İnsanlara hürriyət, millətlərə istiqlal!

Qohum evliliyinin yasaqlanmasına kimlər qarşı çıxır? - açıqlama

920 16.03.2024 11:53 Media A A

Zahid Oruc: “Genetik test yönləndirmə mərkəzləri yaradıla bilər”

Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Halbuki tibb sübut edir ki, qohum evlilikləri xəstə, şikəst, əqli gerili uşaqların dünyaya gəlməsində ciddi rol oynayır. Bu baxımdan uzun müddətdir ki, yaxın qohumların evliliyinin qadağan olunması ilə bağlı müzakirələr gedir.

Bugünlərdə isə Prezident Administrasiyasının rəsmisi Rüstəm Qasımov qeyd edib ki, ölkədə əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

“Uzun illər aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir. Xəstə və əlil doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkir. Qohum evliliklərinin sayı artarsa, bu, genefondumuza və gələcəyimizə mənfi təsir edəcək”, - deyə Rüstəm Qasımov bildirib.

Amma cəmiyyətimizdə bu qadağa ilə razılaşmayanlar da var.

Bəs kimlər qohum evliliyinə qarşıdır, kimlər qarşı deyil? Niyə ölkəmizdə bu cür evliliklər hələ də populyardır?

Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb ki, onlardan 204-ü boşanıb. Həmçinin 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Qeyd edək ki, qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanması qadağan olunub. 

Qohum evliliyinin ən yüksək göstəriciləri isə Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınır. Pakistan və Hindistanda qohumluq nisbəti müvafiq olaraq 73 faiz və 60 faiz təşkil edir. Ekspertlər qeyd edir ki, qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsıznlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir.

Azərbaycanda niyə hələ də qohum evliliyinin populyar olmasına gəldikdə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc qeyd edir ki, müasir Azərbaycanda bu məsələdə bir çox amillərlə yanaşı, tayfaçılıq (təcrid-qapalı nəsil) hələ də cəmiyyətə xasdır və bu, hər şeyi izah edir:

“Bir çox azərbaycanlı "kənar adamlara" inamsızdır, bu da onların qapalı icmasına daxil olmayan hər kəs deməkdir. Məsələn, bizdə çox güclü regionalizm var. Qohum evlilikləri tayfaçılığın elə cəmləşmiş variantıdır ki, öz qohumlarından başqa hamı yad sayılır.

Risklərə rəğmən qohum evlilikləri zamanı sabit nikah münasibətləri, ailənin maddi problemlərinin azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır. Qohumluq mədəni ötürülmə və mədəni davamlılıq üçün imkanlar təmin edir. İqtisadi faydalara cehizlərin azaldılması və torpaq sahələrinin saxlanması daxildir. Bəzi dini və siyasi anlayışlar dindarları qohum evliliklərinə cəlb edir. Qohum evlilikləri ailənin genetik tədqiqatlarını asanlaşdırır, çünki populyasiyada genofond tarazlığı sabit qalır. Qohum ailələr əlaqə analizindən istifadə edərək yeni xəstəlik genlərini müəyyənləşdirirlər. 

Tədqiqatlar göstərir ki, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncü dərəcəli qohumların genlərinin 12,5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6,25  faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur.

Ən vacib addımlardan biri isə qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu möhkəmlədib. İndi baxışlar dəyişməlidir. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. İnsanlar genetik test nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir".

Bununla belə, ölkədə qohum evliliklərin qadağan olunmasına qarşı çıxanlar da var. Beynəlxalq hüquqşünas Fərhad Mehdiyevin fikrincə, əmi, bibi, xala, dayı uşaqlarının, başqa sözlə, 3-cü dərəcəli yaxın qohumların bir-biriləri ilə ailə qurmalarına qadağa qoymaq, elə bir qanun qəbul etmək konstitusiyada göstərilən və beynəlxalq hüquqla qoyulan hədlərə uyğun deyil: “Şəxsən mən özüm də yaxın qohumların nikah münasibətlərinə daxil olmasına müsbət baxmasam da, bu məsələ qanuni qadağalarla deyil, aqitasiya və yaxın qohumların evlənməsini çətinləşdirməklə (məsələn, irsi xəstəliyin olub-olmadığının müəyyən edilməsi tələbi kimi) mümkün ola bilər.

Şəxsi və ailə həyatına dövlətin müdaxilə etməsi üçün müəyyən səbəblər olmalıdır. Bunları AİHK 8-ci maddədə də görmək mümkündür. Məsələn, sağlamlığın qorunması (inter alia) üçün belə bir müdaxilə mümkün ola bilər, amma müdaxilənin proporsional olması üçün bunda zərurət, son çarə olmalıdır. 

Bu səbəblə yaxın qohum evliliklərində ciddi nisbətdə qüsurlu uşaqların doğulması, ancaq yaxın qohumların irsi xəstəlik daşıyıcısı olmaları halında, belə bir nikaha “olmaz” demək mümkün ola bilər. Əgər yaxın-qohum evliliklərində qüsurlu doğulan uşaqların nisbəti o qədər yüksək deyilsə (mən rəqəmləri bilmirəm) hər hansı məhdudlaşdırmadan söz edilə bilməz.

Digər tərəfdən, fərz edilsə ki postmodern dünyada  dayıoğlu-dayıqızı münasibət qursalar, birlikdə yaşasalar, hələ kəbin kəsib övlad sahibi olsalar, qanun bunların arasında rəsmi nikahı necə qadağan, batil saya bilər?  

Ümumiyyətlə, parlamentin qanun qəbul etmə səlahiyyəti hədsiz, sonsuz deyil. Onun sərhədləri 1-ci nəsil, ya da təbii, əsas insan hüquq və azadlıqlarıdır. Bəzi əməllər uğursuz olsa da, ictimai qaydanı, ictimai sağlamlıq və ictimai (ümumi) əxlaqı pozmadıqları təqdirdə məhdudlaşdırıla bilməz".

Yazını hazırladı: Xalidə GƏRAY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR