İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏHSİLİMİZİN DAHA BİR BƏLASI - TƏMİRSİZ MƏKTƏBLƏR

3273 13.05.2011 09:49 Ölkə A A

Ötən gün sözün həqiqi mənasında təmirə böyük ehtiyacı olan 12 saylı orta məktəbdə olduq. 3 mərtəbədən ibarət olan məktəbin demək olar ki, şüşələrinin çoxu sınıq-çatlaq vəziyyətdə idi. Məktəbin döşəməsindən tutmuş divarlarına kimi bərbad durumda idi. Məktəbin bufeti çox böyükdür, amma təmirsizlikdən xaraba vəziyyətdə görünürdü. Bufetdə şagirdlər üçün oturmağa stol-stul olsa da şagirdlər oturacaqlardan istifadə etmədiklərini dedilər: “Biz bura anacaq nəsə almaq üçün girib tez də çıxırıq. Hər yer pis gündədir. İnsan burada oturub necə yemək yeyə bilər axı?! Pis iyidən içəridə durmaq olmur. Amma hər gün bura təmizlənir. Sadəcə çoxdandır təmir edilmədiyi üçün nə qədər yığışdırılsa da pis gündədir”.
Məktəbin tualetindən isə danışmağa dəyməz. Dəhlizdə üfunət iyindən nəfəs almaq olmur. Şagirdlər deyir ki, ayaq yolu bərbad vəziyyətdə olduğu üçün uşaqların çoxu qorxudan ora girmir: “Heç kim ora getmir. Orada yekə-yekə siçovullar var. Həm də pis gündə olduğu üçün uşaqlar qorxudan ora girmirlər. Müəllimələrimiz deyir ki, bu il bəlkə məktəbimiz təmir olundu”.
Məktəbin vəziyyəti ilə tanış olduqdan sonra direktor Əli müəllimin otağına getdik. Bundan əvvəl də bəzi təmirsiz məktəblərə getmişdik. Amma məktəb təmirsiz olsa da direktorların otağını həmişə təmirli vəziyyətdə görmüşdük. Ancaq Əli müəllimin öz otağı da heç direktor otağına oxşamırdı. O bildirdi ki, artıq məktəbin şəkillərini və video lentini çəkib nazirliyə göndərib: “Məktəblərin təmirA``````Si ilə bağlı prezidentin fərmanında birinci bizim məktəbin adıdır. Orda qeyd olunub ki, 12 saylı orta məktəbin əsaslı təmiri və 10 əlavə sinif otağının tikilməsi nəzərdə tutulub".

- Təmir işləri nə zaman başlayacaq?

- Bu haqda hələ ki bizdə məlumat yoxdur. Amma bu ilə gözləmirik. Çünki bizim məktəbdən də bərbad məktəblər var. Əgər məktəbimiz bu il təmir olunacaq olsaydı indiyə kimi müraciət edib smeta tutulardı. Hələ bir xəbər olmadığı üçün ümidimiz azdı.

- Sonuncu dəfə məktəb nə zaman əsaslı təmir edilib?

- Məktəbimiz hər il cari təmir edilir. Amma məktəb tikiləndən bu vaxta qədər hələ əsaslı təmir edilməyib. Məktəbimiz 1974-cü ildə mərhum prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilib. Heydər Əliyev məktəbin açılışında da iştirak edib. Sonra təkrar ikinci dəfə də bu məktəbdə olub. H.Əliyev Bakı şəhərində iki məktəbdə iki dəfə olub. Bir 58 nömrəli məktəbdə, bir də bizim məktəbdə. Məktəbimiz 1974-cü ildən bu yana heç vaxt əsaslı təmir edilməyib.

- Bəs məktəbin cari təmiri kimin hesabına edilir?

- Cari təmir valideynlərin hesabına olur. Biz heç vaxt şagirdlərdən təmir üçün pul yığmırıq. Amma hər bir sinif rəhbəri valideyn komitəsi ilə birlikdə öz sinfini təmir edib, müəyyən vəziyyətə gətirirlər. Kimin gücü nəyə çatır köməklik edir. Amma yenə də əsaslı təmirə ehtiyac var.
Direktorun sözlərinə görə, 12 saylı məktəb proyektinə görə, respublikada yeganə məktəbdi: “Özünüz də gördünüz ki, bufetimiz necə genişdir. Orada 200 nəfərlik tədbir də keçirmək mümkündür”.
Qeyd edək ki, hazırda 600-dən çox məktəb qəzalı vəziyyətdədir.
Növbəti saylarda digər təmirə ehtiyacı olan məktəblərdən də reportaj hazırlayacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR