İnsanlara hürriyət, millətlərə istiqlal!

“FÖVQƏLNAZİR”in KEÇMİŞ FƏALİYYƏTİ İLƏ BAĞLI YENİ MƏLUMATLAR

10042 13.05.2011 08:25 Ölkə A A
Xalq hərəkatında tətil komitəsinə rəhbərlik etmiş Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev S.Cəlaloğlunun dediklərini təsdiqlədi. O bildirdi ki, K.Heydərovun xalq hərəkatına dəstək verdiyi haqda Naxçıvanda işləyərkən çoxlarından eşidib: “Mən 1991-ci ilə qədər Bakıda olmuşam. Xalq hərəkatı yeni başlayanda Bakıda tətil komitəsinin rəhbəriydim. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası baş nazirinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunandan sonra Naxçıvana getmişəm. O dövr Xalq Cəbhəsinin güclü vaxtları idi. Kəmaləddin Heydərovun Naxçıvanda xalq hərəkatına və muxtar respublikanın müdafiəsinə köməkliklər etdiyi haqda orada çoxlarından eşitmişdim. Yəni belə söhbətlər yayılmışdı ki, hərəkata köməklik edənlərdən biri Kəmaləddin Heydərov adlı iş adamıdır. Digər köməklik edənlər də var idi. Kazım Teymuri, Akif Kələntərli, Arif Rəhimov, Sərdar Cəlaloğlu fəal idilər. Kəmaləddin Heydərovun Naxçıvanda özünümüdafiə qüvvələrinə tank, BMP alıb verdiyi haqda da eşitmişdim. Yəni dediyim odur ki, onun xalq hərəkatına və Naxçıvanın müdafiəsinə dəstəyi olmuşdu. Xalq hərəkatı dövründə o, sahibkarlıq fəaliyyəti ilə məşğul idi. Geniş maliyyə imkanları vardı”.
B.Quliyev Kəmaləddin Heydərovu ilk dəfə 1992-ci ildə Naxçıvanda gördüyünü və fevral ayında onunla Türkiyəyə səfərə getdiyini xatırladı: “Fevral ayı idi. Bir gün rəhmətlik Heydər Əliyev məni çağırıb dedi ki, ərzaq məsələləri ilə bağlı Türkiyəyə nümayəndə heyəti aparılmalıdır. Bu işi mənə tapşırdı. Çovğunlu havada nümayəndə heyəti ilə Türkiyəyə getdik. Nümayəndə heyətinin tərkibində Kəmaləddin Heydərov da var idi. Türkiyədən Naxçıvana xeyli zəruri ərzaq məhsulları gətirdik”.
Naxçıvanda Xalq Cəbhəsinin rəhbərlərindən biri olmuş, AXCP sədrinin müavini Asəf Quliyev isə K.Heydərovun Xalq Cəbhəsinə hər hansı yardım göstərdiyinin şahidi olmadığını bildirdi: “Naxçıvanda xalq hərəkatı əslində 1970-ci illərdən gizli şəkildə getməyə başlamışdı. Gizli təşkilat fəaliyyət göstərib. Bunun nəticəsi olaraq 1986-cı ildə Tarix Muzeyinin nəzdində ”Yurd" birliyi yarandı. Yenidənqurma ortaya çıxdıqdan sonra açıq təbliğat başladı. 1988-ci ildə artıq çox geniş açıq mübarizə başladı. 1989-cu ildə biz Xalq Cəbhəsini yaratdıq. Mən bu prosesdə Kəmaləddin Heydərovun heç bir fəaliyyətinin olduğunu görməmişəm. Çünki belə fəaliyyət olmayıb. Mən Kəmaləddin Heydərovu ilk dəfə 1992-ci ildə görmüşəm. Naxçıvanda bir kooperativ açmışdı. Kommersiya işləri ilə məşğul idi. İlham Əliyevlə bir yerdə çalışırdı. Özbəkistandan pambıq alıb Türkiyəyə aparırdılar. Onun Naxçıvanda xalq hərəkatına yardımını biz görməmişik".
AXC hakimiyyəti dövründə yüksək dövlət vəzifə tutmuş məşhur bir sima adının açıqlanmaması şərtilə bu mövzuda “Yeni Müsavat”a maraqlı açıqlama verdi. Bildirdi ki, Elçibəy iqtidarı o vaxtlar Kəmaləddin Heydərova Azərbaycanda biznes qurmağa və pul qazanmağa geniş imkanlar yaradıb: “Biz o vaxt insanları siyasi mənsubiyyətinə və hansısa siyasətçiyə simpatiya bəslədiyinə görə seçib ayırmırdıq. Bizim hökumət ölkədə sahibkarlığın, azad iqtisadiyyatın bərqərar olmasında maraqlıydı. Ona görə də Kəmaləddin Heydərova və onun kimi xeyli sahibkara ciddi dəstək verirdik ki, Azərbaycan iqtisadiyyatı dirçəlsin, inkişaf etsin. Təəssüf ki, bu yanaşma indiki iqtidarda yoxdur. YAP hakimiyyətə gələndən sonra yalnız iqtidara yaxın adamların pul qazanmasına şərait yaradıldı. Son 10-12 ildə isə bir nəfər təsadüfi iş adamı tapmazsan. Bunlardan olmayan bütün biznesmenlər, sahibkarlar sıradan çıxarıldı, əmlakları əllərindən alındı, böyük əksəriyyəti isə ya türməyə salındı, ya da ölkədən didərgin düşdü”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR