İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevərək YEMƏK

1311 14.04.2024 15:00 Yazarlar A A

İran İsrailə raket-dron yağdıran gecə bütün vətənsevər Azərbaycan zəhmətkeşləri kimi, mən yıxılıb yatırdım. Bəlkə mənim xorultum İranın “Şəhid” dronlarından daha güclü səs salaraq regionu titrədirdi. Səhər oyandıq, gördük dava olub. Lap SSRİ vaxtındakı bir lətifə yada düşdü. Deyir, bir nəfər etnik azlıq nümayəndəsi (xalqın adını yazmıram, hazırda belə anekdotlar şovinizm kimi alınır) 1945-ci ildə gedir Kremlə, Stalinlə görüşür: “Səndən çox incimişik, müharibə eləmisən, bizə xəbər verməmisən”.

Əlbəttə, İsrail Təbriz və Ərdəbildə kəkilini azca açıq qoyub gəzən zənənlər deyil ki, gücünü, zorunu onun üzərində göstərəsən. İran molla rejiminin gücü həmişə belə məzlumlara, çarəsizlərə çatıb. Sözgəlişi, zənənlər də bəzən belə terrorçuların ağzının payını yaxşı verirlər. Məsələn, keçən il 7 oktyabr hücumu zamanı 7 israilli qadın əsgər 50-dən çox HAMAS terrorçusunu məhv etmiş, bir istiqamətdə hücumu önləmişdi.

Ancaq hazırda dünyada qəribə, paradoksal vəziyyət yaranıbdır: qapalı rejimlər qloballaşmadan fayda götürürlər. Baxmayaraq həmişə açıq dünyanın əleyhinə olublar. Məsələn, nüfuzlu dünya agentliklərinin araşdırmalarına görə İran və Rusiyanın dron, raket texnologiyalarının 80-90 faizə yaxını yenə Qərbdən əldə edilir. Bəzən birbaşa, bəzən ikinci, üçüncü ölkələr vasitəsiylə. Bu baxımdan qloballaşmanı pisləmək lazımdırmı? Yox. Çünki bu, qarşısıalınmaz prosesdir, təbii haldır, təbii prosesi pisləmək isə axmaqlıqdır. İkincisi, bıçaqla adam öldürmək də olar, cərrahiyyə əməliyyatı aparıb adam xilas etmək də. İstifadədən, məqsəddən asılıdır. Qloballaşma da belə bir alətdir.

İnterneti hər cür pisləyə bilərik, lakin məhz onun sayəsində “məşhur” güləşçimizin yarışına baxdım. İtaliyalını udub olimpiadaya vəsiqə qazanıb. İtaliyalı idmançı da gedib orda-burda ağzına gələni danışır, guya biz onun rüşvət hesabına udmuşuq. Sanarsan Azərbaycanda rüşvət varmış... Bizdə yalnız hörmət, haqq, şirinlik kimi şeylər var, bu da milli adət-ənənədən irəli gəlir.

Açığı, mənim güləş haqda biliklərim çox zəifdir, ancaq həmin videoya baxanda gülməyim tutdu. Hakimlər sonda qələbəni bizimkinə yapışdırmaq üçün xeyli əziyyət çəkdilər, qan-tər tökdülər. Hətta İTV-nin aparıcısı da təəccüblənmişdi ki, bizim yoldaş necə qalib elan edildi. Faktiki olaraq milli idmançımız döşəkdən çıxıb qaçmağa fürsət axtarırdı – 6 dəqiqə ərzində nəfəsi o dərəcədə kəsilmişdi. Nə zülümdür axı? Belə lisenziya kimə lazımdır?

Ancaq yarış vaxtı bütün kameralar, telefonlar yığışdırılsaydı indi italiyalı ha qışqırsın... Sübut edə bilməzdi. Hesab edirəm növbəti turnirlərdə bunu nəzərə almalıyıq. Dəvə gördünmü? Qığını da görmədim! Dədə-babadan bizdə video vardımı? Yox idi. Ona görə də Koroğlu, Qaçaq Nəbi, Babək hörmətli yoldaşlardır. Çünki çəkiliş olsa biz Giziroğlu Mustafa bəyin Koroğlunu çaya basdığını canlı görərdik. Keçəl Həmzə kimi dılğırın, hörmətsiz yoldaşın o boyda kişinin əlindən Qıratı aparmasını videoda görsəydi, Çənlibeldə bir dəli qalmazdı.

Bir az Babəkin hörməti azalıb, o da kinoya görə! Amalya xanımla əhvalat, övladın qorxaqlığı və sairə... Hamısı qloballaşmaya görədir.

Sonda bir patriotik müşahidəmi də yazım. Bu yaxında orqanlar “İrəvan” futbol klubunun prezidenti Zahid müəllimi tutub dama salmışdır. Deyirlər o, öz klubundan 30 min manatı yemişdir. Qəribədir, adam prezidenti olduğu klubu necə yeyə bilər? Axı məntiqlə kluba pulu o özü verir. Lakin çox dərinə getməyək. Mən başqa mövzuya diqqət cəlb etmək istəyirəm: elə təkcə bu halın özü İrəvanın qədim Azərbaycan şəhəri olmasını isbat etmirmi?

Düzgün işləsə, yad olmağından şübhələnərdik. Bizdə vətənpərvərliyin əsas ölçü vahidlərindən biri yeyintidir. Ən çox yeyən, ən çox vətənsevərdir. Sevməsə, niyə yesin?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR