İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Azərbaycana milyardlıq sərmayəsi - etimadın beləsi...

3431 12.09.2018 09:20 Gündəm A A

Qubad İbadoğlu: “Ermənistan və Gürcüstana belə sərmayə qoyuluşu edilməyib”

İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub. İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, bunun 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələr arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəmizdə bir sıra layihələrin icrasına 350 milyon dollar vəsait ayırıb.

ABŞ-ın Azərbaycana investisiyalarını nə qədər yüksək hesab etmək olar? Region ölkələri ilə müqayisədə açıqlanan məbləğ azdır, ya çox?

Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, 13 milyard dolları Azərbaycana yatırılan sərmayələrin ümumi həcmi baxımından dəyərləndirdikdə, elə də böyük rəqəm olmadığı görünür: “Nəzərə alsaq ki, son 15 ildə ölkəyə yatırılan sərmayələrin həcmi 230 milyard ABŞ dollarını ötür, bu halda ABŞ-ın sərmayələri ümumi məbləğin cəmi 5 faizini təşkil edir. Yəni məbləğ elə də böyük görünmür. Lakin Cənubi Qafqaza olan sərmayələrin miqdarına baxdıqda, Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycana daha çox sərmayə yatırıldığını görürük.

Məsələn, son 10 ildə Ermənistana qoyulan sərmayələri ABŞ Azərbaycana bir ildə yatırır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün də investisiya imkanları yüksəkdir. Ölkəmiz Türkiyə, Gürcüstan, İsveçrə, Britaniya iqtisadiyyatına qoyulan sərmayələr baxımından fərqlənir. Azərbaycanda dövlətin daxili investisiyaları da kifayət qədər yüksəkdir, Ermənistan və Gürcüstanın belə imkanları yoxdur. Amma nəzərə alaq ki, son dövrlər həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionuna xaricdən investisiya qoyuluşlarının azalması prosesi müşahidə olunur. Bu, həm regiondakı vəziyyətlə bağlıdır, həm də bütövlükdə qlobal şəraitlə əlaqədardır. Həm Rusiyada, həm Qazaxıstanda, həm də Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşlarının azalması müşahidə olunur. Bunun da səbəbi ayrılıqda götürülmüş ölkədəki vəziyyətlə deyil, bütövlükdə regiondakı vəziyyətlə izah olunur”.

Картинки по запросу qubad ibad

İqtisadçı-alim ABŞ-ın Azərbaycana investisiya qoyuluşlarını yüksək qiymətləndirir: “Nəzərə alsaq ki, 13 milyard dolların 1 milyardı qeyri-neft sektoruna yönəldilib, bu investisiyaların əhəmiyyətinin yüksək olduğunu görərik. ABŞ sərmayəsi daha çox innovativ xarakterlidir, bu sərmayələrdə texnoloji qoyuluşlar daha çox üstünlük təşkil edir. Digər tərəfdən, həm ABŞ, həm də Böyük Britaniya sərmayələri Azərbaycanın iqtisadiyyatının formalaşdığı, sərmayəyə daha çox ehtiyacı olduğu 90-cı illərdə gəlməyə başlayıb. Həmin dövrdə bu sərmayələr iqtisadidən daha çox siyasi xarakter daşıyırdı. Yəni qoyulan sərmayə həm də verilən siyasi dəstəyi ifadə edirdi. Bu baxımdan da onları yüksək qiymətləndirmək lazımdır”.

Q.İbadoğlu bir məsələni də qeyd edir ki, ABŞ Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluğa daxildir: “Hazırda Böyük Britaniya, Türkiyə, Norveç ilk üçlükdədir. Eyni zamanda İran və Rusiya mənşəli sərmayələr də getdikcə artmaqdadır. İrana qarşı sanksiyalar tətbiq olunduğu üçün güman edirəm ki, yaxın zamanlarda bu ölkənin Azərbaycana sərmayə qoyuluşlarının artmasına səbəb olacaq. İranlı biznesmenlər öz biznes maraqlarını Azərbaycan üzərindən reallaşdırmağa çalışacaqlar”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR