İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xarici ticarət dövriyyəsi kəskin azaldı – Sanksiyalar işini görür  

637 14.03.2024 12:52 İqtisadiyyat A A

 

2024-cü ilin yanvar ayında Rusiyanın xarici ticarət dövriyyəsi 48,7 milyard dollar təşkil edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalma deməkdir.

Yanvar ayında ixrac illik ifadədə 14,2 faiz azalaraq 28,7 milyard dollara, idxal isə 10,6 faiz azalaraq 20 milyard dollara düşüb.

Beləliklə, Federal Gömrük Xidmətinin məlumatına əsasən 2024-cü ilin ilk ayında Rusiyanın müsbət xarici ticarət saldosu illik müqayisədə 18,9 faiz azalaraq 8,7 milyard dollar təşkil edib.

İxracda mineral məhsullar (61,2 faiz), metallar və onlardan hazırlanan məmulatlar (14,8 faiz), ərzaq məhsulları və onların istehsalı üçün xammal (10,4 faiz), kimya məhsulları (6,2 faiz), maşın, avadanlıq və digər mallar (4,5 faiz), ağac və sellüloz-kağız məhsulları (2,4 faiz)üstün paya malik olub.

İdxalın əmtəə strukturunda ən böyük pay maşın, avadanlıq və digər mallar (50,2 faiz), kimya məhsulları (19,5 faiz), ərzaq məhsulları və onların istehsalı üçün xammal (13 faiz), toxuculuq və ayaqqabılar (7,6 faiz), metallar və onlardan hazırlanmış məmulatlar (6,4 faiz), mineral məmulatların (1,7 faiz) olub.

Yanvarda Rusiyanın əsas ticarət tərəfdaşları ticarət dövriyyəsinin 74 faizini təşkil edən Asiya regionu ölkələri olub. Xarici ticarətin həcminin 19,3 faizi Avropa ölkələrinin, 4,1 faizi Amerika ölkələrinin, 2,5 faizi Afrika ölkələrinin payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Rusiyanın müsbət xarici ticarət saldosu 140 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən (337,2 milyard dollar) 58,5 faiz azdır. Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il Rusiyadan malların ixracı 2022-ci illə müqayisədə (592,5 milyard dollar) 28,3 faiz azalaraq 425,1 milyard dollar təşkil edib. 2023-cü ildə Rusiyaya mal idxalı 2022-ci illə müqayisədə (255,3 milyard dollar) 11,7 faiz artaraq 285,1 milyard dollara çatıb.

Qeyd edək ki, ABŞ-da ötən ilin dekabrında qəbul edilən qərardan sonra bu ilin əvvəlindən Rusiyanın Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə ilə ticarətində ciddi problemlər yaranıb: ikincili sanksiya təhlükəsinə görə bu ölkələrin bankları ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina edirlər. Nəticədə təkcə Türkiyədən Rusiyaya ixracda 33 faizlik azalma qeydə alınıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR