İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev milli ruhlu ziyalılara şərait yaradırdı”

604 05.03.2024 13:06 Media A A

Deputat: “Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrilib”

Ulu öndər Heydər Əliyevin fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salır. 

Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verirdi, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi. Onun siyasətinin ana xəttini bu təşkil edirdi.

Böyük lider  Heydər Əliyev Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil Azərbaycan dövlətini qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim-azərbaycançılıq ideologiyasını yaratdı. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən, 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi: “Ulu öndər Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü, lakin Xalq Cümhuriyyətinin süqutundan sonra sovet sisteminin qadağan etdiyi  azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.

Ümummilli lider qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır".

Deputatın sözlərinə görə, sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdi, çünki qadağalar mövcud idi: "Lakin dahi şəxsiyyət Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərliyi zamanı azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradıldı. Heydər Əliyev milli ruhlu ziyalılara, ədəbiyyat adamlarına, tarixçilərə azərbaycançılığın təbliği üçün mümkün olduğu qədər şərait yaradırdı.  Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər və başqa intellektual fəaliyyət nümayəndələri müəyyən qədər bəhrələnərək bir çox əsərlər yaratmışdılar. Bu, Ulu öndərin hələ SSRİ zamanında qadağaların tüğyan etdiyi dövrlərdə böyük riskə getməsi idi. Ulu öndər Azərbaycanın gələcəyi üçün həyatını, karyerasını riskə atmaqdan çəkinməyən böyük lider idi. Azərbaycanda sovetlər dönəmində milli şüurun oyanışında Heydər Əliyevin böyük xidmətləri var idi. Onun zamanında yazılan əsərlərdə azərbaycançılığın mühüm sahələri olan ümumazərbaycançılıq hisslərinin, Azərbaycan dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından çıxmış ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi kimi milli şüurun oyanışında böyük təsiri olan məsələlər təbliğ edilirdi. Ulu öndər Azərbaycanın müstəqillik əldə edəcəyinə həmişə inanırdı. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

1993-cü ildən Heydər Əliyevin Azərbaycan siyasi rəhbərliyinə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı, azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin ideologiyasına çevrilməyə başladı".

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR