İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların Qarabağa dair YENİ PLANI –Qərb, Rusiya və Yaxın Şərq istiqamətində…

1238 18.03.2024 16:05 Gündəm A A

Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışırlar. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın Avropada görüşlər keçirdiyi haqda məlumatlar var. Erməni mənbələr Oskanyanın son günlər ərzində 20-yə yaxın görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır.

Eks-nazir V.Oskanyanın koordinatorluq etdiyi komitənin iki əsas hədəfi var. Bunlardan birincisi beynəlxalq mandat almaqdır. Komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların nümayəndələrinin də təmsil olunmasını, qondarma “artsax” ideyasının beynəlmiləl hərəkata çevrilməsini istəyirlər. İkincisi isə “Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etməkdir.

Separatçıların bu addımlarına cavab olaraq, dünya azərbaycanlıları, o cümlədən Avropadakı Azərbaycan diasporunun təmsilçiləri hansı işləri görməlidir və ya görürlər? Avropada erməni yalanlarını ifşa etmək üçün hansı təsirli mexanizmlərdən yararlanmaq olar?

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli mövzu ilə bağlı Medianews.az-a açıqlamasında söyləyib ki, erməni separatçılarının yaratdığı “artsax məsələləri üzrə beynəlxalq komitə” öz fəaliyyətini gücləndirməyə çalışır. Onun sözlərinə görə, eks-nazir V.Oskanyanın rəhbərlik etdiyi bu komitə Azərbaycanın Qarabağ ərazisində vaxtilə mövcud olmuş erməni separatizminə fərqli beynəlxalq müstəvilərdə dəstək almaq istəyir: “Bununla Azərbaycandan beynəlxalq təzyiq vasitəsi ilə müəyyən imkanlar əldə etməyə çalışırlar. “Qarabağın erməni əhalisi”nin hüquqlarından danışırlar. Rəsmi Bakı dəfələrlə bildirib ki, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin də Zəngəzura qayıtmaq haqqı var. Bu qrupa daxil olan azərbaycanlıların ictimai-mədəni birliyi kimi fəaliyyət göstərən Qərbi Azərbaycan İcması bu sahədə ciddi işlər görüb. Vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və “Qarabağa dönüş” təşkilatının yerləşdiyi binada 2022-ci ilin avqustundan etibarən “Qərbi Azərbaycan İcması” fəaliyyət göstərir. Şübhəsiz ki, bu yerdəyişmədə rəmzi bir məna var. O da bəllidir ki, Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Əlbəttə, bu, həm də ondan xəbər verir ki, bu təşkilata Azərbaycanda dövlət səviyyəsində dəstək verilir. Elə ona görə də bu təşkilatın fəaliyyəti Ermənistanda narahatlıqla qarşılanır”.

Soydaşımızın fikrincə, “artsax məsələləri üzrə beynəlxalq komitə”nin aktivləşdirilməsi Ermənistanın indiki baş naziri Nikol Paşinyanı devirməyə çalışan bədnam “Qarabağ klanı”na lazımdır: “Bu “beynəlxalq komitəyə” Nikol Paşinyan iqtidarı dəstək verirmi? Belə bir iddiada bulanmaq üçün əlimizdə tutarlı dəlilər yoxdur. Bu “təşkilat”ın güclənməsi Nikol Paşinyanı devirməyə çalışan bəlli və bədnam “Qarabağ klanı”na lazımdır. Düşünürəm ki, nə qədər Nikol Paşinyan iqtidardadır “artsax məsələləri üzrə beynəlxalq komitə” elə bir uğur qazanmayacaq. Yalnız revanşistlərin iqtidara gələcəyi təqdirdə, bu “komitə” nəyəsə ümid edə bilər. Ancaq erməni xalqı revanşistlərə yenidən iqtidara gəlməyə imkan verərmi? Qətiyyən mümkün deyil. Çünki erməni xalqı başa düşür ki, Türkiyə və Azərbaycanla normal münasibətləri olmasa, Ermənistanın dövlət kimi mövcudluğu təhlükə altına düşə bilər. Bu isə ermənilərə qətiyyən lazım deyil. Qeyd olunan “komitənin” mövcudluğu  Azərbaycana imkan verir ki, rəsmi Bakı Qərbi Azərbaycan İcmasının fəaliyyətini də beynəlxalq  müstəviyə keçirsin. Düşünürəm ki, Azərbaycan “artsax məsələləri üzrə beynəlxalq komitə”nin fəaliyyətindən öz xeyrinə istifadə etməyi bacarmalıdır. Azərbaycan diplomatiyası bu kimi mürəkkəb tapşırıqların öhdəsindən gəlmək iqtidarındadır”.

Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Medianews.az-a bildirib ki, V.Oskanyanın Avropada beynəlxalq təşkilatlarla görüşlər keçirməsi bir daha Avropa İttifaqının ikili standartlarından xəbər verir: “Vardan Oskanyan hansı qurumu təmsil edir? Əgər şəxsi görüş keçirdibsə, bunu anlamaq olar. Lakin keçmiş separatçılar özlərinə dəstək axtarır, qondarma “artsax” təşkilatı adı altında görüşlər keçirirlərsə, bu, beynəlxalq hüquqa ziddir. Avropa təşkilatları bu görüşdən imtina etməli idilər. Əgər imtina etmirlərsə, görüşlər keçirirlərsə, deməli Avropa İttifaqında bəzi qüvvələr bilərəkdən beynəlxalq hüququ pozaraq, separatizmə açıq dəstək verir, regionda stabilliyin yaranmasına maneə törədirlər. Avropa təşkilatları 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüququnu nədən qorumur? Fakt budur ki, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni, dini, tarixi abidələr dağıdılıb, ermənilər tariximizi silməyə çalışırlar. Ermənistanın törətdiyi mina terroruna da Avropa təşkilatları reaksiya vermirlər. Qarabağ Azərbaycan torpağıdır və bu ərazidə yaşamaq istəyən ermənilərdə rəsmi Bakı Azərbaycan vətəndaşlığı təklif edir. Həmin ermənilər vətəndaşlığı qəbul etməli, Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri kimi təhlükəsiz şəraitdə yaşamalı, Konstutusiyanın onlara verdiyi hüquqlardan yararlanmalıdırlar. Bununla bağlı Azərbaycan dövləti səviyyəsində dəfələrlə bəyanatlar səsləndirilib. Lakin Bu təklifləri görməzdən gələn Avropa təşkilatları yenə də hadisələrə birtərəfli mövqedən yanaşırlar”.

E.Mirhəşimli hesab edir ki, separatçıların Avropadakı təxribatlarının qarşısının alınmasında, erməni yalanlarının ifşasında Azərbaycan Xarici İşlər Nazirliyi, diplomatlarımız, səfirliklərimiz öz səylərini əsirgəmir, uğurlu fəaliyyət ortaya qoyurlar: “Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da öz növbəsində yerli siyasi partiyalarla, beynəlxalq və yerli humanitar təşkilatlarla, mətbuatla görüşlər keçirməli, məktublar yazaraq maarifləndirmə işləri aparmalıdırlar. Onlara təsir imkanımız yalnız beynəlxalq hüququn bizə verdiyi imkanlardan yararlanaraq addımlar atmağımızdır. Azərbaycan dövləti nə qədər güclənərsə, təsir imkanları da artacaqdır. Çünki kapitalist Avropa öz maddi maraqlarını qorumaq zorunda qalacaq. Ukraynanı müdafiə edən avropalılar, bu gün artıq başqa cür düşünür, öz iqtisadi maraqlarını önə gətirilər. Düşünürəm ki, erməni sevgisində olanlar da bir gün peşman olub Azərbaycanla iqtisadi əməkdaşlığa daha çox önəm verəcək, siyasi manipulyasiyalardan əl çəkəcəklər. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regiondakı ölkələrlə əməkdaşlığı daha da gücləndirməlidir. Eyni zamanda Orta Asiyadakı Türk Dövlətləri və Türkiyə ilə də əməkdaşlığı gücləndirmək, Avropa İttifaqına alternativ olacaq Turk Dövlətləri İttifaqını, bu ittifaq çərçivəsində əlaqələri möhkəmləndirmək lazımdır. Zəngin təbii sərvətlərə malik olan bir dövlətlə Avropa İttifaqı ölkələri əməkdaşlığa xüsusi önəm verəcəklər. Nəticədə erməni yalanlarını, iftiralarını, separatizmi dəstəkləyən ölkələr susmaq məcburiyyətində qalacaqlar. Yeri gəlmişkən, əgər bu gün Ermənistan öz konstitusiyasında dəyişiklik etmək fikrinə düşübsə, deməli bu da Azərbaycan dövlətinin diplomatiyasının gücüdür, təsir imkanıdır, qələbəsidir”.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də Medianews.az-a açıqlamasında deyib ki, Ermənistanın keçmiş xarici işlər naziri V.Oskanyanın yaratdığı “artsax məsələləri üzrə beynəlxalq komitə” tam olaraq separatçılığa xidmət edir: “Əvvəla, bu “komitə”nin gələcəkdə keçirəcəyi tədbirlərin təfərrüatından da məqsədləri bəllidir. Həmçinin “təşkilat”ın tərkibində olanlar illərlə separatçılıq fəaliyyəti baxımından “xüsusi ixtisaslaşmış” insanlardır. Əlbəttə ki, bu “qurum”un yaradılması ideyası Vardan Oskanyanın öz ağlının məhsulu deyil. Bu fəaliyyət istiqaməti Qərbin Azərbaycana qarşı apardığı qara kampaniyanın tərkib hissəsidir. Bu da erməni lobbisinin Qarabağ məsələsi ilə bağlı indiki ideoloji fəaliyyəti ilə üst-üstə düşür. Azərbaycan regiona sülh gətirib. Qarabağ məsələsi həll olunub. Ölkəmiz regionda davamlı sülhün bərqərar olması üçün bütün mümkün vasitələrdən istifadə edir. Erməni lobbisi isə Oskanyan kimiləri ortaya ataraq Ermənistanla Azərbaycanın sülh razılaşmasının əldə olunmasına mane olmağa çalışır”.

QHT sədri deyib ki, V.Oskanyan Qarabağın erməni əhalisinin repatriasiyası məsələsi ilə manipulyasiya edir: “O, xəstə halı ilə Avropada görüşlər keçirib beynəlxalq zəmanət qazanmağa çalışır. Bunun üçün də erməni lobbisinə aid qurumlardan, o cümlədən beynəlxalq təşkilatlardan dəstək almaq istəyir. Eyni zamanda, özünün yeni yaratdığı qondarma qurumu Qərb, Rusiya və Yaxın Şərq istiqamətində genişləndirməyə çalışır. Əlbəttə ki, bu genişlənmənin qarşısı alınmalıdır. Oskanyan sosial şəbəkələr və media vasitəsilə ilə açıqlama, eləcə də bəyanatlarını yayır. Onun sosial şəbəkələrdəki paylaşımlarına əsaslı faktlarla kütləvi cavablar verilməlidir. Azərbaycan diasporu xarici mediada Oskanyanın istək və tələblərinin heç bir beynəlxalq hüquqi əsaslarının olmadığını ifşa etməlidir”.

F.Hüseynzadə vurğulayıb ki, bununla bağlı beynəlxalq platformalarda çoxşaxəli fəaliyyətlər həyata keçirilməlidir: “Milli diasporun lobbiçilik fəaliyyətini gücləndirməsi məqsədəuyğundur. Diasporumuz bu və digər məqsədlərə nail olmaq üçün xaricdə vətəndaş cəmiyyəti, media, akademik və ekspert dairələri də daxil olmaqla, bütün resursları birləşdirmək üçün müntəzəm və ardıcıl iş aparmalıdır. Elə Oskanyanın Avropada görüşdüyü beynəlxalq təşkilat nümayəndələri ilə diasporumuz da görüş üçün cəhdlər etməlidir. Ümumiyyətlə, erməni lobbisinin atdığı addımlara qarşı cavab tədbirlərinin görülməsi ilə kifayətlənmək olmaz. Bütün hallarda onlara qarşı önləyici addımlar atılmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR