İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda islamofobiya mövzusunda beynəlxalq konfrans başladı

838 08.03.2024 09:11 Media A A

Ekspert: “İslamofobiya müasir dünyanın ən böyük problemlərindən biridir”

Dünyada İslam dini əleyhinə düşüncələrin daha da radikallaşması narahatlıq doğurur. Xüsusilə də Avropada bu meyllər aşkar görünməkdədir. İslamofobiyanın artdığı bu dönəmdə Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Martın 8-9-da baş tutacaq konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak etməsi gözlənilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbir barədə danışarkən deyib ki, Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycanın yeni xarici siyasət gündəmi formalaşır, Azərbaycan artıq “orta güc” statusuna yiyələnib: “Bu il Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Azərbaycan islamofobiyanı, onun fəsadlarını illər ərzində hiss edib. 30 illik münaqişə dövründə Qərb mediası, Qərb siyasətçiləri Azərbaycana qarşı qərəzli mövqedən çıxış ediblər. Bunun səbəbləri var idi. Onlardan biri də islamofobiya və türkofobiya ilə bağlı idi. Konfransın məqsədi də bu problemi akademik çevrədə müzakirə etməkdir”.

İslamofobiya və türkofobiya ilə bağlı daha hansı addımlar atılmalıdır? 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

Siyasi şərhçi, AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, islamofobiya müasir dünyanın ən böyük problemlərindən biridir: “Bu problemin dərin tarixi kökləri və modern səbəbləri var. VII-XVI əsrlər arasında İslam dünyası dünyanın elm, mədəniyyət, fikir mərkəzi rolunu oynayırdı. XVI əsrdən başlayaraq Qərb İslam Şərqini keçməyə başladı. Bunun səbəbləri də İslam dünyası daxilində yaranan problemlərdən, eləcə də mədəniyyətin "yorulma sindromundan" doğurdu. Bəli, mədəniyyətlər müəyyən bir müddət keçəndən sonra yorulur. Bu, onların öz nailiyyətləri səbəbi ilə rahatlamasından və tənbəlləşməsindən irəli gəlirdi. Qeyd edilən problemi bütün mədəniyyətlər yaşayıb. Roma, Yunan, Misir mədəniyyətləri və digər mədəniyyətlər. XVI əsrdən etibarən bu problem İslam ümmətini də bürüdü. Bunun tam əksi olaraq, Qərbdə passionarlıq, hərəkətlilik artmağa başladı. Kapitalist münasibətləri inkişaf etdi. Çap işinin yaranması elmin inkişafına təkan verdi. Digər tərəfdən, böyük coğrafi kəşflər başladı. Hər nə qədər bu prosesin belə məsum adı olsa da, bu, əslində hərbi ekspansiya yürüşləri idi". 

Ekspert əlavə edib ki, Qərb işğalları ilə müsəlman fəthləri fərqli idi: “Müsəlman fəthləri getdikləri yerə mədəniyyəti, elmin və ədəbin inkişafını, Rəbbani əxlaqi dəyərlər aparırdı. Müsəlmanlar getdikləri yerdə heç bir xalqı məhv etmədilər, bütöv mədəniyyətləri yox edib gəmilərlə bir qitəni qul kimi daşıyıb gətirmədilər. Qərbin bugünkü maddi rifahı heç də Avropa ağlının məhsulu deyil. Amerikanın inkişafı da o cümlədən. Afrikadan daşınan qullar, Amerikadan daşınan hindu sərvətləri. Ortadan qaldırılan mədəniyyətlər, yerlə bir edilən ölkələr. Sonra bir az mədəni kapitalizm dövrü gəldi. 1960-cı illərdə Avropanın keçmiş koloniyaları azadlıq əldə etməyə başladılar. Bunların içərisində müsəlman ölkələri də var idi. Qərb bu dəfə keçmiş koloniyaları iqtisadi və siyasi olaraq özündən asılı vəziyyətə saldı. Onları müxtəlif təşkilatlara daxil edərək müstəmləkəçiliyin yeni növünü icad elədi. Elə götürək Fransanı. Frankofoniya təşkilatına daxil olan dövlətlərin böyük bir qismi indi də Fransa tərəfindən istismar edilir. Onların sərvətləri Fransaya daşınır. Bu ölkələrdə müstəqillik tərəfdarı hökumətlər, dövlət başçıları müəmmalı şəkildə devrilir. Bütün bunlar islamofobiyanın köklərini göstərir. Qərbdə daxili demokratiya var. Ancaq İslamın yayılması genişləndikcə, müsəlmanlar demoqrafik olaraq artdıqca görürsən ki, hicaba məhdudiyyət qoyulur, müsəlmanların uşaqları zorla onların dinlərinə zidd olan inteqrasiya proqramlarına daxil edilir. Valideynlər etiraz etdiyi zaman sosial xidmətlər övladlarını müsəlman ailələrindən zorla alırlar. Müsəlmanlar İslam dünyasında baş verən hansı isə bir hadisə ilə bağlı olaraq həmrəylik göstərmək istədikdə məhdudiyyətlərlə üzləşirlər. 

Türkofobiyanın da kökləri var. Osmanlının bir zamanlar Avropanı lərzəyə salması hələ də xatirələrdən silinməyib. Digər tərəfdən, Azərbaycan və İran ərazisində Səfəvi, Qacar və Əfşarların varlığı da uzun müddət Qərbin qarşısında maneə olub. Avropa səyyahlarının əsərlərində Şah Abbasla görüşlərdə onların türk-müsəlmanlara valehliyi aşkar şəkildə özünü göstərir. Müasir tariximizdə isə Azərbaycan və Türkiyənin birgə qələbələri, Qərbin çoxdankı dostu Ermənistanın işğalının bitməsini Qərbdə həzm edə bilmirlər. Gündəmdə olan Turan geosiyasi layihəsi də bir tərəfdən Qərbi qıcıqlandırır. Ola bilər ki, Atillanın atlarının səslərini görürlər, Osmanlının Vyana mühasirəsi yada düşür. Ona görə islamofobiya və türkofobiya müəyyən parlamentar məqamlarda dilə gəlir. 

Biz nə etməliyik? Biz müsəlman, qafqazlı, türk dünyasının tərkib hissəsi olduğumuzu daha da onlara hiss etdirməliyik. Bu arada Avrasiya məkanından anqlosakson təsirinin azaldılmasında bizim digər keçici müttəfiqlərimiz və tərəfdaşlarımız da var. Qərb mediası bizdən daha çox yazsın. Heç bir ziyanı yoxdur. Regional və regionlararası kursumuz Qafqazın lideri, İslam ümmətinin üzvü, Turanın da qurucuları olmalıyıq. Bu üç əsasın bizim fəaliyyətimizdə təzahürləri açıq görünür. Sadəcə olaraq, ideoloji olaraq onların sistemləşdirilməsi artıq müvafiq qurumların işidir. Bayrağımız kimliyimizdir!"

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR