İnsanlara hürriyət, millətlərə istiqlal!

4-cü mikrorayonda sakinlərlə MTK arasında ərazi qalmaqalı- Reportaj, Fotolar 

4515 13.01.2018 16:05 Dünya A A

Ötən ilin aprel ayında Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində beş mərtəbəli binalarının həyətindəki çoxillik meyvə ağaclarının kəsilməsilə bağlı məlumat vermişdik.

Hadisənin mətbuatda işıqlandırılmasından sonra sakinlərin şikayətləri əsasında araşdırma aparıldı və ağacların kəsilməsi dayandırıldı. Ərazinin aid olduğu Nəsimi Rayon İcra Hakimiyyətindən həmin ünvanda yaşıllıq zolağı və park salınacağı bildirilsə də, sakinlər ərazinin bina tikintisi üçün bir neçə şəxsə satıldığını deyirlər.
Musavat.com-a məlumat verən sakinlər bildiriblər ki, artıq ərazidə bina tikilməsi üçün müvafiq addımlar atılıb. Belə ki, ağacların kəsildiyi yerlərə armaturlar, dirəklər və digər tikinti üçün lazım olan materiallar gətirilib.

Məlumatı aldıqdan sonra əraziyə yollanıb, söylənənlərin həqiqi olduğunu müşahidə etdik. Binaların arasında sakinlərin asudə vaxtlarını keçirmələri üçün nəzərdə tutulan ərazidə artıq yeni bina tikintisinə başlanılır. Buna etiraz olaraq bu gün Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 mərtəbəli binanın sakinləri həmin ərazidə yenidən ağacları bərpa etmək qərarına gəliblər. Bu məqsədlə onlar öz vəsaitləri hesabına 120 ədəd ağac alaraq, ərazidə ağacəkmə aksiyası keçiriblər. Aksiyada ümumilikdə 30-a yaxın sakin iştirak edib. Lakin bir müddət sonra ərazidə tikinti aparan "EDiF" MTK-nın nümayəndəsi və polis əməkdaşları gələrək, sakinlərə mane olublar.

Onlar bildiriblər ki, bu ərazi artıq MTK-nın əmlakıdır və sakinlərin burada nəyəsə toxunması, ağac əkməsi qanun pozuntusudur. MTK- nümayəndəsi tələb edib ki, bu gün əkilən ağaclar çıxarılsın:

"Siz bizim qanuni ərazimizdə ağac əkməklə hüququmuzu pozursunuz. Burada ağac əkmək olmaz. Bu yer bizə məxsusdur". Sakinlər isə bununla razılaşmayıblar. Onlar bildiriblər ki, hüququ pozulan MTK deyil, sakinlərdir. Onlar həmçinin qeyd ediblər ki, ağacları çıxarsalar aksiyalarına Prezident Aparatının qarşısında davam edəcəklər.

Musavat.com-a danışan sakin Azad Həsənov bildirib ki, onlar heç bir qanunu pozmurlar: "Bildiyiniz kimi " İDEA" İctimai Birliyi tərəfindən " Bizim həyət" adlı layihə həyata keçirilir. Biz də həmin layihəyə dəstək olmaq üçün öz həyətimizdə yaşıllıq salırıq. Dövlətdən də dəstək gözləyirik". Sakinlər bildirdilər ki, bina tikintisi üçün nəzərdə tutulan yerdə iri gövdəli, sağlam şam ağacları kökündən qoparıldılıb. Onlar söylədilər ki, hələ bir müddət öncə ağacların dibinə kimyəvi maddələr töküb, kökünü çürüdüb, çıxardılar.

Sakinlərlə MTK nümayəndəsi arasında 1 saata yaxın mübahisə getsə də əkilən ağaclar çıxarılmayıb. Lakin sakinlər hesab edirlər ki, gecə saatlarında MTK nümayəndələri gəlib,əkilən ağacları çıxaracaqlar. Sakinlər bildiriblər ki, onlar həyətlərini qorumaqda iddialıdırlar və lazımı yerlərə də müraciət edəcəklər.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR