İnsanlara hürriyət, millətlərə istiqlal!

“3+3” formatı niyə “3+2” oldu?

2147 11.12.2021 12:00 Yazarlar A A

Əslnidə sualın cavabı hamıya yetərincə bəllidir: Gürcüstan yeni təşəbbüsə dəstək vermədi. Əsas da bu oldu ki, Türkiyə prezidentinin təklif etdiyi diplomatik formatda tərəflərdən biri də Gürcüstanın ərazilərini işğal altında saxlayan Rusiyadır. Tamamilə düzdür. Prinsipial siyasət başqa cür olmur. Amma bizi başqa məqamlar maraqlandırır.

Hazırda Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin məhkəmə prosesi gedir. Biz bu prosesin detallarına varmadan yaxşı xatırlayırıq ki, indiki “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlmək ərəfəsindəki ən çox səslənən tezislərindən biri də Rusiya ilə əlaqələr idi: bəli, onlar belə hesab və bəyan edirdilər ki, prezident Saakaşvili şimal nəhəngi ilə heç də düzgün siyasət qurmur.

Onda hamı belə düşünürdü ki, yeni siyasi hakimiyyət ilk növbədə Moskva ilə fərqli təmas sxemləri axtaracaq. Amma belə olmadı və bu vaxta qədər Tiflislə Moskvanın təmaslarında ciddi dəyişiklik baş verməyib, hər şey Saakaşvilinin vaxtında olduğu kimi qalıb. Ona görə də sual olunur: bəs Saakaşvili niyə mühakimə olunur? Biz bu suala cavab axtarmayacağıq, bunu gürcülər özləri etməlidir. Bizi isə məsələnin digər tərəfi düşündürür.

Gürcüstan Rusiyaya qarşı kəskin siyasət yürüdür. Bunun perspektivi nədir? Bayden hakimiyyətə gələndən müəyyən gözləntilər var. Deyək ki, bu gözləntilər tamam əsassız da deyil. Bu yaxınlarda Tiflislə Vaşinqton yeni hərbi müqavilə də imzaladılar.

Buna görə hətta ABŞ-ın müdafiə naziri Tiflisə gəlmişdi ki, bu da kiçik bir dövlət üçün heç də kiçik işarə və əlamət deyil. Amma siyasi şərhçilərin diqqətini daha çox Baydenin Putinlə iki görüşü çəkdi. İkinci görüş bu günlərdə videoformatda baş tutdu. Amma bu görüşlər nə iləsə xüsusi bir diqqət çəkmədi. Sonuncu görüşdən yadda qalan bu oldu ki, Vaşinqton bu yaxınlarda NATO ölkələrinin Rusiya ilə görüşünü keçirməyə qərar verib. İlkin mülahizələrə görə, görüşə Almaniya, Fransa və Böyük Britaniya cəlb olunacaq və o, bu yaxınlarda baş tutacaq.

Güman ki, bir daha Rusiyanı inandırmağa çalışacaqlar ki, NATO müdafiə qurumudur və o, Moskvaya qarşı yönəlməyib, üstəgəl, NATO-nun genişlənməsi Rusiyaya qarşı deyil. Əlbəttə, üzv dövlətlər Rusiyanı Ukraynaya qarşı hərbi niyyətlərindən əl çəkməyə çağırmağı da unutmayacaqlar. Amma bu cəhdlərin nəticəsi nə olacaq? Vaxtilə NATO –nun və AB-nin əsas memarlarından biri, “soyuq müharibə”nin ideoloqu Uinston Çörçill deyirdi ki, ruslar yalnız güclə hesablaşırlar və onlara daim güc göstərmək lazımdır. Ona görə də biz deyə bilmirik ki, Bayden cənablarının son təşəbbüsü nə qədər effektli olacaq. Axı bir vaxtlar bundan da şirnikləndirici təkliflər olmuşdu: yadınıza gəlirsə, 90-cı illərdə Rusiyanı NATO-ya üzv olmağa dəvət edirdilər! Amma Rusiya o vaxt nə az, nə də çox, heç bir dövltin malik olmadığı xüsusi status istədi. İndiki təşəbbüsün də diplomatik çəkisi ağırdır, adı sadalanan dövlətlərin nüvə başlıqlarının sayı Rusiyanınkından az olsa da, onların iqtisadi gücü yetərincədir və hər biri Rusiyadan daha varlı ölkələrdir.

Biz deməyə tələsmirik ki, Bayden kirpi ilə ilanı barışdırmağa cəhd edir, amma 90-cı illərdə, Rusiyanın daha zəif və ac olduğu vaxtlarda Qərb buna nail ola bilmədisə, güman ki, indi heç nail ola bilməyəcək. Fəqət, siyasət siyasətdir: burda mümkün görünməyən də nə vaxtsa mümkün olur...

“Beşliy”ə çevrilən “altılıq” formatının başqa perspektivlərinə gəlincə, regional anlaşmanı dərinləşdirməli olan bu struktur üzərində həll çox işləmək lazım gələcək, əks təqdirdə bu format da yeni siyasi kombinatorika düsturu kimi qalacaq: bir yada salın, görün, bu ölkələr nə qədər qurumda birgə təmsil olunublar...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR