İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul səfiri kim olacaq - İmamoğlu gedir(mi)...

3368 29.03.2024 08:31 Yazarlar A A
İlk yayımlanma saatı 28.03.2024, saat 21:47

 

CHP-nin namizədi siyasi lider kimi əvvəlki cəlbediciliyini itirdi, bələdiyyə məmuru qılafına uyğunlaşdı, amma rüşvət almır, yoxsa Ərdoğan iqtidarı çoxdan onu həbsə atmışdı

Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçiriləcək. Razılaşaq ki, Azərbaycanda Türkiyədəki bələdiyyə seçkilərinə 2019-cu ildəki qədər maraq yoxdur. 2019-cu ildəki seçkinin əsas intriqası İstanbulda CHP-nin parlayan ulduzu hesab edilən Əkrəm İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında gedirdi. Ölkəmizdə kimin İstanbulda qalib gələcəyi ciddi müzakirə və mübahisə mövzusu idi.

İmamoğlu əlbəttə ki, bələdiyyədə yeni adam deyildi, bundan əvvəl İstanbulun kiçik bələdiyyəsində başqan olmuşdu. Amma 2019-cu il seçkilərində onu cəlbedici edən təkcə soyadı deyildi, adam CHP-nin ən parlaq fiquru kimi önə çıxmışdı. AKP isə gənc, enerjili və ambisiyalı namizəd qarşısına yorğun və yaşlı Binəli Yıldırımı çıxarmışdı. Mən o seçkilərdə Binəli bəy üçün üzüldüyümü də xatırlayıram, çünki o, köhnə kişilərdəndir, Azərbaycan sevdalısıdır, türk siyasətçilərinə məxsus acıdilliyi yoxdur. Onun İmamoğlu kimi hər cəhətdən üstün keyfiyyətli biri ilə yarışdan qalib çıxması əlbəttə, mümkünsüz iş idi. Nəticələr ləğv olunsa da, təkrar seçkidə İmamoğlu böyük üstünlüklə qalib gəldi. 

Screenshot_13.png (621 KB)

Ərdoğana İmamoğlu şəxsində ciddi rəqib yetişdiyi haqda ilk dəfə elə İstanbul seçkilərində danışılmağa başlamışdı. 2023-cü ilin prezident seçkilərində İmamoğlunun müxalifətin vahid namizədi olması çox dartışıldı. Amma İmamoğlu ağıllı tərpəndi, namizədliyini gündəmdən çıxara bildi. Çünki o namizəd olsa belə, seçkini qazanması çətin olacaqdı. İmamoğlunun Binəli Yıldırma qalib gəlməsi başqa, Ərdoğana uduzması isə başqa vaqeə olardı. Ona görə İmamoğlu prezidentliyə namizəd olmadı, sonra baş verənlər də bəlli... Kılıçdaroğlunun ikinci turda da Ərdoğana uduzduqdan sonra başqanlıqda qalması mümkünsüz oldu. İmamoğlu bu dəfə partiya başqanlığına əsas namizəd kimi göstərilsə də, yenə siyasi gediş etdi, yaxınlaşmaqda olan bələdiyyə seçkilərinin məsuliyyətini CHP lideri kimi üzərinə götürmədi, Özgür Özəl başqan oldu.

Screenshot_11.png (491 KB)

Əkrəm İmamoğlunun 5 il ərzində İstanbulda nələr edib, bunu ancaq Türkiyədə ən çox seçicinin yaşadığı (11 milyon 314 min 516) şəhərin adamları qiymətləndirə bilər. İnformasiya resursları Türkiyə qədər çatımlı olan Rusiya ilə müqayisə edirəm, məsələn, İmamoğlu Moskva meri Sobyanin kimi şəhər infrastrukturunda ciddi işlər görə bilibmi, demək çətindir. 

Screenshot_10.png (743 KB)

Şəxsi qənaətimə görə, İmamoğlu İstanbul bələdiyyəsində siyasi lider kimi əvvəlki cəlbediciliyini itirdi, bələdiyyə məmuru qılafına uyğunlaşdı. Yəqin ki, rüşvət almır, yoxsa Ərdoğan iqtidarı çoxdan onu həbsə atmışdı. İqtidarla əlbəttə ki, qaynayıb-qarışmadı, Ərdoğan da bu 5 ildə onunla məsafəli davrandı, həmişə tənqid etdi. Xatırlayıram ki, bu illər ərzində adı ən azı iki dəfə İstanbulda yağış və qar səbəbindən mənfiyə hallandı, həmin vaxt şəhərdən kənarda oldu. Hansı projelərini gerçəkləşdirə bildi, hansılarını edə bilmədi, bu da bizə aidiyyəti olmayan suallardır. Amma şəxsi qənaətimə və Türkiyə mediasına nəzərən deyirəm ki, İmamoğlunun bu dəfə İstanbul Böyük Şəhər Bələdiyəsi başqanı mazbatasını(vəsiqəsini) qazanmaq şansı azdır. Üstəlik, namizədlər də çoxdur və həm AKP, həm CHP onların tabanına yaxın namizədlər səbəbindən mütləq səs itirəcək.

AKP-nin namizədi Murat Kurum şəhər təfərrüatına çox yaxın adamdır, ətraf mühit və şəhərsalma naziri işləyib. Yəni namizəd kimi uğurludur, reklam çarxlarına baxıram, yaxşı vədlər verir, xüsusilə gənc ailələr üçün. Əkrəm İmamoğlunun kampaniyası isə sönük oldu, CHP İstanbuda böyük mitinq də keçirmədi. Üstəlik, partiyada “sular durulmur” və Özgür Özəl dönəmi müvəqqəti, keçici kimi görünür. 

Screenshot_12.png (759 KB)

Müşahidəmə görə, Əkrəm bəy narahat deyil, İstanbulu itirərsə, bu dəfə CHP-yə tam sahiblənə bilər. Yəni uduzacağı halda, Əkrəm İmamoğlunun gedəsi yeri olacaq. Türkiyədə rəy sorğuları reallığı əks etdirmir, bəzi anketlərdə İmamoğlu, bəzilərində Murat Kurum lider kimi görünür. AKP bu dəfə Ankara da daxil, İstanbulu və CHP-nin kurort zonalarındakı bələdiyyələrini geri almaqda israrçı kimi görünür. Paytaxt Ankara İstanbulla birgə ən böyük maraqla izlənən şəhərlərdən biridir. Burada bir çox namizəd yarışa qatılsa da, ən güclü namizədlər hazırkı Ankara bələdiyyə başqanı Mansur Yavaş ilə Cümhur İttifaqından AKP-nin namizədi Turqut Altınokdur. Ərdoğan qatıldığı son bələdiyyə seçkilərini qalibiyyətlə başa vurmaq niyyətindədir. Kim bacaracaq, bazar günü biləcəyik... 

 Screenshot_14.png (600 KB)

İlin sonunda Azərbaycanda da bələdiyyə seçkiləri olmalıdır. Bunu elə-belə yada saldım...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR