın yeni qurultaya getməsini tələb edən qrupun iddiası əsasında məhkəmə qərarı ilə təyin olunan Qəyyum heyəti mayın 15-nə qurultay təyin edib. Ancaq hazırkı rəhbərlik qərarla razı deyil. Bu arada sədrliyə əsas iddiaçılardan olan keçmiş viste-spiker və daxili işlər naziri Meral Akşener barəsində olan iddialara sərt şəkildə cavab verib. 


Ötən gün seçim fəaliyyətləri ilə əlaqədar Hatay vilayətində olan Akşener hakim partiyanın MHP-nin hazırkı rəhbərliyi müdafiə etdiyini iddia edib. Barəsindəki “paralelçi” iddialarını kəskin dildə qınayan eks-spiker bu iddianı irəli sürənləri “yamuk” (əyri) adlandırıb.

****
Dünən Türkiyədə yadda qalan hadisələrdən biri də İstanbul yolunu asanlaşdıracaq layihələrdən biri – İzmit körfəzi üzərindən keçən körpünün tikintisinin başa çatması olub. Aprelin 21-də körpünün rəsmi açılış mərasimi keçiriləcək. 2682 metr uzunluğundakı asma körpü may ayından nəqliyyatın istifadəsinə veriləcək. Bu körpü İstanbula gedən yolu xeyli qısaldır. Buna qədər İstanbula gedənlər İzmit körfəzini 2 saata dolaşmalı olur, yaxud da bərə ilə 1 saata keçirdilər. 


Ancaq yeni körpü vasitəsilə bu məsafə 6 dəqiqə ərzində keçiləcək. Amma bu havayı olmayacaq. Körpüdən istifadə qiyməti 120 lirə və ya 35 dollardan bir qədər çox edəcək. Bu isə bir çox insanın istifadəsini çətinləşdirəcək.



Kənan, Ankara 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR