İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyamın ən böyük zərbəsi Türkiyə ordusuna dəyib

1852 27.07.2016 10:21 Analitika A A
Türkiyədə 15 iyulda baş verən qiyam cəhdindən sonra heç şübhəsiz ki, ən böyük zərbələrdən biri Türkiyə ordusuna dəydi. Ordu içinə yerləşmiş bir qrup zabitin təşkil etdiyi hərbi çevriliş cəhdi nəticəsində Türkiyədə və türk dünyasında böyük dəstəyə sahib, NATO-nun ikinci ən böyük ordusu və dünyada ilk “onluğa” daxil olan Türkiyə ordusu ciddi zərbə aldı. 

Son məlumatlara görə, qiyam cəhdində şübhəli bilinərək həbs olunanların sayı 8831 nəfərə çatıb. Bunlarla yanaşı, saxlanılanlar arasında 163 general və admiral da var. Nəzərə alsaq ki, Türkiyə ordusunda fəaliyyətdə olan 358 general və admiral var, o zaman rəqəmin böyüklüyünü yazmağa gərək qalmır. 

Ancaq təbii ki, ən böyük zərbə ordunun birliyi, bütünlüyü, ictimaiyyət arasındakı nüfuzu və siyasi təsir gücünə dəyə bilər. Doğrudur, indi Türkiyə hakimiyyəti də baş verənlərin bəzi dairələrdə fonunda qəsdən və ya ümumi prosesin fonunda ordunun nüfuzuna da zərbə vurulduğunu anlayır. Bu səbəbdən də siyasi hakimiyyət bütövlükdə ordunun ictimai qınağa məruz qalmaması üçün bu cinayətin kiçik bir qrup tərəfindən törədildiyini vurğulayır. Ancaq bu nə qədər mümkün olacaq, indi onu demək çətindir. Ordunun içərisində Baş Qərargah rəisinin yavərlərinə qədər, generallar içərisində cinayətkar qrupun yerləşməsi fikri ictimaiyyətdə ciddi müzakirələrə və ümidsizliyə səbəb ola bilər. Bu səbəbdən də indi Türkiyədə dövlət orqanlarını və ordunu təmizləməklə yanaşı, onun nüfuzunu qoruyub saxlamaq da ciddi vəzifəyə çevrilib. 

Türklər tarix boyu savaşçı bir xalq obrazına malik olmaqla birlikdə, əsgər, ordu dövlətin dayağı, xalqın güvənc yeri kimi qəbul olunub. Türk milləti isə savaşçı xalq olaraq bunu tarix yaddaşı kimi qəbul edir. Bu səbəbdən də ordu kultu hətta modern respublika dönəmində belə xalq arasında inam, güvən yeri olub. Türkiyədə “əsgər ocağı” deyilən ifadə xalqın orduya inamının bir göstəricisi olub. Mustafa Kamal Atatürkün işğal ordularına qarşı savaşı, Türk xalqını bir əsgər xalq kimi, savaşaraq qalib gəlməsi nəticəsində Türkiyədə cümhuriyyətin qurulması sonrakı tarixdə də orduya inam və hərbə ehtiramı qoruyub saxlayıb.

Buna qədər Türkiyədə bir neçə dəfə hərbi çevriliş baş versə də, insanlar arasında orduya güvən və inam sarsılmayıb. MHP sədri 15 iyul olayları zamanı bir gəncin yerdə uzadılmış əsgərin (güman ki, döyülərək) başı üzərində “bozqurd” işarəsi tutan gənci dərhal həbs edib cəzalandırmağı tələb edən çıxışı internetdə böyük dəstək topladı. MHP sədri bu çıxışında bir maraqlı etiraf etdi. Baxçalı dedi ki, hətta bundan əvvəlki hərbi çevriliş zamanı günahkar olduğunu bilsələr də, orduya heç kim əl qaldırmayıb. Ancaq 15 iyulda bu vəziyyət fərqli oldu. İlk olaraq Türkiyə ordusuna məxsus hərbçilər xalqa atəş açdılar. Sonra isə olanlar bəllidir. İndi isə Türkiyə ictimaiyyətin bu vəziyyətdən necə çıxacağı əsas suallardan birinə çevrilib.

 Yuxarıda da qeyd etdiyimiz kimi, cümhuriyyət dönəmində Türkiyədə ordu hər zaman dövlətin əsas gücü olmaqla yanaşı, konstitusiya səviyyəsində xüsusi haqlara sahib olub, hökumətin və siyasi hakimiyyətin təsirindən uzaq qalıb. Ancaq bununla belə ordu bir neçə dəfə hərbi çevrilişlə siyasətə qarışıb. Bunu isə dövlətin çətin vəziyyətində müdaxilə olaraq əsaslandırıb. Buna baxmayaraq xalq arasında nüfuzunu qoruyub saxlayıb. 

Türkiyədə bir qayda olaraq sosial sorğularda Türkiyə ordusu və ya qısa adı ilə TSK ən güvənilən dövlət qurumu olub. Sosial sorğularda bir qayda olaraq TSK cüzi istisnalar xaric hər zaman 70 faiz və daha çox dəstək alıb. Ancaq bəzi dövrlərdə bu dəstək müəyyən qədər azalıb. 1990-cı illərdə olan azsaylı sosial araşdırmalara görə, Türkiyədə orduya güvən 85-90 faiz arasında dəyişib. Ancaq bu rəqəm 2000-ci illərin əvvəllərində müəyyən enişə səbəb olub.  

Məsələn, beynəlxalq araşdırma şirkəti olan “İpsos KMG” tərəfindən 2007-2010-cu illər arasında aparılan araşdırmaya görə, 2007-ci ildən etibarən orduya güvən azalmağa başlayıb. 2009-cu il sorğusuna görə, 73 faizə düşüb. Burda hökumətlə ordu arasında gərginlik və “E-muhtıra” deyilən, ordunun hökumətə qarşı təzyiq hadisəsinin rol oynadığı ehtimal olunur. 

Sonrakı illərdə “Ergenekon” və “Balyoz” məhkəmə prosesləri və onlarla general da daxil olmaqla çoxlu sayda zabitin dövlət çevrilişi cəhdi ittihamı ilə həbs olunması orduya güvənə mənfi təsir edib və bu da sosial sorğularda əksini tapıb. 

Ancaq sonrakı illərdə, xüsusən də “Ergenekon” prosesinin dayandırılması, ittiham olunan generalların bəraət almasından sonra ordunun nüfuzu yenidən yüksəlib. Məsələn, SONAR araşdırma şirkətinin 2015-ci ilin yanvarına hazırladığı sorğuya əsasən Türkiyə əhalisinin 83,6 faizi orduya güvənir. Bu dövlət orqanları arasında ən yüksək etimad göstəricisi hesab olunur. 

Yenə də SONAR-ın 2016-cı ilin aprelində açıqladığı rəy sorğusuna əsasən Türkiyə əhalinin 84,2 faizi TSK-ya güvənir. Bu, Türkiyədə dövlət qurumlarına olan ən böyük dəstək olub. İkinci sırada gələn polis yalnız 67,5 faiz əhali güvənib. Hökumətə isə cəmi 49 faiz güvənilib.

Göründüyü kimi, son illərdə ordu Türkiyədə ən güvənilən bir qurum olub. Ancaq aydın məsələdir ki, son çevrilişdən sonra bu rəqəmdə də azalma olacaq. Hökumətin bu narahatlığı diqqətə alaraq ordunun nüfuzunu qorumağa yönəlmiş addımlarının bu məsələdə nə qədər effektiv olacağını indidən demək olmaz. Bundan başqa indi bir çox yerli ekspertlər ordunun bütünün deyil, yalnız xəyanətə bulaşan qrupun qəzəbə səbəb olduğunu desə də, bu ayrımanın xalq arasında nə qədər effektli olacağı məlum deyil. Bundan başqa, hökumətin ordunun Müdafiə Nazirliyinə və ya baş nazirə tabe etdiriləcəyi planı haqda açıqlamaları var. Əgər bu dəyişiklik olarsa, Türkiyə ordusu əvvəlki müstəqil qurum imicini itirəcək ki, bu da onun əvvəlki qədər nüfuzlu quruma çevrilməsi imkanlarını azaldır. Bu məsələdə ordu və dövlət bürokratiyasının qərarları və müqavimətinin də təsiri olacaq. 

Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR