İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən gəlib Bakıdan keçməklə Avropaya...

1068 15.03.2024 08:25 Media A A

Daşınacaq yüklər ənənəvi marşrutlardan üç dəfə az vaxta qənaət edəcək

Prezident İlham Əliyev və Qazaxıstanın grezidenti Kasım-Jomart Tokayev yaxın günlərdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxunub: “Biz paralel istiqamətlərə irəliləyirik. Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. 

Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir”.

Prezidentin nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsi ilə bağlı planlardan söz açması diqqət çəkir. Burada konkret hansı layihələrdən söhbət gedir? 

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan və Qazaxıstan dövlət başçıları uzaqgörən daxili və xarici siyasət yürüdür: “Dövlət başçılarımızın müəyyənləşdirdiyi bu siyasi kurs ölkələrimizin inkişafına, vətəndaşlarımızın firavan yaşamasına və qonşu ölkələr olaraq tarixi köklərimiz üzərində qorulmuş dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ölkələrimizdə ərsəyə gəlmiş müasir yol infrastrukturu ilk növbədə vətəndaşlarımızın rahat hərəkətini təmin edir. Bununla yanaşı, ölkələrimizin beynəlxalq tranzit logistik imkanlarını da genişləndirir. Azərbaycan və Qazaxıstanın yerləşdiyi coğrafiya Asiya ilə Avropanı birləşdirən yeni Orta dəhlizin meydana gətirilməsinə imkan verib. Dövlət başçılarımızın uzaqgörənliyi sayəsində zamanında  inşa olunmuş dəniz limanları və dəmir yollar bu gün dünyada ziddiyyətlərin və qarşıdurmaların dərinləşdiyi bir dövrdə ən təhlükəsiz beynəlxalq marşrutun əmələ gəlməsinə yol açıb. Əgər bu infrastrukturu illər əvvəl yaratmasaydıq, bu gün belə bir dəhlizləri yaratmağımız üçün on illər vaxt lazım olacaqdı. Amma dövlət başçılarımız zamanın nəbzini tuta bilir və bütün addımlar vaxtında atılır”. 

Deputat əlavə edib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin  ölkəmizə səfəri çərçivəsində dövlət başçılarımız Çindən çıxan konteyner qatarın 11 gündən sonra Bakıya çatmasını onlayn şəkildə izlədilər: "Bu baxımdan Çindən Avropaya daşınacaq yüklər ölkələrimiz üzərindən keçməklə ənənəvi marşrutlardan üç dəfə az vaxta qənaət edəcəkdir. Təbii ki, yüklərin yollarda çox qalması həm də vəsaitlərin çox sərf olunması deməkdir. Bu baxımdan ölkələrimiz arasından keçən Orta dəhliz marşrutu daha cəlb edici və perspektivlidir. Ona görə də Orta dəhlizin yük buraxılma qabiliyyətinin artırılması üçün birgə addımların atılması vacibdir. Biz Azərbaycan dövləti olaraq Bakı Beynəlxalq Ticarət Limanın yük qəbul etmə gücünü 15 milyon tondan 25 milyon tona artırılması üçün yeni layihə icra edirik. O cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin yük buraxma gücünün 1 milyon tondan 5 milyon tona artırılması üçün investisiya yatırmışıq və yaxın zamanlarda yolun genişləndirilməsi işləri başa çatacaq. Orta dəhlizin genişləndirilməsi və ölkələrimiz üzərindən daha çox yüklərin daşınmasını təmin etmək üçün Zəngəzur dəhlizinin açılması da bu günün ən vacib məsələsinə çevrilib. Qazaxıstan Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. O cümlədən Qazaxıstan dövləti də beynəlxalq dəhlizin öz ölkəsindən keçən hissəsinin  genişləndirilməsi üzərində düşünür. Yəni Azərbaycanla Qazaxıstanın beynəlxalq yük daşımalarda payının artacağı bu günün reallığıdır. 

Azərbaycan və Qazaxıstanın birgə icra etdiyi beynəlxalq layihələrdən biri də Xəzər dənizinin dibi vasitəsilə fiberoptik kabelin çəkilməsi ilə yaradılacaq yeni Rəqəmsal İpək Yolu dəhlizidir. Bu rəqəmsal dəhliz ölkələrimizə beynəlxalq yük daşımalarda iştirakımızı genişləndirilməsinə imkan yaratdığı kimi Asiya İlə Avropa arasında rəqəmsal daşımaların həyata keçirilməsinə imkan yaradcaqdır. 

Təbii ki, birgə yaratdığımız beynəlxalq dəhlizlər  həm də dövlət büdcələrimizə gələcək əlavə gəlirlər deməkdir".

Yazını hazırladı: Afaq MİRAYİQ 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR