Paşinyan: "Xaçaturova görə KTMT ölkələrinin başçıları xahiş etdilər"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-nın baş katib Yuri Xaçaturov barəsində qətimkan tədbirini təşkilata üzv dövlətlərin başçılarının xahişi ilə dəyişdiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, çərşənbə günü “Hökumət saatı”nın gedişatında danışıb.

Paşinyanın sözlərinə görə, KTMT ölkələrinin liderləri ondan, qurumun baş katibinin yazılı öhdəlik altında həbsdən azad edilməsi üçün lazımi tədbirlər görməsini rəsmən xahiş ediblər.

"Nəzərə alaraq ki, mənə diplomatik kanallarla müraciət etdilər, mən Xüsusi İstintaq Xidmətinin rəhbərinə, əgər hüquqi baxımdan belə imkan varsa, bu xahişi yerinə yetirməyi tapşırdım", — Paşinyan deyib.

O bildirib ki, Xaçaturovun girov müqabilində azad olunmasından sonra çoxları ona qarşı öz ifadələrindən, ayrı-ayrı insanlar isə ümumiyyətlə ifadə verməkdən imtina etdilər. Baş nazir qeyd edib ki, beləliklə, Xaçaturovun azad olunması işin hərtərəfli araşdırılmasına mane oldu.

Xatırladaq ki, iyulun sonunda Yuri Xaçaturov Yerevana dindirməyə çağırılmışdı. Ermənistanın Xüsusi İstintaq Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilirdi ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nın baş katibi onda həbs edildi, amma sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxıldı.

Virtualaz.org

12.09.2018 23:47
791