11 sentyabrdan sonra eybəcərləşən dünyanın qan teşti

Dünya tarixinin ən irimiqyaslı və ən səs-küylü terror aktlarından (11 sentyabr 2001-ci il) keçən 17 il çox sürətlə axıb getdi. Elə bil dünən idi. Hər saatına, anına, söz-söhbətinə qədər aydın şəkildə xatırladığımız müdhiş günlər...

Hadisənin baş verdiyi ilk dəqiqələrdə, hətta ABŞ xüsusi xidmət orqanlarından da əvvəl terror aktının müəllifinin adı çəkilməyə başlamışdı - Üsamə bin Laden.

Bu, tavandan götürülmüş versiya deyirdi. Əkiz qüllələrin, Pentaqonun baş binasının taran edilməsinin məhz bin Laden tərəfindən təşkil olunması iddiasında olanlar bir neçə il öncə Keniyanın paytaxtı Nayrobidə ABŞ səfirliyinə qarşı törədilmiş dəhşətli terror aktını xatırlayırdılar.

Dəst-xətt eyni idi. Hədəf də həminkiydi. Sadəcə, bu dəfə hədəf yerüstü taranla yox, havadan vurulmuşdu.

O zamanlar könüllü şəkildə ölümə gedən kamikadzelər qrupu yalnız bin Ladenin sərəncamındaydı. “Əl-Qaidə” bir ucdan kamikadzelər yetişdirir, ölümə göndərirdi. Başqa heç bir terror təşkilatının bu qədər gücü yox idi.

Şəriət əsaslı dövlət, daha dəqiqi, islam imperiyası (xilafət) qurmaq istəyən ekstremistlər qarşılarında ən böyük maneə olaraq ABŞ-ı görürdülər, bu dövlətin “şər-şəbədə yuvası” olduğuna inanır, onu sarsıtmaq istəyirdilər.

Ancaq təbii ki, 3-4 binanı ələ keçirilmiş 3-4 sərnişin təyyarəsi ilə vurmaqla ABŞ-ı sarsıtmaq mümkün deyildi. Bu dövlətin şəhərlərinə on atom bombası atılsa belə, sarsılan, yox olan, təslim olan deyil. Çünki qüdrətli dövlətdir, 50 dövlətin birləşməsindən ibarət meqa-dövlətdir.

Ona görə də dini ekstremistlər 11 sentyabra görə ağır bədəl ödədilər. O zamana qədər onlar Əfqanıstanda hakimiyyətdə idilər, şəriət dövləti qurmuşdular, rəsmi olmasa da bin Laden bu dövlətin lideriydi.

Çox çəkmədi, ABŞ bin Ladenin rəhbərlik etdiyi “Taliban” rejimini darmadağın etdi. Onların çoxu Pakistan sərhədindəki əlçatmaz Tora-bora mağaralarında gizlənməli oldular. Ara yerdə ABŞ köhnə dəftəri açdı, İraqın müstəbidi Səddam Hüseynlə də haqq-hesab çəkdi.

Budur, 17 ildir ki, Yaxın Şərq qan çanağına dönüb. Əfqanıstan, Pakistan, İraq, Suriya, Yəmən, Liviya, Fələstin və başqa ölkələrdə qan teşti qaynayır. Paris, London, Madrid, Berlin, Moskva, İstanbul, Ankara, Brüssel kimi iri şəhərlər terror aktlarına hədəf olurlar.
Dünya 11 sentyabrdan əvvəl çirkin idisə, 11 sentyabrdan sonra daha da eybəcər olub.

Xeyli zəiflədilmiş, liderləri öldürülmüş “əl-Kaidə”nin yerini daha dəhşətli İŞİD terrorçuları tutmuşdular, indi onlar da güclərini itiriblər, yaxud da transformasiya dönəmindədirlər.

Prinsipcə, 11 sentyabrdan sonra 3-cü dünya müharibəsi başlayıb və sərhədləri, cəbhələri qarışıqdır. Bu müharibədə düşmənlər və müttəfiqlər dəyişir, kim kiminlə dostdur, düşməndir, bilinmir, dünən müttəfiq olanlar bu gün düşmən olur, sonra yenə dostlaşırlar və s.

Aradan keçən bu 17 ildə 11 sentyabr teraktları ilə bağlı çox söz-söhbət olub. Onların içində getdikcə populyarlaşan versiya budur ki, bu terror aktlarını ABŞ xüsusi xidmətləri təşkil edib və İsrail kəşfiyyatının da bundan xəbəri olub.

İkincini istisna etməmək olar, dünyada olan-bitən hər şeydən bu və ya digər şəkildə xəbərdar olan İsrail kəşfiyyatı hazırlanan irimiqyaslı terror aktından dəqiqliyi ilə olmasa da, müəyyən dərəcədə məlumatlı ola bilər.

Ancaq birinci istisnadır. Heç bir dövlət özünü bu qədər alçaldıcı zərbələrə və məbləği trilyonlarla ölçüləcək maddi zərərə məruz qoymazdı.

Bir baxaq: ABŞ bu müdhiş avantüranı edərək nə qazandı? İraqda və Əfqanıstanda apardığı müharibədə trilyonlarla dollar və minlərlə əsgər itirdi, dünya miqyasında nüfuzu sarsıldı, beynəlxalq ictimaiyyətin gözündə bədheybətə çevrildi, 17 ildir ki, orda-burda müharibə aparır və s. İraq neftindən qazandığı bunların yanında bir damladır. Əfqanıstandakı narkotik ticarətinin faydasını isə dövlət yox, ayrı-ayrı yüksək rütbəli hərbçilər görə bilər.

11 sentyabr teraktlarını törədənlərin adbaad bəlli olduğu, terrorçuların kimlər tərəfindən təlimatlandırıldığı bilindiyi halda, durub nağıllar uydurmaq havayı işdir. Bu, ABŞ-da, Avropada müzakirə mövzusu belə deyil, Şərqdə bu əfsanələrə inananların sayının ilbəil artması heç nəyi dəyişməyəcək.

12.09.2018 10:47
665