İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş mindən çox keçmiş məcburi köçkün torpaqlarına qayıdıb

941 13.03.2024 08:38 Media A A

Deputat: “Dost ölkələr bizim uğurlarımıza sevinən və bizimlə bir yerdə olanlardır”

“Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük”. Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycana etdiyi dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Bu regionda böyük quruculuq işləri aparılır. Nəqliyyat, sosial və turizm infrastrukturu aktiv şəkildə inkişaf edir, hava limanları, mehmanxanalar, yaşayış binaları, məktəblər tikilir. Təbii ki, biz bu fəzilətli işlərdən kənarda qala bilməzdik. 2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Mən şirkətlərimizin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək”.

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qazaxıstanlı Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Musavat.com xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra regionda yeni bir reallıq yaranıb. Bu yeni reallıq sülh, əməkdaşlıq, yenidənqurma və bərpa işlərinin genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üzərində qurulub. Azərbaycan dövləti öz maliyyə gücü hesabına işğaldan azad olunmuş ərazilərdə qısa bir zaman kəsiyində böyük meqa layihələri icra edib. Ermənilərin 30 ildə talan edərək məhv etdikləri yaşayış məntəqlərimiz yenidən qurulur, yol infrastrukturu müasirləşir, Beynəlxalq Hava limanları tikilir, yeni müəssisələr ərsəyə gətirilir və keçmiş məcburi köçkünlər öz doğma ata yurdlarına qayıdırlar. Dövlət başçımızın imzaladığı sərəncamla sürətlə icra olunan 2022-2026-cı illərdə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən 5 yaşayış məntəqəsinə 5 mindən çox keçmiş məcburi köçkün artıq qayıdıb. 2026-cı ilin sonuna isə, 100 yaşayış məntəqəsinə 140 min keçmiş məcburi köçkünün qaytarılması nəzərdə tutulub. Dövlət başçımız işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərində dost ölkələrin iştirak edə biləcəyini bildirib. Dost ölkələr bizim uğurlarımıza sevinən və bizimlə bir yerdə olanlardır. Belə ölkələrdən biri də dost və qardaş Qazaxıstandır. Qazaxıstan prezidenti ölkəmizə səfərə gəlməzdən əvvəl Azərbaycan qəzetinə verdiyi müsahibədə işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən yenidən qurma və bərpa işlərini çox yüksək səviyyədə dəyərləndirərək həyata keçirdiyimiz layihələrin bütün regionun inkişafına töhfə verəcəyini bildirib. Düzdür, işğaldan azad olunmuş ərazilərdə icra olunan bütün layihələri Azərbaycan dövləti öz iqtisadi gücü hesabına həyata keçirir. Amma Qazaxıstan və Özbəkistan bu ərazilərdə həyata keçirdiyimiz geniş yenidənqurma və bərpa işlərinə böyük dəyər verməklə yanaşı dost və qardaş hədiyyəsini də edib. Belə ki, yenidən qurulan Füzuli şəhərində Özbəkistanın maliyyəsi hesabına Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəb və Qazaxıstanın maliyyəsi hesabına Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilərək keçmiş məcburi köçkünlərə hədiyyə olunub. Təbii ki, bu müəssisələr xalqlarımızın qardaşlıq simvoluna çevriləcəkdir. Qazaxıstan prezidentinin Füzuliyə səfər edərək orada yaradıcılıq Mərkəzinin açılışını etməsi böyük siyasi əhəmiyyət daşıyan tarixi hadisədir. O cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa prosesində Qazaxıstan şirkətləri də iştirak edir. Belə ki, Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanasının binasını Qazaxıstan şirkəti inşa edəcək. Gələcəkdə Qazaxıstan şirkətlərinin digər layihələrdə də iştirakı mümkün olacaq. Qazaxıstan Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına sevinən dost ölkədir. Bu baxımdan bizim dostluğumuz və əməkdaşlığımız bizə yeni bir güc verir".

Yazını hazırladı: Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR