İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqaz ölkələrində özünü doğrultmayan üsul-idarəçilik

972 02.05.2024 08:37 Siyasət A A

Ekspert: “Mərkəzi hakimiyyətin zəif olduğu dövlətlərdə ölkənin daxilinə müdaxilə etmək imkanları daha geniş olur, Gürcüstanda baş verənlər buna sübutdur”

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna etiraz edənlər dünən Tiflisin  mərkəzində “Ədliyyə Evi” yaxınlığında yolu bağlayıblar. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. “Xüsusi təyinatlı qüvvələr Tiflisdə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasını dağıtdıqdan sonra nümayişçilərin bəziləri sahilə doğru hərəkət edərək "Ədliyyə Evi" yaxınlığındakı yolu bağlayıblar", - nəşr yazır.

Qeyd olunur ki, paytaxtın mərkəzindəki parlament binasının yaxınlığındakı Rustaveli prospektində də nümayişçilərlə polis arasında toqquşmalar davam edib.

Bundan əvvəl paytaxtda aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşının, çoxlu sayda mitinqçinin yaralandığı, 60-dan yuxarı şəxsin saxlandığı məlum olub.

Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində polis əməkdaşları ağır yaralanıb.

Gürcüstanda yaşanan arzuedilməz hadisələrin alt qatında qərbyönümlü prezidentlə Rusiya ilə əlaqəli olan hökumət - baş nazir arasında ziddiyyətlərin olduğu deyilir. Aprelin 30-da kütləvi aksiyaların şiddətləndiyi və polis qüvvələri ilə qarşıdurma yaşandığı anlarda baş nazir İrakli Kobaxidze prezident Salome Zurabişvilini ölkəyə xəyanətdə ittiham edib. Faktiki olaraq Gürcüstanda prezident hakimiyyəti ilə hökumət arasında kəskin mövqe fərqliliyi yaşanır və bu, artıq göründüyü kimi, bir-birini vətənə xəyanətdə ittiham etmək həddinə qədər kəskinləşib. Gürcüstanda təəssüf ki, ikihakimiyyətlilik adlandırılacaq vəziyyət hökm sürür. Keçirilən mitinqlərin və qarşıdurmanın kökündə əslində bu amilin dayandığı ehtimalı yüksəkdir. Belə vəziyyətlər isə vətəndaş qarşıdurması və daha da irəli gedərək ən təhlükəli fazaya - vətəndaş müharibəsinə qədər təhlükələr vəd edir istənilən ölkə üçün. Bəzi siyasi analitiklər hesab edir ki, Gürcüstanda baş verənlər həm də başqa bir məsələyə diqqəti cəlb edib. Cənubi Qafqaz kimi böyük güclərin maraqlarının toqquşduğu bölgədəki dövlətlərin idarəetməsində parlamentli respublika idarəçiliyi risklər yaradır və fəsadları olur. 

Məhz bu təşkilatlar keçmiş münaqişənin tam həllinə imkan vermirlər"

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində bildirib ki, Gürcüstanda baş verən hadisələr çox narahatedici mərhələyə gəlib çıxıb. Cənubi Qafqaz kimi həssas regionda bu vəziyyət heç də müsbət tendensiya deyil: “Gürcüstandakı hadisələrin kökündə Qərb amili durur. Qəbul olunmaq üçün müzakirəyə təqdim olunan qanuna qarşı çıxanlar məhz Qərbə bağlı olan qüvvələrdir. "Xarici agentlər haqqında" qanunun qəbul olunması Qərbi və onun Gürcüstandakı tərəfdaşlarını ciddi narahat edir. Mərkəzi hakimiyyətin zəif olduğu dövlətlərdə ölkənin daxilinə müdaxilə etmək imkanları daha geniş olur. Gürcüstanda məqsədli şəkildə məhz belə bir vəziyyət yaradılıb. Nəticədə prezidentlə baş nazir arasında çox kəskin fikir ayrılığı yaşanır. Cənubi Qafqazın üç ölkəsindən ikisinin daxilində faktiki olaraq təlatümlər yaşanır. Və bu həmin ölkələrdir ki, parlamentli respublika üsul-idarəçiliyinə keçiblər. Gürcüstanda baş verənlər həm də gələcəkdə Qərbin Rusiyaya qarşı yeni cəbhə açması niyyətlərinə xidmət edir. Cənubi Qafqazın hazırda ən sabit ölkəsi Azərbaycandır. Azərbaycan Cənubi Qafqaza kənar güclərin müdaxiləsinin qarşısının alınması üçün mövqe ortaya qoyur. Gürcüstan artıq baş verənlərin fonunda anlamalıdır ki, 3+3 formatı Cənubi Qafqazın sabit gələcəyi üçün nə qədər vacib, önəmli formatdır. Hakimiyyətin hər iki qanadı bu məsələdə eyni mövqeyə gəlsələr, ölkələri üçün daha yaxşı olar. Parlamentli respublika məsələsi Qərbin ayrı-ayrı ölkələrə müdaxilə etmək imkanlarını genişləndirmək üçün qəbul etdirdiyi üsul-idarəçilikdir. Təcrübə göstərir ki, mərkəzi hakimiyyətin güclü olduğu ölkələrə müdaxilə imkanları məhdud olur. Parlamentli respublika üsul-idarəçiliyi olan respublikalarda mərkəzi hakimiyyət zəifliyi, prezidentlə hökumət arasında fikir ayrılıqları meydana çıxması halları yaşanır. Bu da ölkəni təlatümlərə sürükləyir. Bundan isə kənar güclər ölkədəki proseslərə asan müdaxilə etmək imkanları əldə edirlər. Bu gün biz faktiki olaraq Gürcüstanın timsalında bunu görürük”.     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR