İnsanlara hürriyət, millətlərə istiqlal!

Yelisey sarayının bağlı qapıları arxasında etiraf olunan FİASKO... - Elnar Məmmədlinin YAZISI

974 27.03.2024 16:51 Yazarlar A A

Cənubi Qafqaz siyasətində etdiyi strateji səhvlər ucbatından yalnız qalan Parisin sancıları ona hansı “ağır sürprizlər” edə bilər?

“Dağlıq Qarabağın yox olması, qeyri-mümkün fransız vədinin xronikası”, yox, bu başlıq əsla Azərbaycan KİV-nin hər hansı birinə aid deyil.

SKRİN.jpeg (182 KB)

 

Bəs sual olunur: kim belə bir başlıqlı məqalə yazıb?! Cavab: Fransanın “Le Figaro”su. Özü də həmin yazıda müəllif elə faktları qələmə alıb ki, bəlkə də bilərəkdən və ya bilməyərəkdən Azərbaycan əleyhinə oynanılan məkrli və qərəzli oyunun, erməni hiyləsi və fitnəsi ilə qurulan pozucu və provokativ mahiyyətli planların de-fakto ifşasını həyata keçirib.

Necə deyərlər, fransız mətbuatının flaqmanlarından sayılan, ictimai rəyə ciddi təsir imkanlarına malik olan məhşur “Le Figaro” qəzetində Elisabeth Piersonun yazdığı analitik məqaləni oxuyan diqqətli fransız oxucusu öz ölkəsinin idarəçiliyinə “qara məqsədli lobbi”lərin necə çox ciddi təsir etmək imkanlarının olduğunu öyrənib gözünün qarşısında canlanan o əslində biabırçı və rüsvayçı mənzərədən şoka düşərək obrazlı desək mat qalmasın, bəs nə etsin?! Vaxtı ilə Şarl de Qolun əyləşdiyi kresloda oturan şəxsə, ölkə prezidentinə, onun iradəsinə təsir göstərmək bir tərəfə qalsın, ölkə başçısını beynəlxalq hüquqa zidd olan qanunsuz addımlar atmağa sövq etmək üçün dövlətin bir nömrəli binasında bunu etmək cəsarətini və səlahiyyətini, hətta imkanını bu “qara əqidəli və mahiyyətli” lobbi qruplarına kim yaradıb?! Yaxud, prezident Emmanuel Makronun öz rizası və razılğı olmadan həmin qruplar necə Yelisey sarayına ayaq açıb belə cəsarətli “təkliflər” verə bilərlər? Ola bilərmi ki, mösyö Makron sarayına gələn qonaqları və onların möhtəməl istəklərini öncədən bilməsin? Fikrimcə, sadəcə mümkün deyil! Oxucu sual verə bilər: Nə təklif, nə çirkin oyun, nə qara lobbi.....? Tələsməyin, izah edəcəm!

Beləliklə, “Le Figaro”nun yazdıqlarından bunlar aydın olur:

1. Bir qrup erməni və ermənipərəst (bizə görə “qara lobbi”) 2023-cü ilin yanvar ayında prezident Emmanuel Makronun Yelisey sarayında qəbulunda olub.

YELİSEY.jpg (155 KB)

Bağlı qapılar arxasında keçən görüşdə Paskal Brükner, Olivie Veber, futbolçu Yuri Corkayeff də onların arasında olub.

2. Qəbulda Makrondan faktiki oaraq tələb olunub ki, Laçın yoluna gedərək orada bəyanat versin ki, “Artsaxın” “blokadasına” son qoyulsun. Onlar vaxtı ilə prezident Fransua Mitteranın Sarayevoya getməsini ona xatırladaraq belə bir tələb irəli sürüblər. 3. Təklif olunub ki, Fransa prezidentinin təşəbbüsü ilə ermənilərə humanitar yardım toplamaq (əslində provokativ və anti-Azərbaycan, böhtan xarakterli propoqanda) məqsədli beynəlxalq konfrans keçirilsin. Hətta ABŞ-də bu konfransda təşkilatçılardan biri olsun. Lakin konfrans baş tutmayıb 4. Azərbaycan Prezidenti İlham Əliyevin Qranadaya getməməsi və Azərbaycanın maraqlarına zidd olan heç bir təklifə “hə” deməməsi, “sanksiya tətbiq edə bilərik!” kimi təhdid və təzyiqlərə rəğmən sərt və dirayətli mövqe göstərməsi Fransa hakimiyyətini sözün əsl mənasında pat vəziyyətinə salıb. 5. Fransa ermənilərlə tarixi yaxınlığına görə orada çox gözlənilən dövlət idi. 6. Məqalədə “Biz Ermənistanı heç vaxt atmayacağıq!”, “Biz razılaşmayacağıq!”-deyən Makronun ermənilərə verdiyi sözü yerinə yetirməməsinə və ya yerinə yetirə bilməməsinə toxunulur. “O, dünyada erməniləri səmimi müdafiə edən yeganə dövlət başçısı olaraq bu məsələdə səmimi idi və nə üçün müvəffəq ola bilmədi?” sualı da müəllif tərəfindən önə çəkilib. 7. Açıqca xristian təəssübkeşliyi gizlədilmir. 8. Sülhə nail olunmazsa, Ermənistanın özünün mövcudiyyəti probleminin yaranacağına eyham vurulub. 9. Müəllif Makronun Ermənistanı geo-siyasi təlatümlər gözlədiyini bildiyini xüsusi ilə vurğulayıb.

Məqalədə qeyd olunan məsələləri diqqətlə analiz etsək, açıq-aydın o nəticə çıxır ki, müəllif Fransanın Ermənistan siyasətinin heç bir ciddi nəticə vermədiyini, üstəlik də Azərbaycana təzyiq etmək cəhdlərinin də puç olmasını etiraf edir. Hətta Prezident İlham Əliyevin “gedin öz işinizlə məşğul olun!” bəyanatına yazıda özəlliklə yer verilməsi və dövlət başçısının bu sözlərinin məhz Fransanın əleyhinə olmasının vurğulanması ondan xəbər verir ki, Fransa qərəz, şantaj, təzyiq siyasətinin Azərbaycanla münasibətlərdə nəticə verməsinin qeyri-mümkün olduğunu görür və bundan elə düzgün nəticə çıxarması da artıq qaçılmazdır.

GEDİN.jpg (83 KB)

Həm də unutmamaq lazımdır ki, burada ermənilərə verilən üstüörtülü mesajlar da az deyil ki, sizə silah göndərərək şirnikləndirən Fransaya əsla güvənməyin! Çünki o, real olaraq sizə gözlədiyiniz köməyi etməyəcək. Yəni, düşünməyin ki, Fransa gəlib sizin üçün Azərbaycan və ya Türkiyə ilə savaşa girəcək. Quru vədlər verməklə məqalənin başlığında deyildiyi kimi ancaq həyata keçirilməsi qeyri-mümkün olan vədlərin xronikasını yazmaq olar. Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib və Qarabağ münaqişəsi artıq tarixdir. Çıxış yolu Azərbaycanla anlaşmaq, daha doğrusu onun şərtlərini qeyd-şərtsiz yerinə yetirməkdir. Yazıda hətta Roma Papası, Avropa İttifaqı, Almaniya, ABŞ ermənilərə lazımi dəstək verməməkdə qınalınılıblar.

Beləliklə, məqalənin adından göründüyü kimi ermənilərə verilən mənasız, məzmunsuz, uydurma, boş və yerinə yetirilməsi qeyri-mümkün olan vədlər xislətlərini həyata keçirmək üçün onlara heçnə verməyib və analizdən belə görünür ki, ermənilərə də üstüörtülü eyham vurulur ki, bundan artıq sizin üçün heçnə edə bilmərik. Azərbaycan çox güclüdür, yeganə yol onunla anlaşmaqdır. Yoxsa, Ermənistandan da əsər-əlamət qalmayacaq. Yeri gəlmişkən, Ermənistan hakimiyyətində son vaxtlarda müşahidə olunan “həlim” mövqeyi (Qazaxın işğalda olan kəndlərinin azad edilməsinin zəruriliyi ilə bağlı N.Paşinyanın verdiyi bəyanat da daxil olmaqla) həm də dəstək gözlədiyi dairələrdən, xüsusi ilə də qərbdən arzuladığı köməyi ala bilməməsi ilə də izah etmək mümkündür. Yəni, Hayastana deyilir ki, bizdən əlini üz!

Lakin məqalədə ən çox diqqətimi çəkən məqamlardan biri prezident Makrona, Fransanın dövlət başçısına hansısa bir diasporanın, lobbinin açıq təzyiq göstərmək imkanına malik olmasıdır. Hətta bu, təzyiqdən daha çox şantaj mahiyyətlidir. Sualımız çox açıq və sadədir: Doğrudan da Fransa dövləti bu qədər aciz vəziyyətdədir və ya bu vəziyyətə salınıb ki, ermənilər onu dünyada belə “hörmətsiz” edə bilirlər?! Məncə, bunun adı sadəcə skandalı bol və dərin olan biabırçılıqdır! Digər tərəfdən yazıdakı qeyd olunan faktlardan aydın olur ki, Fransa dövləti Azərbaycana qarşı indiyə qədər yürütdüyü yanlış, qərəzli siyasətinin iflasa uğradığını artıq hiss edir. Ona görə də bu məsələdəki uğursuzluğunu ört-basdır etmək üçün Fransa Avropa İttifaqını, ABŞ, Almaniya, Roma Papasını belə hədəfə gətirməkdən çəkinmir. “Le Figaro”nun həmin yazısında o ölkələrin adları məhz bu anlamda boşundan qeyd olunmayıb. Digər tərəfdən Fransa onu da artıq necə deyərlər “ilikləri”nə qədər hiss edir ki, Azərbaycana qarşı bu cür aqressiyası, erməni separatçılığına açıq dəstək verməsi sonda özünə qarşı çevrilməklə de-fakto bumeranq effekti yaradıb. İndi Fransa kaloniyaları çox açıq şəkildə Parisə qarşı etiraz bayraqlarını qaldırır və ondan istiqlaliyyətlərini tələb edirlər. Onlar etiraz aksiyalarında Azərbaycan bayrağını qaldıraraq Fransa qarşısında bütün təzyiq və çirkin oyunlara, böhtanlara rəğmən dik duran Azərbaycandan imdad diləyirlər. Gerçəklik budur ki, Fransa, daha doğrusu Makron hakimiyyəti bütün bu başına gələnləri, Qafqaz siyasətindəki açıq fiaskonu, kaloniyalarında baş verən və getdikcə şiddətlənən etirazları və mərkəzdən qaçmaları, həmçinin Afrikada yaşadığı rəzaləti öncədən görə bilmədi.

Həm də onu da hesablamağı və strateji düşünməyi bacarmadı ki, münasibətlərinin gərgin olduğu Azərbaycan ona öz ərazisindən, məsələn: Qazaxıstandan idxal etmək istədiyi təhlükəli uran xammalının tranzitinə icazə verməyə bilər. Hamı yaxşı bilir ki, uranın hava yolu ilə daşınması sadəcə qadağandır.

Nəhayət, sadaladığım faktlar onu göstərir ki, böyük ehtimalla hazırda ölkəmizlə münasibətlərinin çox pis olmasının ona ciddi zərər verdiyini anlayan Fransa hakimiyyəti” Azərbaycanla münasibətləri necə düzəldə bilərəm?!” sualı ətrafında düşünür və təhlil aparır. Məncə, yaxın aylarda, bəlkə də həftələrdə Fransada ölkəmizlə əvvəldən yaxşı və səmimi münasibətlərdə olmuş ictimai-siyasi xadimlərdən Paris rəsmiləri münasibətləri az qala hazırkı sıfır nöqtəsindən müsbətə doğru tərpətmək üçün müəyyən xahişlər edəcəklər. Ola bilər ki, hətta paytaxtımıza Fransadan müəyyən rəsmi şəxslərin səfərləri üçün xahişlər edilsin. Hər halda bunlar şəxsi ehtimallarımdır. Nəyin necə olacağını və proseslərin hansı məcraya yönələcəyini zaman göstərəcək. 

Lakin fakt budur ki, bütün hallarda Azərbaycanın rasional və sırf milli maraqlarına hesablanan beynəlxalq mövqeyi daha da güclənəcək.

ELNAR SON.jpeg (73 KB)

Elnar Məmmədli,
politoloq, beynəlxalq münasibətlər üzrə ekspert

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR