İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Kremlə qarşı riskli taktikası – Qarabağı nə gözləyir?

1529 21.08.2018 10:00 KİVDF layihələri A A

İnqilabçı baş nazir Paşinyanın siyasi aqibəti haqda ekspert rəyləri; “Moskvaya sürpriz etmək istəyən Ermənistan hakimiyyətinin özü sürprizlə üzləşə bilər...”

Ermənistanda “məxməri inqilab”ın 100 günü arxada qaldı. Bu müddətdə işğalçı ölkənin olan-qalan əhalisinin güzəranında, sosial-iqtisadi durumunda yaxşıya doğru ciddi dəyişikliyin baş verməməsi öz yerində, Qarabağ probleminin dinc həll perspektivinə də pozitiv yöndə aydınıq gəlmədi, dəyişiklik olmadı. Əksinə, “Qarabağ klanı”nın nümayəndəsi olmayan yeni baş nazir Nikol Paşinyanın qeyri-peşəkarlığından doğan absurd tələblər nizamlama prosesini daha əlçatmaz elədi.

 “Sizdən gizli Qarabağla bağlı heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox”. Bu sözləri ötən həftə o, özünün baş nazirliyinin 100-cü günü ilə bağlı İrəvanın Respublika meydanında təşkil elədiyi mitinqdə deyib. Göründüyü kimi, Paşinyan Qarabağ məsələsində öz üzərinə əsas məsuliyyəti götürməyə hazırlaşmır, onu erməni xalqının üstünə atmaq istəyir. Eyni zamanda populistcəsinə sələflərini (Serj Sərkisyan və Robert Köçəryan) Azərbaycana “torpaq güzəşti” etməyə hazırlaşmaqda ittiham edir. Halbuki belə bir şey olmayıb.

Belə ki, 17 avqust mitinqində o, rəqiblərini KİV-lərin alınmasında, sosial şəbəkələrdə uydurma hesabların yaradılmasında və təzə hökumətin hakimiyyətə “torpaqları təhvil vermək” üçün gəldiyi barədə şayiələr yaymaqda ittiham edib. Onun iddiasına görə, əslində bunu ondan əvvəlkilər etmək istəyiblər və onun əlində bunu sübut edən bütün sənədlər var. Sitat: “Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir”.

Paşinyan bunu da vurğulayıb ki, indiyə kimi Qarabağ üzrə heç bir danışıq aparmayıb. Lakin o, gec-tez danışıqlar prosesinə qatılmağa məhkumdur. Çünki əks təqdirdə, müharibə qaçılmaz olacaq. Erməni analitiklərin özləri də vaxtaşırı etiraf edirlər ki, “Ən pis danışıqlar müharibədən yaxşıdır”.

*****

Bəs 17 avqust izdihamlı mitinqi Paşinyan iqtidarına hansısa divident gətirdimi və bunun Qarabağ ixtilafına hansısa təsiri gözlənilirmi?

“Nikol Paşinyanın 17 avqust mitinqi onun gücünü heç də artırmır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Paşinyanın mövqeyinin güclənməsinə indi üç amil əngəl yaradır: “Birincisi, onun parlamentdəki mövqeyinin zəifliyidir. O, güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə proseduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan öz kreslosunu itirsin. Məsələn, Respublika və Daşnaksütyun partiyaları 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir. İkincisi, Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursu var. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Robert Köçəryan həbsdən azad olunan kimi Daşnaksütyun Partiyasının televiziyasında onun müsahibəsi yayımlandı və ya məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə prezident administrasiyasında onun işçisi olub”.

Politoloq üçüncü əngəl qismində haqlı olaraq, Rusiya amilini görür: “Köçəryan Paşinyanın ”Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır" sözlərini kəskin tənqid edib. Onun Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq. Nəhayət, Paşinyanın hazırkı reytinqi hələ yüksək olsa da, onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin mayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər".

*****

“Yeni Müsavat”ın məlumatına görə, öz növbəsində rusiyalı siyasi icmalçı Mixail Belyayev bu xüsusda “Vestnik Kavkaza” portalındakı müəllif məqaləsində Moskva amilinə toxunaraq yazıb: “Ermənistan hakimiyyətinin KTMT baş katibi Yuri Xaçaturovu həbs eləməklə yaratdığı hay-küylü insident azmış kimi, Paşinyanın komandası Moskvaya münasibətdə təxribatçı addımları davam etdirir. Belə ki, bu dəfə Cənubi Qafqaz Dəmiryolu şirkətində vergi pozuntuları ilə bağlı yoxlamalara başlanıb və 9.7 milyon dram məbləğində vergidən yayınma ittihamı üzrə cinayət işi açılıb. Bu hadisəni inqilabdan sonra artıq adiləşən ”razborka"lar sırasına aid eləmək olardı, bir məsələ olmasaydı".

Analitik bu yerdə diqqəti Ermənistandakı Cənubi Qafqaz Dəmiryolu şirkətinin Rusiya Dəmiryolları şirkətinin törəmə qurumu olmasına çəkir. “Əvvəlcə KTMT baş katibinin həbsi baş verdi, indi isə Cənubi Qafqaz dəmir yolunda axtarışlar aparılır. Əlamətdardır ki, bütün bunlar baş nazir Nikol Paşinyanın forma və məzmunca olduqca kəskin bəyanatı fonunda baş verir. Paşinyan demişdi ki, ”Rusiya Ermənistandakı yeni situasiyaya adaptasiya olmalıdır". Doğrudanmı Qərbdən dəstək üçün ona tərəf ümidlə boylanan erməni hakimiyyəti anlamır ki, sabah elə özləri də “yeni situasiya” ilə üzləşə bilərlər? Özü də bu, yeni erməni hakimiyyətinin adaptasiyası ilə bağlı heç də ilk fakt deyil", - deyə rusiyalı siyasi icmalçı xəbərdarlıq edib.

Digər politoloqlar da Paşinyan iqtidarının siyasi gələcəyi ilə bağlı nikbin mövqedə deyillər.

“Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının üzvü Eduard Şarmazanovun Nikol Paşinyanın siyasi hakimiyyətinə qarşı sarsıdırıcı tənqidlərində həqiqət payı, mövcud reallıqları əks etdirən nüanslar var. Şarmazanov Rusiya ilə münasibətlərin gərginləşməkdə olduğuna dair növbəti bəyanatı ilə bir daha Paşinyana mesajlar göndərir”. Bu sözləri politoloq Qabil Hüseynli Ermənistan parlamentinin vitse-spikeri Şarmazanovun Paşinyan hökumətinin “pinq-ponq” siyasəti yürütdüyü və Rusiyadan təhlükə olduğuna dair bəyanatını şərh edərkən deyib (teleqraf.com).

Onun sözlərinə görə, Şarmazanov bununla artıq bir neçə dəfədir müxalif Serj Sərkisyanın nümayəndəsi kimi Nikol Paşinyanın mövcud hakimiyyətini ciddi surətdə tənqid edir: “Xəzərin statusu ilə bağlı Konvensiya imzalananda Şarmazanov bildirmişdi ki, Ermənistanda siyasilərin bir-biri ilə didişdiyi vaxtda Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiya ilə birlikdə müqaviləyə imza atır və özündə həm nəqliyyat, həm də dəniz resursları və karbohidrogen ehtiyatları olan nəhəng layihəni reallaşdırır”.

Politoloqun fikrincə, Ermənistan parlamentinin vitse-spikerinin son zamanlar xeyli fəallaşması onu göstərir ki, Robert Köçəryanın partiya yaratmaq haqda bəyanatından və Serj Sarkisyanın istintaq komissiyasına çağırılması ilə əlaqədar Respublikaçı Partiyasının sıralarında canlanma hiss olunur: “Əsasını ”Qarabağ klanı" təşkil etsə də, kifayət qədər böyük oliqarxlar və tanınmış iş adamlarının dəstək verdiyi Respublika Partiyası gələcəkdə Köçəryanın formalaşdıra biləcəyi siyasi partiya ilə ittifaqa girərsə, güclü müxalifət düşərgəsi yarada bilərlər".

Qabil Hüseynli Rusiya mətbuatınin iki ölkə arasında gərgin münasibətləri açıq surətdə şərh etdiyinə və rus siyasilərinin bir-birinin ardınca İrəvana mesajlar ötürdüklərinə də diqqət çəkib: “Köçəryan və Yuri Xaçaturovun həbsdən azad edilməsi Kremlin təzyiqi ilə oldu. Bu hadisələr Paşinyan hakimiyyətinin nə qədər oyuncaq və itaətkar olduğunu aydın göstərir. Paşinyan Rusiyaya yaltaqlanır, az qala hər gün Moskvaya xoş gəlmək üçün müəyyən siyasi komplimentlərdən istifadə edir. Ona qarşı siyasi müxalifət formalaşıb və ayaq üstündə dik durmağa başlayıb. Hələ ki sözçü sifətində Şarmazanov çıxış edirsə, tezliklə sıralarından başqa millət vəkillərinin və yaxud Köçəryanın özünün də aktiv siyasi bəyanatlarla çıxış edəcəyinin şahidi olacağıq. Zənnimcə, bu, bəlli ssenaridir və ehtimal edirəm ki, Moskva tərəfindən hazırlanıb”.

Beləcə, yuxarıdakı politoloji rəylərdən bu qənaətə gəlmək olar ki, Rusiyaya sürpriz etmək istəyən Ermənistanın hazırkı hakimiyyətinin özü Moskvanın sürprizi ilə qarşılaşa bilər. Söhbət həm də Qarabağla bağlı sürprizdən gedir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR