İnsanlara hürriyət, millətlərə istiqlal!

400-dən çox ailə Şuşaya qayıdır

361 10.04.2024 11:32 Media A A

Leyla Sarabi: “2025-ci ilin sonuna qədər...”

“Qarabağa Böyük Qayıdış” planı çərçivəsində artıq işğaldan azad edilən bütün ərazilərimizə məcburi köçkünlərin köçürülməsi prosesi durmadan sürətlənməkdədir. Bu gedişlə yaxın illərdə azad etdiyimiz bütün ərazilərin yerli sakinlərinin böyük əksəriyyətinin torpaq həsrətinə son qoyulacağına ümidlər çoxdur. Artıq qayıdış prosesinə olan əngəllərin tam əksəriyyətinin aradan qalxdığı, xüsusilə minatəmizləmə prosesinin əvvəlki zamanlara nisbətən daha da sürətləndiyi  qeyd olunur. 

Şuşaya yaxın 1-2 ay ərzində ailələrin köçü başlayacaq.

Bunu “Report”a Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.

Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonlarının deputatı Elman Məmmədov ən nəhayət Şuşanın ermənisiz bir şəhərə çevriləcəyindən söz açdı: “Bu, çox tarixi bir hadisədir. Bunu hər kəs çox yüksək qiymətləndirir. Qürurverici, tarixi anlar yaşamaqdayıq. 32 ildən sonra Şuşaya tarixi qayıdış başlayacaq. Bu necə baş verəcək? İlkin kimlər köçürüləcək? Bu məlumatlar 3 mənbədə var. Biri hörmətli Aydın müəllimin qurumundadır. Digəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, biri də Şuşa Rayon İcra Hakimiyyətindədir. Hər üç qurum kimlər qayıdacaq, necə qayıdacaqlar, bunu bilir. Hörmətli Aydın müəllimin verdiyi məlumat dəqiqdir. Yaxın vaxtlarda o köç Şuşaya başlayacaq. Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının mərkəzi Şuşamızda indi müsəlman dünyasının mədəniyyət mərkəzi kimi yenidən yaşayış başlayacaq. Aydın müəllimin qeyd etdiyi 23 bina çoxmərtəbəli binalardır, 3,4 və 5 mərtəbələrdir. Burada təxminən 400-dən çox ailə məskunlaşacaq. Həmin binalar da şəhərin mərkəzindədir. Onu da qeyd etmək lazımdır ki, Şuşanın bərpa edilməsi və yenidən qurulması zamanı cənab Prezidentin tapşırığı və nəzarəti əsasında bu şəhərin tarixiliyi, qədimliyi saxlanılıb. Oradakı bütün tarixi binalar, abidələr yenidən bərpa olunub, əvvəlki görkəmində saxlanılıb. Bu binaların divarlarında da Şuşanın yerli daşlarından istifadə olunub. Bu da həmin tarixi, qədimliyi saxlamaq üçün idi”.

Bakupost.az - Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi

Xocavənd rayonunun Hadrut və Tuğ kəndlərində də bərpa quruculuq işlərinə start verilib. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi Leyla Sarabi bildirib ki, sözügedən ərazilərdə tikililərin layihələndirilməsi və ekspertizadan keçirilməsi  mərhələsi də başa çatıb: “Tikintinin ilkin mərhələsində Hadrutun giriş hissəsi formalaşdırılacaq, infrastruktur qurulacaq. 54 mənzildən ibarət 7 ikimərtəbəli binanın da bərpa olunması nəzərdə tutulur. Həmçinin yol infrastrukturu yaradılacaq. Eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən Hadrut qəsəbəsinin məktəbi artıq bərpa olunmaqdadır. Tuğ kəndində də bərpa-quruculuq işləri getməkdədir. Hazırda bu kənddə infrastruktur yaradılır. Burada inzibati binanın tikintisi nəzərdə tutulur. Həmçinin bir və ya iki mərtəbədən ibarət 30 ədəd yaşayış binasının bərpa olunması planlaşdırılır. Eyni zamanda məktəb və bağça binası da bərpa olunacaq. Tikintinin birinci mərhələsinin 2025-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur”.

L.Sarabi Ağdamda gedən bərpa-quruculuq işlərindən də danışıb: “Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində fərdi evlərin tikintisi davam edir. Xıdırlıda 719, Kəngərlidə 292, Sarıcalıda isə 203 fərdi evin tikilir. Kəngərlidəki evlərin tam əksəriyyətinin dam örtüyü artıq vurulmaqdadır, içərisində suvaq işləri aparılır. Evlər hazır olandan sonra burada alternativ enerji mənbələrindən də istifadə olunacaq. Tikintinin ilkin mərhələsində burada yol infrastrukturu quraşdırılacaq”.

Onu da qeyd edək ki, Füzuli şəhərinə də qayıdış davam edir. Belə ki, şəhərin mərkəzində tikilən binalarda artıq 666 ailə məskunlaşıb. Köçün mütəmadi olaraq davam etməsi nəzərdə tutulur. 

Hazırladı: Cavanşir Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR