İnsanlara hürriyət, millətlərə istiqlal!

AMİP-in müttəfiqləri İsveçdə hakimiyyətə gəlir

698 12.09.2018 08:05 Müsahibə A A

Elşən Mustafayev: “Son iki seçkidə İsveçdə gərgin siyasi vəziyyət yaşanır”

9 sentyabrda İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərini AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və partiyanın baş katibi Arzuxan Əlizadə müşahidə edib. Elşən Mustafayevlə bununla bağlı söhbət etdik.

- Elşən bəy, İsveç seçkilərini izləmək üçün bu ölkədə oldunuz. Seçkilər necə keçirildi?

- Əslində İsveçdə seçkiləri müşahidə deyəndə bu bizim bildiyimiz və gördüyümüz müşahidə kimi deyil. Burada müşahidə təxminən daha çox maraqlanma, gedişatla bağla informasiya əldə etmək və s. kimi bir vasitədir. Seçkilərin aktiv və ya passiv keçirilməsinə isə seçki günü müşahidə aparmaqla qiymət vermək olmaz. Belə ki, İsveçdə səsvermə seçki günündən öncə başlayır və insanlar poçt vasitəsilə də öz səslərini verə bilərlər. Odur ki, seçki günü əgər hansısa məntəqəyə az seçici gəlibsə, bu anlama gəlməlidir ki, insanlar səs vermək istəmirlər. Əksinə, İsveçdə seçicilərin seçkiyə marağı böyükdür və əksəriyyət məmnuniyyətlə bu hüquqlarından istifadə etməyə çalışır .

- Orada seçki sistemi necədir? Seçki komissiyalarının rolu böyükdürmü? Azərbaycandakı bu sistemlə İsveçdəki sistem arasında fərqli və oxşar cəhətlər varmı?

- İsveçdə parlament tipli hökumət olduğu üçün ölkə bütünlükdə parlamentin qərarları ilə idarə olunur. Bizim dillə desək, onların seçki qanunu bizimkindən fərqli olaraq bir neçə səhifədən ibarətdir və seçkini Daxili İşlər Nazirliyi keçirdir. Bu da ölkədə uzun müddət oturuşmuş demokratik sistemin olması ilə əlaqədardır. Orada məntəqələrdə hansısa saxtakarlığın olması barədə, komissiya üzvlərinin vəzifələrindən sui-istifadə edə bilməsi haqda danışmaq isə mümkünsüzdür.

- Qələbəni hazırda İsveçdə hakimiyyətdə olan partiyalar qazandı, yoxsa müxalif qurumlar?

- Son iki seçkidə İsveçdə gərgin siyasi vəziyyət yaşanır. Yeri gəlmişkən, bu gərginlik bütün Avropa dövlətlərində baş verir. “Ərəb baharı” və Suriya böhranı zamanı Avropaya miqrant axınından sonra insanlar arasında narazılıqlar gücləndi. Bu narazılıqdan istifadə edən millətçi partiyalar həmin narazıları öz ətrafına toplamağa başladı. Bu proses İsveçdə də gedir. İsveç cəmiyyəti həmişə digər millətlərə qarşı tolerant olub və millətçiliyi inkar edib. Bu səbəbdən idi ki, millətçi partiyalar parlamentə düşə bilmirdilər. Amma 2014-cü ildə İsveç Demokratları adlı millətçi partiya 13 faizlə parlamentə daxil olmaqla cəmiyyətdə olan narazılıqları üzə çıxartdı. Bu il isə həmin partiya səslərini bir az da artıraraq 17 faizə qaldırıb. Sağ mərkəz Moderat Partiyasının 4 partiya ilə birgə yaratdığı “Alyans ” adlı koalisiya təxminən 40 %, Sosial Demokratların 3 partiyadan ibarət yaratdığı koalisiya da 40% səs yığıblar. Yəni hazırda hakimiyyəti formalaşdırmaq üçün lazım olan 50+1 ortada yoxdur. Odur ki, hazırda danışıqlar gedir.

- Bildiyim qədəri ilə AMİP-in İsveçdə müttəfiq olduğu bir partiya var. Həmin partiya bu seçkilərdə ciddi uğur qazana bildimi?

- Moderat Partiyası təmsil olunduğu koalisiya ilə birgə 40,3 faiz səslə hakimiyyəti formalaşdırmağa iddialıdır. Alyans koalisiyanın 4 partiyası içində ən çox səs, təxminən 20 faiz Moderata məxsusdur. Yəni hökuməti formalaşdıracaq olsalar, baş nazir daxil əsas nazirlər kabineti onlara məxsus olacaq.

- Seçkilərin nəticələrində Azərbaycanı da sevindirən xəbərlər oldu. İki azərbaycanlı xanım millət vəkili, bir soydaşımız isə bələdiyyə üzvü seçildi.

- Xəbərlər barədə mən də eşitmişəm. Amma bildiyim qədəri ilə bu bir az fərqlidir. Həqiqətən Azərbaycan türkü olan iki bacı seçkilərdə iştirak ediblər. Onlardan biri İsveç parlamentinə Sosial Demokrat Partiyasının namizədi kimi seçilib, digəri isə yerli seçkilərdə, yəni bələdiyyə seçkilərində iştirak edib və seçilib. Bundan başqa, daha iki azərbaycanlınin namizədliyi olub, ancaq onlar seçilə bilməyiblər. Eyni zamanda həmin qızlar İsveçdə doğulublar və əslən Cənubi Azərbaycandandırlar.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR