İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətanət Əsədovanın araq qədəhi jurnalistlərin başında “çatlayır”

2611 25.08.2018 08:40 Media A A

“Davranışlarına fikir versinlər, mətbuat da yazmasın...”

Mətbuat müğənni Mətanət Əsədovanın sosial şəbəkələrdə içki içərkən çəkilmiş videosunun yayılması haqda yazıb. Sonradan görüntülər mətbuata da çıxdı və öz ətrafında qalmaqal daha da böyüməyə, ictimaiyyətin müzakirə mövzusuna çevrilməyə başladı.

Qalmaqallı video istər sosial şəbəkələrdə, istərsə də mətbuata yayıldığı andan ciddi ictimai qınağa tuş gəldi. Hətta bəzi həmkarları, o cümlədən aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnini kəskin tənqid edib. Buna baxmayaraq Mətanət Əsədovanın müdafiəsinə qalxan həmkarları da olub. Onların arasında müğənni Ədalət Şükürov da var. Müğənni həmkarının içki məclisindən olan videosunu yayımladığı üçün xəbər saytlarını qınayaraq, onları təhdid və təhqir edib: “Dünəndən gördüm bu videonu. Ayıb olsun onu çəkib paylaşana və o saytlara ki, bu videonu paylaşıblar. Birincisi, Mətanət içki içmir, ikincisi də söyüş söyüblər, Mətanət də etirazını bildirib və ondan üzr istəyiblər. Niyə reytinq xətrinə bunu saytlar şişirdir? Mən neçə dəfə demişəm bu şərəfsiz, mədəniyyətsiz, əxlaqsız, dövlətini sevməyən sayları bağlamaq lazımdır!”

Onu da qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə müğənni Ədalət Şükürov mətbuat, jurnalistlər barəsində təhqiredici ifadələr səsləndirib. Məsələn, bir neçə il bundan əvvəl televerilişlərin birində müğənniyə dahi sənətkarlarımızın, o cümlədən məşhur aktyorlar Adil İsgəndərov, Fazil Salayev, Məlik Dadaşovun şəkilləri göstərilib, adları soruşulanda Ədalət Şükürov onları tanımamışdı. Müğənni hətta dahi bəstəkarımız Qara Qarayevin də kimliyini tapa bilməmişdi. Verilişdən sonra müğənni mətbuatda, sosial şəbəkələrdə qınağa tuş gəlmişdi. Müğənni isə buna görə jurnalistləri çox ağır şəkildə təhqir etmişdi. Və yaxud ötən il efirdə sayt jurnalistlərini “zurnalist” adlandırmışdı.

vüqar rəhimzadə ile ilgili görsel sonucu

“Mətbuatın, hansısa jurnalistin təhqir olunması yolverilməzdir”. Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi. O, qeyd etdi ki, sonuncu məlum video ilə bağlı qalmaqalda mətbuatın medianın günahı, məsuliyyəti yoxdur: “Bu haqda bu əməlləri törədən insanlar düşünməli və məsuliyyət daşımalıdır. Mətbuatın funksiyası ondan ibarətdir hansısa olayı, faktı, tədbiri işıqlandırsın. Əgər həmin sənətçilər bu əməllərin sahibidirlərsə, bu işdə mətbuatın günahı nədir? Əvvəla, onlar öz fəaliyyətlərinə, hərəkətlərinə diqqət etməlidir. Onlar o cür davranmasınlar, mətbuat da yazmasın. Mətbuatın, hansısa jurnalistin təhqir olunması isə yolverilməz, qəbulolunmazdır. Mətbuat əgər yalan yazıbsa, bu başqa söhbətdir. Yox, reallığı yazıbsa, artıq burada mətbuatın heç bir məsuliyyəti, günahı yoxdur”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Elçin Mirzəbəyli də məlum videonun yayılmasında mətbuatın məsuliyyət daşımadığını dedi: “Əslində Azərbaycan qanunvericiliyində şəxsi həyata müdaxilə məsələsi yolverilməzdir və jurnalistlərin peşə prinsipi də buna icazə vermir. Söhbət burda şou-biznes məsələsindən gedir. Adətən bu mövzulardan kənar qalmağa çalışıram. Nəzərə almaq lazımdır ki, əslində məlum videonu yayanın davranışları qeyri-qanunidir. Burada mətbuatı qınamaqdansa, videonu yayan şəxsi məhkəməyə verib, cəzalandırmaq lazımdır. Yəni bir daha qeyd edim ki, bu məsələdə mətbuat günahkar deyil, günahkar videonu yayan şəxsdir. Artıq bu video sosial şəbəkələrdə yayıldıqdan sonra mətbuatın həmin videonu yaymasında qeyri-qanuni bir hərəkət yoxdur. Bir məqama xüsusi diqqət çəkmək istəyirəm ki, Azərbaycan mediası bəzən ucuz materialdan istifadə edərək reytinq qazanmağa çalışır. Ümumiyyətlə, bu olayda iştirak edən şəxslərin özünün sənət, intellekt və ictimai baxımdan hansı çəkisi var ki, bu gün mediaya çıxarılaraq barəsində müzakirələr aparılır? Bu cür şəxsləri diqqətdən kənarda saxlamaq lazımdır”.

Azər Rəşidoğlu ile ilgili görsel sonucu

Tanınmış jurnalist Azər Rəşidoğlu isə mövzuya bu cür şərh bildirdi: “Əslində Manaf Ağayev, Mətanət Əsədova sindromu mətbuatın və şou biznesin üzünü göstərdi. Müqəssir elə mətbuat özüdür. ”Palatka" müğənnilərinə bu qədər diqqət ayıranda axırı elə belə də olmalı idi. Manaf və Mətanətin efir vasitəsi ilə etdikləri təhdid və təhqirlər konkret cinayət əməlidir və onlar cinayət məsuliyyətinə cəlb edilməli, Tolik (prodüser Tarix Əliyev - red.) adlanan o “yaratığın” verilişi bağlanmalıdır. Görün, vəziyyət nə həddə çatıb ki, artıq hamı 3 nəfər barədə - Tolik, Manaf və Mətanət barədə tənqidi fikir səsləndirməyə qorxur. Qorxur ki, Tolik və Mətanətin ixtiyarında efir var və o, bizi təhqir edər. Hər kəs qorxur ki, Manaf onu döyə bilər, axı o, özünü kriminal avtoritet hesab edir. 30 ilin jurnalisti kimi həmkarlarımdan xahiş edirəm: Manaf və Mətanəti unudun, onlardan açıqlamalar və müsahibələr almayın, fotolarını dərc etməyin, efirdə göstərməyin. Not bilməyən insanları bu qədər şişirtməyin. Manaf Ağayev özünü dövlətdən, qanundan yuxarıda görür, nə polisdən ehtiyat edir, nə hüquq-mühafizə orqanlarından. Aylardır hamını “razborkaya” dəvət edir, “sındırır”, təhqir edir, qorxudur. Sanki hamı onun əlində aciz qalıb. Bu nə vaxta qədər davam edəcək? Ona “dur” deyən tapılmayacaqmı?"

Taleh Şahsuvarlı ile ilgili görsel sonucu

Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə məlum görüntülərin mətbuatda yayılmasının yolverilməz olduğunu dedi: “Biz bu məsələyə bir dəfə də yer verməmişik. Bu cür məsələnin saytımızda yayınlanması bizim oxucularımıza hörmətsizlik olardı. Ümumiyyətlə, düşünürəm ki, özünə və oxucularına hörmət edən media o görüntüləri yaymalı deyildi. Kimsə bunu ”İP" xatirinə edirsə, bu da mübahisəli yanaşmalıdır. Çünki biz o görüntüləri verməsək də reytinqimizi səviyyəli yazılar, maraqlı müsahibələr və özəl açıqlamalarla qaldırırıq. Deməli, işin asanına qaçmaq və jurnalistikanı küçə söhbətləri səviyyəsinə endirmək lazım deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR