İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ problemi strateji baxımdan həll olunub” - Keçmiş nazir SİRLƏRİ AÇDI

2778 24.08.2023 12:27 Müsahibə A A

Tofiq Zülfüqarov: “Nəyə görə, məsələn, Krasnodarda “dəhliz” yoxdur, orada da axı çoxlu erməni yaşayır”

Son günlərin ən geniş müzakirə mövzusu Azərbaycanın Ağdam-Xankəndi yolunun açılması ilə bağlıdır. Sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov “Yeni Müsavat”a müsahibəsində öncə bu məsələ ilə bağlı suallarımızı cavablandırdı.

- Tofiq bəy, əgər bu günədək Qarabağdakı bir erməni belə Azərbaycan vətəndaşlığını qəbul etmək və separatçılardan xilas olmaq niyyətini ifadə etməyibsə, bəlkə biz ifrat dərəcədə humanizm mövqeyi sərgiləyirik?

- Mən bu məsələyə digər tərəfdən yanaşmaq istərdim. BMT Təhlükəsizlik Şurasının iclası onu göstərdi ki, Azərbaycanı ittiham etmək üçün təkcə Ermənistan yox, bir çox qüvvələr birləşib, ittiham üçün real əsaslar olmadığı halda, uydurma bir mövzunu ortaya qoydular, amma nəticədə ifşa olundular. Yəni burada söhbət ondan getmir ki, bizim hərbi gücümüz çatır, ya çatmır, siyasi iradə mövcuddur, ya yox? Başa düşməliyik ki, biz bu məsələdə çox ehtiyatlı davranmalıyıq. Ona görə yox ki, kimdənsə qorxuruq. Sadəcə bizim məqsədimiz oradakı problemləri həll etməkdir ki, məqsədimizə çataq, yəni bayrağımızı Xankəndiyə sancaq. Amma bəllidir ki, bu, emosional bir mövqedir. Biz elə vəziyyət yaratmalıyıq ki, həm öz məqsədlərimizə çataq, həm də düşmənlərimizə bəhanə verməyək ki, bizə qarşı əsassız siyasi ittihamlar irəli sürsünlər. Ermənistanın yanında böyük bir dəstə yaranıb, onlar gözləyirlər ki, hansısa məsələdə bizi ittiham eləsinlər. Bu məsələ ermənilərin möhtac olduğu yeganə imkandır. Hərbi baxımdan, beynəlxalq hüquq baxımından onlar uduzublar,  indi hansısa məsələni saxtalaşdırıb bizə qarşı istifadə etmək istəyirlər.

Tofiq Zülfüqarov — Vikipediya

- Ərazilərimizə minalar, hərbçilər, silahlar daşınır, terrora əl atır, itaətsizlik göstərirlər. Amma yenə də humanitar yardım təklif edirik...

- Bəli, ərazimizdə qanunsuz qoşunlar saxlayırlar. Baxın, ordakı araiklər, “nazirlər”, hərbçilər maaşı Ermənistanın büdcəsindən alırlar.  Yəni Ermənistanın dövlət büdcəsindən maliyyələşirlər. Sadəcə adını dəyişdiriblər, amma pul eyni mənbədən gəlir. Buradakı humanizm ilk növbədə əhali ilə bağlıdır. Biz haqlı ola-ola hələ də yolları axtarırıq ki, ittihamlara məruz qalmayaq və əsas məqsədimizə nail olaq.

- Amma humanitar yardım hətta Ağdam yolu ilə göndərilsə də, son nəticədə həm də Qarabağdakı minlərlə silahlıya, cinayətkara, terrorçuya çatacaq, elə deyilmi?

- Laçın yolu Qarabağ erməniləri üçün bir simvola çevrilib. Yəni hesab edirlər ki, Ermənistanla əlaqələri olmalıdır. Nəyə görə məsələn, Krasnodarda dəhliz yoxdur, orada da axı o qədər erməni yaşayır... Yaxud Marseldə niyə “dəhliz” yoxdur? Ora da dəhliz çəksinlər də...Burada mərhəmət məsələsi deyil, incə bir siyasətdir, diplomatik mübarizədir.

- Bakının “kökə siyasəti” sizcə, nə qədər çəkə və sonda “dəmir yumruğa” çevrilə bilər?

- Biz necə ki, Qarabağ ermənisi ilə Ermənistan ermənisi arasında az qala düşmənçiliyə çevrilən qarşılıqlı nifrətə nail olduq, eynilə bu cür vəziyyətin Qarabağın daxilində də baş verməsini gözləməliyik.

- Artıq Arutyunyan-Vardanyan toqquşmasının simptomları görünür...

- Bəli. Vardanyanın tezisləri ondan ibarətdir ki,  müharibəni müxtəlif yollarla davam etməldirlər.  Araikgil isə deyir ki, müharibəni davam etdirsək, “qurban biz olacağıq, sən helikopterlə aradan çıxacaqsan”. Orda proseslər bu səpkidə gedir. Vardanyana deyirlər ki, “sən ac adama oxşamırsan, amma mən axşam evə nə aparacağımı düşünürəm”. Demə, anbarlarda yemək-zad var imiş, təlimat veriblər ki, sabahdan onları satışa buraxın. Yəni qəsdən humanitar çətinlikləri yaradıblar. Bu vəziyyətə qarşı çıxan biz ola bilərik. Bir neçə ay öncə deyilib ki, bu xunta oradakı insanları girov saxlayır. Amma biz gözləməliyik ki, separatçıların arasında qarşıdurma olsun və sonra sağlam qüvvələrə kömək edək. Yəni Azərbaycan öz ərazisindəki sağlam erməni qüvvələrə kömək edəcək. Terrorçuları tərksilah etmək, dinc insanları xilas eləmək və s. Biz görürük ki, bu proses başlayıb. Çünki başlamaya bilməz. Təsəvvür edin, kimsə gəlib tribunaya çıxır ki, acından ölün, sabah deyəcəyik bunlar humanitar fəlakətin  qurbanıdır. Bunlar da deyirlər sən dəli olmusan, bu, anormal bir çağırışdır. Yəni istər-istəməz oradakı mülki şəxslərin nifrəti bizə qarşı olmayacaq, Vardanyana qarşı olacaq. Odur ki, biz bu məqamları nəzərə almalı və gözləməliyik.   

- Vardanyan Rusiyanın Xankəndiyə göndərdiyi, Kremlin hazırladığı ssenarinin başında dayanan şəxsdir. Qəribəsi budur ki, Rusiya ilə başqa platformalarda düşmən olan dövlətlər də dolayısı ilə Vardanyan planını dəstəkləmiş olurlar. Üstəlik, görünən budur ki, Moskva Vardanyanı geri çağırmaq niyyətində deyil. Bu barədə nə demək olar?

- Bəli, qəribə vəziyyət yaranıb. BMT Təhlükəsizlik Şurasındakı müzakirəyə qayıdaq. Fransa nəyi tələb edir: Laçın yolunu aç! Deyir ki, əldə olunmuş razılıqlara riayət etmək lazımdır. Deməli, birbaşa deyir ki, yolu Rusiya sülhməramlılarına təhvil ver!  Amerikanın nümayəndəsi deyir ki, nə Laçın yolu, Azərbaycan öz suveren hüquqları çərçivəsində, Rusiya sülhməramlılarından asılı olmayaraq, humanitar yardımı təşkil edir. Ermənilər deyirlər ki, orda nəzarəti ruslara qaytarın. İclasın məqsədi bu idi. Biz görürük ki, burda oyunlar gedir. Ruslar deyir ki, siz bizi burdan çıxartsanız, o halda beynəlxalq missiya kimi qayıdacağıq. Daha doğrusu, burada qalacağıq, Qərb ölkələri beynəlxalq bir ”papaq" verəcəklər, deyəcəklər BMT-nin adından qalın. Necə ki, Abxaziyada belə olub. Abxaziyada həmin rus sülhməramlıları BMT tərəfindən təsdiqlənən əməliyyatda iştirak edirdilər. Dəstək şəklində 37  qətnamə qəbul olunub.  Bəzən bizim insanlar haqlı olaraq emosional şəkildə buna reaksiya verəndə onu da başa düşməliyik ki, çox incə məsələlər və bizə qarşı bir çox qüvvələr, düşmən mövqelər var. Biz burada incə siyasət həyata keçirməliyik ki, məqsədlərimizə nail olaq.

- Tofiq bəy, Laçın sərhəd buraxılış məntəqəsindən keçib Ermənistana gedən Rusiya pasportlu erməni gənclərlə bağlı ajiotajı yəqin izlədiniz. İstisna deyil ki, onlar təhsil ardınca və yaxud digər niyyətlə gediblər və birdəfəlik köçdən xəbər vermir...

- Yox, orda köçmək-filan yoxdur. Birincisi, Qarabağdan heç kəsi buraxmırlar. Özləri də deyirlər ki, bizdə hərbi vəziyyətdir, kişilər burada qalmalıdırlar. Ailə üzvlərini hansısa səbəblərə görə, müalicə və sair məsələlərlə bağlı buraxa bilərlər. Hətta müharibədən qabaq oradan çıxmaq üçün nə qədər rüşvət verilməliydi. Biz başa düşməliyik ki, əslinə qalsa, Qarabağdakı mülki ermənilər orda girovdurlar. Oyunlar bəllidir. Onların taktikası əslində erməniləri məhv edəcək. Çıxıb deyir ki, “sən, ailə üzvlərinlə birgə ”miatsum" naminə burda ölməlisən". Nəinki Qarabağdakı, hətta Ermənistandakı ermənilərin böyük hissəsi hələ müharibədən öncə qaçıblar. Amma indi bunlar deyir yox, sən burda ölməlisən ki, sabah sənin şəklini BMT-də göstərim.

- 60 nəfərin ardınca daha 100 nəfər Laçın yolu ilə Qarabağı tərk elədi, özü də rus pasportu ilə. Bu, o demək deyilmi ki, Qarabağ ermənilərinə kütləvi şəkildə Rusiya pasportları paylanıb?

- Yox. Amma paylanıbsa, daha yaxşı.

- Axı, mənfur planı Abxaziya məsələsində görmüşük. Qarabağda da “rus icması” yaradılırdı. Təhlükəli perspektivdən xəbər vermirmi?

- Abxaziyada və Osetiyada bunu tətbiq ediblər, bəllidir. Biz başa düşməliyik ki, onlar istənilən planı cıza bilərlər.  Amma güclə, müharibə şəraitində insanları saxlamaq mümkün deyil, onsuz da qaçacaqlar. Hətta Ukraynada 16 yaşından yuxarı oğlanları xaricə buraxmırlar. Hələ əsgərliyə 18 yaşında gedəcək. Bənzər vəziyyət Rusiyadadır.  Qarabağdakı köç nədən irəli gəlir? Deyir sabah məni də orduya aparacaqlar.

- Amma günün birində Rusiya Qarabağda rus pasportu daşıyan şəxsləri “vətəndaşı” elan edərsə, onda necə?

- Rusiyanın oyun oynaması üçün o qədər bəhanəsi var ki. Amma beynəlxalq vəziyyət o səviyyədə deyil ki, Moskva rus pasportu ilə nə isə qazana bilsin. Rusiya o halda deyil ki, bizə qarşı müharibə eləsin.  

- Qondarma rejimin oyuncaq parlamentinin sədri yenə də “dövlətçiliyin əsasları”dan danışıb. Bunlar yenə də “dövlət”dən-filandan danışırlarsa, deməli, düzələnə oxşamırlar...

- Danışacaqlar da...Biz onları tərksilah etməyincə, konstitusiyamıza qarşı çıxış edənləri zərərsizləşdirməyincə, danışacaqlar.

- Qarşıdakı günlərdə nə gözləyirsiniz: nöqtəli zərbələr, lokal, yoxsa irimiqyaslı antiterror əməliyyatı?

- Hesab edirəm ki, görünməyən, ictimaiyyətin xəbəri olmayan müxtəlif işlər görülməlidir və artıq görülür. Belə bir məlumat var ki, artıq yaxın günlərdə Bərdədə hansısa təmaslar ola bilər. Artıq anbarlardakı ərzaqlar satışa çıxarılır. Yəni “humanitar böhran” bəhanəsini aradan götürüblər. Dəyişikliklər baş verir.

- Amma  Fransa, Hindistan və  İran Ermənistanı silahlandırmaqda davam edir...

- Hərbi mütəxəssislər deyirlər ki, Ermənistana böhran vəziyyətdən çıxması üçün ən azı 10-15 il lazımdır. Müharibədən qabaqkı hadisələr yadınızda? Xəbər yaydılar ki, 4 qırıcı alıblar, “İskəndər” raketlərini meydanda o tərəf-bu tərəfə aparırdılar. Belə məsələləri ciddi qəbul etmək lazım deyil. Hindistan özü nədir ki, onun silahları nə ola?

- Deməli, siz hərbi əməliyyatların gündəmdə olmadığını güman edirsiniz?

- Hələlik, genişmiqyaslı hərbi əməliyyatları görmürəm. Amma hansısa toqquşmaları istisna etmirəm. Əməliyyat olsa, şərti sərhəddə  ola bilər. Baxın, Qafan aeroportu mövzusu gündəmə gəldi. Bu baxımdan bizi əsas maraqlandıran ərazi Zəngəzurdur. Ermənilər cəhd edirlər ki, gərginliyi Qarabağda yaratsınlar, Zəngəzur gündəmdən çıxsın. Əslinə qalsa, Təhlükəsizlik Şurasının iclasında məqsəd bu idi. Amma bildiyiniz kimi, bu arada sərhəd komissiyalarının iclası keçirilib və orada erməni tərəfi bəyan edib ki, biz 1975-ci ilin xəritələrini əsas götürmək istəyirik, Azərbaycan bundan imtina edir. İclasın nəticəsi bununla bitib.

- Tofiq bəy, hər dəfə 1975-ci il xəritəsinə istinad edən Ermənistanın qarşısına birdəfəlik 1918-20-ci il xəritələrini qoymaq mümkün deyilmi? Həmin xəritə məhz Ermənistanın “böyük bacısı”nın paytaxtında təsdiqlənib...

- 1918-20-ci il xəritəsi masada mütləq olmalıdır və olacaq da! Çünki 1920-ci ilin noyabrında Zəngəzur ermənilərə verilmişdi. Siyasi Büronun qərarı var. İşğalçı Rusiyanın administrasiyanın qərarı olub. Qafqaz Bürosunun qərarından söhbət gedir. Orda nə Azərbaycan xalqının iradəsi olub, nə də bir şey. Qeyri-qanuni qərar qəbul olunub. Biz onları niyə yaddan çıxartmalıyıq? Əslində Paşinyan da bunu danışır. Deyir mən Ermənistan üçün kadastr sənədi almaq istəyirəm, bizim kadastr sənədimiz yoxdur. Söhbət ən azı Zəngəzurdan gedir. Bunların dərdi budur. Qarabağ mövzusunu gündəmə gətirəndə onların məqsədi bu idi ki, diqqəti Zəngəzurdan Qarabağa yönəltsinlər. 1920-ci ilədək Azərbaycanın sərhədi Göyçə gölünün 3-də ikisini kəsirdi. Bunu unutmaq olmaz. Ona görə də biz bu məsələyə təmkinli yanaşmalıyıq. Ay Arayik belə dedi, filankəs elə dedi. Onların heç özlərinin 3 qəpiklik qiyməti yoxdur, nəinki dediklərinin. Ona görə də ancaq irəli! Ümumiyyətlə, mən hesab edirəm ki, Qarabağ məsələsi strateji baxımdan həll olunub. O ki, qaldı digər məsələlər, onlar hərbi baxımdan iki günlük məsələdir. Siyasi baxımdan hələ də biz tərəfdən bəzi gedişlər olmalıdır ki, axırıncı möhürü vuraq. Əsas odur ki, bizim əsgərimiz Qafanın yanındadır, Naxçıvana az qalıb. Bəzi ərazilərdə hava məsafəsi ilə Naxçıvana 16 km-lik məsafə var...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR