İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağda elə sərt tələb və şərtlərlə düşmən üzərinə getməliyik ki...” - Ekspertdən SENSASİON MÜSAHİBƏ

2255 18.07.2023 10:47 Müsahibə A A

İlham İsmayıl: “Rusiya Qərb masalarında real “məhsuldarlığın” olmaması üçün ziyanverici alaq otu rolundadır”

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında daha bir görüş baş tutdu. Müzakirələr iki saat yarım çəkdi və yaydan sonra yenidən eyni formatda bir araya gəlmək istəyi ifadə olundu.

Azərbaycan tərəfinin məlumatına görə, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən həyata keçirilməsi perspektivi diqqətdə saxlanılıb. Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub. Bundan əlavə, Qərbi Azərbaycan icması və onun qayıdışı məsələsi müzakirə edilib. Bunu görüşdən sonra keçirdiyi brifinqdə Ş.Mişel də demək olar, tam təsdiqləyib. O sırada Azərbaycan və Ermənistanın qəti şəkildə bir daha bir-birinin ərazi bütövlüyünü tanıdığını (86.6 və 29.8) söyləyib. Görüşlə bağlı daha çox diqqət çəkən bəzi detallarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham ismayıldan müsahibə aldıq. 

- İlham bəy, Brüsseldə keçirilən budəfəki - sayca altıncı - görüşdə heç bir üçtərəfli yazılı sənəd, bəyanat qəbul edilmədi. Rusiyanın vasitəçiliyi ilə isə adətən hansısa birgə bəyanat qəbul olunurdu. Brüsselin vasitəçiliyində bu niyə alınmır?

- Keçən il oktyabrın 31-də Soçi görüşündən sonra altı ay danışıqlar prosesi dayandırıldı və bu fasilə Rusiyanın “zəhmətinin bəhrəsi” idi. 2022-ci il Brüssel formatı kifayət qədər uğurlu gedirdi və dekabrda sülh müqaviləsinin imzalanması çox yaxın görünürdü. Putin "Valday" klubunda üzünü ermənilərə tutub “Siz Vaşinqton variantına razılıq verməklə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edirsiniz” deməklə, faktiki olaraq yalnız Paşinyanı deyil, bütün erməniləri şantaj etdi və bu çıxışdan sonra danışıqlara ara verildi. Yeni danışıqlar da bizim üçün bir “burulğan” rolunu oynayır. Görüşlər keçirilir, pozitiv fikirlər (yalnız fikirlər) səslənir, irəliləyiş haqqında bəyanatlar verilir, amma... real nəticələr yoxdur. Son Brüssel görüşündə ən azı çərçivə sazişinə yaxın bir sənəd imzalansaydı, görüşü uğurlu hesab etmək olardı. Brüsselin vasitəçiliyində sənəd imzalanmaması, bəyanat qəbul edilməməsi Rusiyanın Paşinyana təzyiqi, Paşinyanın da həmişə olduğu kimi tərəddüd nümayiş etdirməsi ilə bağlıdır. Ermənistan cəmiyyətinin böyük bir hissəsi də Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sülhü qəbul etmir. Rusiya müstəvisində keçirilən görüşlərdə isə qəbul olunan sənədlər ölü doğulur, heç biri həyata keçirilmir. Brüssel isə Rusiya ilə sözdə razılaşmayan Paşinyan hakimiyyətini hələ də qorumaq məqsədilə kəskinliyə yol vermədən, xüsusi tələb nümayiş etdirmədən “sülh müqaviləsininə doğru” tərəflərin mövqeyini alqışladığını deyir, amma konkret nəticələrə hələ ki nail ola bilmir.

- Danışıqlarda moderatorluq edən Şarl Mişel görüşdən sonra deyib: “Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm”. Yəni ilk dəfə olaraq humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib. Beləcə, “blokada”, “etnik təmizləmə” iddiaları artıq həm də bu səviyyədə - Bakının öz ərazisi ilə real alternativ təklif eləməsi ilə puça çıxarılıb, erməni yalanları ifşa olunub. Bu yeniliyi necə dəyərləndirirsiniz?

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl

“Brüsseldə bu məsələnin müzakirəsi Azərbaycanın mövqeyini gücləndirir, amma...”

- Ağdam istiqamətində humanitar daşımalar ilk dəfə Rusiya sülhməramlılarına təklif olundu, amma ruslar qəti şəkildə bundan imtina etdilər, çünki bilirdilər ki, ardınca Qarabağ ermənilərinin Ağdamda azərbaycanlılarla təmasa girməsi baş verər, iki toplum arasında münasibətlər yarana bilər. Rusiya isə yüz illərdir ki, “parçala, hökm sür” siyasətini davam etdirdiyindən bu əlaqələrin yaranmasına qarşı çıxdı. Brüsseldə bu məsələnin müzakirəsi Azərbaycanın mövqeyini gücləndirir, amma Rusiya tərəfindən idarə olunan separatçı rejimin liderlərindən sayılan, qondarma rejimin prezidentinin müşaviri statusunda olan David Babayan Şarl Mişelin bu mövqeyini tənqid edərək ikrahla - “ get, öz işinlə məşğul ol”, mesajını verir, onu Azərbaycanın pulunu alan, Azərbaycan ikrası yeyən rüşvətxor kimi ittiham edir, Avropa Birliyinin isə “demokratik dəyərləri satan” bir qurum olduğunu iddia edir. Brüssel masada təşəbbüsü ələ alsa da, sahədə Rusiyaya uduzur, çünki son anda ermənilər də Rusiyanın dediyini qəbul edir. Biz bu danışıqlar labirintindən çıxıb, maraqlarımızın tələb etdiyi siyasi və hərbi addımlarımızı konkretləşdirməliyik.

- Paşinyan ilk dəfə bu formatda görüşə Araikin məktubu ilə gəlmişdi. Bu, daha bir riyakarlıq və sülhü bloklamaq cəhdi idi, özü də Rusiyanın xeyrinə. Sizcə, baş separatçının məktubunun İrəvana və separatçılara nə faydası oldu?

- Paşinyan ilk dəfə Araikin sifarişini onun xahişi ilə Putinə telefon danışığında çatdırıb, Brüsselə də Araikin nə yazdığı məlumdur: “genosid”, “etnik təmizləmə”, olmayan “120 min erməni humanitar fəlakətdədir” və bu tipli “əzabkeş obraz” təqdimatı. İndiyədək ermənilər “timsahın göz yaşlarını” tökməklə problemlərini həll etmək məqsədi güdüblər, bu gün də davam edirlər. Amma dünya artıq bu “göz yaşlarına inanmır”, sadəcə, birdən-birə və açıq şəkildə bunu büruzə vermirlər. Rusiya isə bunu bəhanə edib dünyaya çatdırır ki, hələ sülhdən danışmaq tezdir, iki toplum arasında gərginlik pik həddədir və guya Rusiya olmasa “qan çıxar dizə, quşlar da ağlayar ellərimizə”. Ermənilərə faydası budur.

- Brüsseldə üçtərəfli görüş başlar-başlamaz Kremlin narahatlığı özünü açıq büruzə verdi. Rusiya XİN-in həmin gün yaydığı bəyanatında deyilir ki, Moskva yaxın vaxtlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır. Sitat: “Rusiya tərəfi Dağlıq Qarabağın normal həyatını bərpa etmək üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə vermək niyyətini təsdiqləyir. Biz yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə, sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən Rusiya-Azərbaycan-Ermənistan liderlərinin sammitinə çıxmaqla sülh müqaviləsinin razılaşdırılması və Moskvada imzalanmasını müzakirə etməyə hazırıq”. Moskvanın narahatlığı, təlaşı bu dəfə nədən daha qabarıq müşahidə olundu? Olmaya Moskva “qatarın getdiyini” anlayıb?

- Açığı, son Brüssel görüşünün nəticələri haqqında sual ünvanlananda, Rusiya XİN-in görüş haqqında bəyanatını ən əsas nəticə kimi qəbul etmək lazımdır. Rusiya bir daha sülhün hələ tez olduğunu rəsmən bəyan etdi, üstəlik “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, statusu” barədə açıq danışdı. Hesab edirəm ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı həm də hörmətli Ərdoğanın 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi ilə bağlı verdiyi açıqlamaya cavab idi. Qaldı ki, perspektiv Moskva görüşünə, biz artıq Qərbdən sonra belə görüşlərin keçirilməsinə adət etmişik. Moskva Ukrayna müharibəsi ilə əlaqədar Cənubi Qafqaza az diqqət ayırsa da, əlini hələ çəkməyib və bu istiqamətdə apardığı siyasətin mahiyyətində 2030-cu ilədək Qarabağda qalmaq dayanır. 44 günlük müharibədən sonra indiyədək apardığı antisülh siyasətin məğzində də bu dayanır. Onun üçün “qatar getməyib”, amma “bu qatarın dalınca baxmağa” əvvəl-axır məhkumdur. Bunun üçün ilk növbədə yük öz üzərimizə düşür.

- Yekun sənədin harada imzalanacağı da əsas müzakirə mövzusudur və açıq rəqabətin getdiyi göz qabağındadır. Brüssel görüşü başa çatmamış, Moskva növbəti görüşə ev sahibliyi təklifini verdi. “Bir problem də elə sülh sazişinin imzalanma yeridir. Moskvada, Vaşinqtonda, Brüsseldə, hətta dünyanın istənilən paytaxtında arzu edərdilər ki, bu saziş onların öz ölkəsində imzalansın, çünki bu, tarixi bir məqamdır və dövlətlər arasında illərlə davam edən müharibəyə son qoya bilər. Ona görə də hər kəs dünya tarixinin bir parçası olmaq istərdi. Lakin ölkələr arasında geosiyasi rəqabət dövlətlərdən hansısa birində sülh sazişi imzalamağa imkan vermir. Ona görə də müqavilənin imzalanacağı yer vacibdir, lakin prosesin özü kimi deyil. Sənəd Azərbaycan-Ermənistan sərhədində imzalana bilər”. Bu sözləri politoloq Fuad Çıraqov Minval.az-a deyib. İlham bəy, siz necə düşünürsünüz, gerçəkdən sülh sənədinin imzalanmasında yer, məkan söhbəti nə dərəcədə aktualdır?

- Məkan məsələsi qlobal güclər arasında Cənubi Qafqaz uğrunda gedən mübarizənin mahiyyətini təşkil edir. Bu mübarizə uzun müddət davam edə bilər, necə ki, edir. Ən yaxşı yer Gürcüstandır, Tiflisdə imzalanacaq sülh müqaviləsi bütün bölgənin sabitliyinə və iqtisadi inkişafına təkan verə bilər. Qərb buna etiraz etməsə də, Kreml yalnız Moskvanı nəzərdə tutur. Ona görə də Azərbaycan danışıqlar burulğanından çıxıb, birbaşa Qarabağa yönəlik addımlarını atmalıdır. Erməni silahlı qüvvələrini çıxarmaq, Qarabağ ermənilərinin sənədlərinin dəyişdirilib Azərbaycan sənədinə keçməsini gediş-gəliş üçün şərt kimi qəbul etdirmək, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayıb ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış qaçqınlarımızın dogma yurdlarına qayıdışını həll etmək. Qoy, qarşı tərəflər bizim təşəbbüslərimizi müzakirə etməklə müdafiə olunsunlar, bizim onların kaprizləri ilə oynamaq lüksümüz yoxdur. 

- Nəhayət, Brüssel görüşlərinin sayı artdıqca “məhsuldarlığı” azalır söyləmək olarmı?

- Rusiya bu “məhsuldarlığın” olmaması üçün ziyanverici alaq otu rolundadır və bu alaq otunu təmizləmək məqsədilə Brüssel konkret addımlar atmasa, qoruduqları Paşinyan hakimiyyətinə real təzyiq etməsə, məhsuldarlıq nəinki azalacaq, ümumiyyətlə, mənasını itirəcək. Qarşıda Moskva görüşləri, eyni zamanda yaydan sonra Brüssel və oktyabrın 5-də Qranadada görüş gözlənilir. O görüşlərə qədər biz sahədə, yəni birbaşa Qarabağda elə sərt tələb və şərtlərlə düşmən üzərinə getməliyik ki, perspektiv Qərb masalarında real “məhsuldarlıq” yaransın.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR