İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın adı 100 səhifəlik media hesabatında

828 13.03.2024 09:15 Media A A

Mətbuat Şurasının İdarə Heyətinin üzvü: “Elə təəssürat formalaşdırırlar ki, guya Azərbaycan...”

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır” başlıqlı illik hesabatını dərc edib. Beynəlxalq jurnalistika təşkilatları və Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.

“Turan” xəbər verir ki, Azərbaycan həmin hesabatın “jurnalistlərin qətlinə görə cəzasızlıq” adlı bölümünə də daxil edilib. “Burada nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir. Həmçinin qeyd edilir ki, Azərbaycanda jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalır. Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin "fəaliyyətlərinə görə qisas olaraq" inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur", - deyə “Turan”ın xəbərində deyilir. 

Avropa Şurasının hesabatında Bakının adının çəkilməsi qərəzdir, yoxsa? 

Müşfiq Ələsgərli: “Reyestrin MEDİA-nın nəzdində yaranması əlavə faydalar  gətirəcək” Pravda.az

 Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin  üzvü, media eksperti Müşfiq Ələsgərli “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurasının “Jurnalistlərin təhlükəsizliyi və müdafiəsi  platforması” (JTMP) üzrə keçirilən son hesabat toplantısı media azadlığının durumu ilə bağlı qlobal səviyyədə çox ciddi problemlərin mövcud olduğunu üzə çıxardı. Bu hesabatda əks olunanların mahiyyətini açmaq üçün öncə platformanın  iş prinsipinə və hesabatları hazırlamaq metodologiyasına diqqət yetirmək lazım gəlir: “Məlumat üçün qeyd edək ki, JTMP Avropa Şurasının nəzdində fəaliyyət göstərsə də, dünyanın müxtəlif qütblərində mövcud olan  ümumilikdə 15 beynəlxalq jurnalist təşkilatı tərəfindən idarə olunur. Bu 15 təşkilatdan hər biri qlobal media azadlığı üzrə əlində olan faktları təqdim edir və nəticədə ümumi hesabat yaranır. Beləliklə, media, söz-ifadə  azadlığı üzrə qlobal tendensiyalar barədə ümumi təsəvvür formalaşdırılır. 

Bununla yanaşı, JTMP-nin yekun hesabatları daha çox Avropa ölkələrini əhatə edir, məxsusi olaraq Avropa məkanı üzərində fokuslaşır. Sonuncu hesabat da əsasən 46 Avropa Şurasına üzv dövləti, həmçinin AŞ-dən çıxarılmış Rusiya və Belarusda baş verən media insidentləri üzərində qurulub. Amma paralel şəkildə media azadlığını təhdid edən əsas qlobal tendensiyalara da münasibət bildirilir. Məsələn, hazırda ən çox narahatlıq doğuran mövzulardan biri kimi münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyi probleminə toxunulur. Qeyd edilir ki, 2023-cü ilin oktyabrında yenidən alovlanan İsrail-Fələstin münaqişəsi nəticəsində qısa zaman kəsiyində “Qəzza zolağında 105 nəfər jurnalist öz həyatını itirib. Yüzlərlə jurnalist fiziki xəsarət alıb, ev-eşiyini itirib. Minlərlə jurnalist iş yerindən məhrum olub”. Bu, jurnalist itkisi mövzusunda son illər üçün rekord göstəricidir və ciddi narahatlıq yaradır. JTMP-nin hesabatında həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda zərərçəkən jurnalistlər mövzusuna toxunulur. Qeyd edilir ki, bu müharibənin gedişində 18 nəfər jurnalist həyatını itirib. Yüzlərlə jurnalist fiziki xəsarətlər alıb. Yəni münaqişələr fonunda jurnalistlərin həyat itkisi media üzrə ciddi problemlərdən biri kimi qeyd edilir".

M.Ələsgərli qeyd etdi ki, amma jurnalistlərin problemləri təkcə müharibə zonaları ilə yekunlaşmır. Beynəlxalq jurnalist təşkilatlarının 1990-cı ildən başlayaraq apardıqları sistemli monitorinqlər nəticəsində bəlli olur ki, son 30 il müddətində  dünyada 2 min 900 nəfərdən çox jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib, minlərlə jurnalist fiziki xəsarət və təhdidlər alıb: "Yüzlərlə jurnalist həbs edilib. Ən faciəlisi budur ki, jurnalistlərlə bağlı baş vermiş qətl hadisələri üzrə hər 10 işdən 9-u açılmamış və cəzasız qalır. Cəzasızlığın kəmiyyəti 90 faizi ötür. Yəni jurnalist qətllərinə görə cəzasızlıq problemi qlobal tendensiya olaraq tənqid edilir. 

Növbəti sırada isə jurnalist həbsləri və təhdidlər dayanır. Bu məqamda qeyd edirlər ki, eyni problem Avropa qitəsindən də yan keçməyib. Məsələn, 2022-ci ildə  dünyada 67 nəfər jurnalist qətlə yetirilib. 363 nəfər  jurnalist həbsdə olub. 2022-ci ildə həbsdə olan 363 nəfər  jurnalistdən 124 nəfəri Avropa ölkələrinin, qalan 239 nəfər isə digər qitə dövlətlərinin payına düşür. Qətlə yetirilmiş 67 nəfər jurnalistdən isə 13 nəfəri Avropa ölkələrinin, qalan 54 nəfər digər qitə dövlətlərinin payına düşür.

JTMP hesabatında vurğulanır ki, jurnalist qətlləri və həbsi ilə bağlı problemlərin  dünyanın inkişaf etmiş qismində-Avropada baş verməsi ciddi fəsadlar yaradır. Bu tendensiya digər ərazilər üçün pis örnəyə çevrilir. Məsələn, yuxarıda jurnalist qətllərinin cəzasız qalmasından bəhs etdik. Cəzasızlığın kəmiyyətinin  90 faizi ötdüyünü qeyd etdik. Bu hal Avropa məkanı üçün də xarakterikdir. Son 30 il müddətində Avropa məkanında baş vermiş 40 jurnalist qətlinin üstü açılmayıb, bu qətllərə görə heç kim cəzalandırılmayıb. 

Beləliklə, JMTP hesabatı media insidentlərinin, tendensiyaların qlobal dəyərləndirilməsini aparır, onların aradan qaldırılması yönündə addımlar atılmasını təşviq edir. Amma çox qəribədir ki,  kimlərsə həmin müzakirələrin Azərbaycanı hədəf aldığını vurğulamağa çalışır. Elə təəssürat formalaşdırırlar ki, guya Azərbaycan dünya üçün pis nümunəyə çevrilib, guya JTMP-nin ümumi hesabatının motivi Azərbaycan üzərində qurulub. Sanki Avropa Şurası ilə Azərbaycan arasında yaranmış gərginliyin daha da dərinləşdirilməsinə təşəbbüs göstərilir". 

Ekspert vurğuladı ki, bu, tamamilə yanlış yanaşmadır. Düşünülmüş şəkildə irəli sürülmüş dezinformasiyadır: “Əlbəttə, biz Avropadan "obyektiv, qərəzsiz" hesabatlar hazırlandığını düşünmürük.  İslamafob, Türkafob mərkəzlər adətən bütün hesabatlarda Azərbaycanın, Türkiyənin adının  neqativ fonda göstərilməsinə çalışırlar. Amma indiki hesabatın motivi bu deyil. Hesabat ümumilikdə dünyada, məxsusi olaraq Avropada neqativ proseslərin dəyərləndirilməsinə həsr edilib. Düzdür, orada Azərbaycanın da adı çəkilir. Amma bu, ümumi fonda qeyd edilir. Vurğulanır ki, Avropanın yalnız 4 ölkəsində media insidenti yaşanmayıb, qalan ölkələrin hər birində bu və ya digər formada problemlər baş verib. 43 ölkənin adı çəkilərkən, Azərbaycana da yer verilir. Tutaq ki,  jurnalist həbsi ilə bağlı danışılarkən Böyük Britaniyanın, Polşanın və digər Qərb ölkələrinin adından başlayaraq, digər dövlətlərin də adları çəkilir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR