İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda daşınmaz əmlakın bahalaşması nə zaman dayanacaq?

1898 24.08.2023 20:05 Müsahibə A A

İş adamı Arif Lələyev: “Rusiya - Ukrayna savaşının sonu bəlli olmadığı kimi, bazarda da ucuzlaşmadan danışmaq hələ tezdir”

Azərbaycanın yaxın qonşusu və tərəfdaşı olan Gürcüstanın daşınmaz əmlak bazarı iqtisadiyyatın digər sahələri kimi yüksəliş dövrünü yaşayır. Bunun bir səbəbi Gürcüstan qanunvericiliyinin cəlbediciliyidirsə, digər səbəbi Ukraynada müharibə başlayandan sonra Rusiyadan ölkəyə köçənlərin rekord həddə çatmasıdır. Xüsusilə Rusiyanın IT sektorundan minlərlə şəxs Gürcüstanda məskunlaşıb ki, bu da ölkədə daşınmaz əmlaka tələbi kəskin artırıb.

Bu artım prosesi nə vaxta qədər davam edəcək? İyul ayında Gürcüstanın daşınmaz əmlak bazarında satışların azalması davamlı tendensiyadır, yoxsa mövsümi amil?

Bu və ya digər suallarımıza qonşu ölkənin daşınmaz əmlak bazarında fəaliyyət göstərən "Azturk Real Estate" şirkətinin sahibi Arif Lələyev cavab verib.

6300b50a87d12a40ef415898b06400c6.jpg (94 KB)

-Arif bəy, Gürcüstanın əmlak bazarında keçən ildən başlayan artım sürəti zəifləyir. Paytaxt Tiflisdə iyulda satış sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz, Batumidə isə 21 faiz azalıb. Sizcə, bu nə ilə bağlıdır? İyunda satışlar illik ifadədə xeyli artmışdı.

-Mövsümi xarakterlə əlaqədar əmlak bazarında tələb cuzi azalsa da, önümüzdəki aylarda hərəkətlənmə başlayacaq. Bunu aldığımız sifarişlərdən də müəyyən edə bilirik və gözləntilərimiz nikbindir. Hətta bu payız son 3 ilin rekordlarının qırılacağını indidən deyə bilərəm!

Ətraf ölkələrdən Gürcüstanda əmlak almaq istəyənlərin sayı son zamanlar artmaqdadır. Kirayə qiymətlərində olan sıçrayış əmlak almaq istəyənlərin marağını artırıb, torpaq sahələri, hotellər, ticari sahələrə alıcı sayı hər keçən gün artan xətt üzrə yüksəlir...

-Gürcüstanın daşınmaz əmlak bazarında qiymətlərdə ötən illə müqayisədə 23-28 faiz bahalaşma var. Bu, nə ilə bağlıdır: tələb çoxdur, yoxsa təklif azalır?

- Gürcüstan əmlak bazarı həcmcə böyük olmasa da, tələb həmişə olub. Müxtəlif ölkələrdən Gürcüstan bazarına yatırım edənlər bazarda qiymətin artmasının əsas səbəblərindəndir. Digər tərəfdən, Rusiyadan gələn alıcılar səbəbindən də əmlak bazarının ənənəvi tarazlığı pozulub, qiymətlər yüksəlməkdə davam edir. Bundan əlavə, dünyada geden bahalaşma, tikinti materiallarının bahalaşması və s. qiymətlərə artırıcı təsir edir.

Hazırda Gürcüstanda yeni tikililərlə yanaşı, sovet dövründən qalma Xruşşovka, Moskva, və panel evlərə də alıcı tələbatı artmaqda davam edir. Yerli əhali ucuz köhnə evlərə üstünlük verərkən yabancilar yeni tikililərə üstünlük verirlər və bunların bir-birini tamamlaması qiymət artımına təkan verir. Digər tərəfdən, az tikilən yeni binalar, yeni bina tikmək üçün çətin "icazə alma" prosedurları da bazarda təklifi qıtlaşdırır... Bir sözlə, Gürcüstan əmlak bazarında qazanmaq qarantıdır, həm yeni binadan, həm köhnə binadan, həm də tikinti ilə məşğul olmaq işlərindən birmənalı olaraq qazanc götürmək mümkündür.

- Ukrayna müharibəsi başlanandan sonra Gürcüstanda çoxsaylı ruslar əmlak alırdılar. Bu proses davam edirmi?

- Bəli, hələ də ruslar Gürcüstan əmlak bazarında ən çox tələb yaradan amillərdəndir. Belə ki, kirayə evlərə olan tələbat artdıqca paralel olaraq ev almaq istəyənlərin də sayı çoxalır.

-Azərbaycanda Gürcüstan əmlak bazarına maraq qalırmı? Orada mülk, əmlak alanlar çoxdurmu?

770ed59ba574043822e9da0bb952bd78.jpg (95 KB)

-Son illərdə Bakıda torpaq və evləri olan Gürcüstan əsilli soydaşlarımızın əmlaklarını sataraq Tiflis, Batumi və Marnauli bölgələrindən əmlak almaları artıb. Əvvəllər bunun əksi müşahidə olunsa da, indi tam əksinə, Tiflis və digər bölgələrdən əmlak almaq istəyənlərin sayı artıb.

- Gürcüstanda – xüsusilə Tiflis, Batumi, Kutaisi şəhərlərində daşınmaz əmlak bazarının genişlənməsi qarşısında ən böyük problem kimi ərazilərin məhdudluğu göstərilir. Sizcə, bu problem qiymətlərə nə qədər artırıcı təsir göstərir?

-Deməzdim ki, bina tikmək üçün ərazi çatışmır. Yox, kifayət qədər ərazi var. Məsələn, bizim şirkətimizin bazasında hazır, icazəli projelərimiz var: istər Tiflisdən, istər Batuminin mərkəz yerindən və ya kurort bölgələr olan turistik rayonlardan, Bakuriani, Qudauri, Barjomi, dənizə yaxın yerlərdən istənilən qədər ərazi təklif edə bilərik.

Tiflis və digər bölgələrdə hər cür tikinti icazəsi alınmış orta, böyük və kiçik projelərimiz var. Yəni istənilən vaxt tikinti podratçılara portfelimizdən təklifləri təqdim edə bilərik.

-Sizcə, Gürcüstanda, Tiflis və digər şəhərlərdə kirayə qiymətlərində artım nə vaxta qədər davam edəcək?

-Kirayə qiymətləri artıq bahalaşma dövrünü başa vurub, demək olar, yəni yetərincə bahalaşıb... İndi həmin bahalanmış qiymətlərin bazarda özünün yaşamaq hüququ nə vaxta qədər sürdürə biləcək, o da hələ bəlli deyil. Rusiya - Ukrayna savaşının sonu bəlli olmadığı kimi, bazarda da ucuzlaşmadan danışmaq hələ tezdir...

-Gürcüstanın daşınmaz əmlak bazarına yatırım etmək istəyənlərə nələrə diqqət etmələrini tövsiyə edərdiniz?

-İlk olaraq ərazini tanıyan, bu işi professional səviyyədə bilən məsləhətçi xidmətindən yararlansınlar. Bir evi və ya ticarət obyektini alarkən yatırılan sərmayənin özünü doğrultma müddətinə, kirayə gəlirinə, təkrar satmaq istənilən zaman satıla bilinməsi və bir çox önəmli məqamlara diqqət etmək lazımdır.

Sonda onu da əlavə edim ki, şirkətimiz "Azturk Real Estate" Gürcüstanın daşınmaz əmlak bazarında 9 ildir fəaliyyət göstərir!
Hər keçən gün təcrübəmiz bir az daha artmaqda davam edir! Müştərilərimizə əmlak almaq, satmaq və kirayələmək, həmçinin əmlaklarının ən düzgün formada idarə olunmasında üstün xidmət verməkdən məmnunuq.

Bizimlə sosial platformalardan və +995 555 77 03 69 Whatsapp vasitəsilə əlaqə yarada bilərsiniz.

Ayrıca, "Yeni Müsavat" kollektivinə və Rauf Arifoğluna bizə bu imkanı yaratdıqları üçün təşəkkür edirəm!

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR