Свобода людям, независимость нациям!

Nəsiminin qaçmağı, Amilin bağırmağı... - Sevinc TELMANQIZI

2684 10.01.2026 20:59 Колумнисты A A

Biz deyəndə ki, ölkədə heç kim öz işinin öhdəsindən gələ bilmir, deyirlər ki, qərəzlisiz. Biz yazanda ki, hamı başımıza tik-tok qəhrəmanı kəsilib, ağzımızdan vururlar ki, bəs indi sosial şəbəkə zamanıdır. Biz efirdən bar-bar bağıranda ki, o sertifikasiya həngaməsi peşələrdə professionallığı təmin etmir, adımızı qərəzli qoyurlar. Yaxşı, yenə siz deyən olsun, biz haqsız çıxaq, amma dediklərimizə qulaq verin.

Məsələn, hamının AzTV-dən tanıdığı aparıcı Nəsimi Nəbizadə narkomaniyadan müalicə olunur və 25 ildən artıqdır ki, bu illətə qurşanıb. Bəs biz bunu nə zaman bildik? Özünü Reabilitasiya Mərkəzi adlandıran bir qurumun rəhbəri aparıcının “xilas”ı əməliyyatını ictimailəşdirəndə. Bilmirəm, Nəsimi özü buna razılıq verdi, ya yox, amma bunun public şəkildə danışılmasını etik hesab etmirəm. İndi də Nəsimi o mərkəzdən qaçıb, sən demə, daha öncə də qaçıbmış və bütün sosial şəbəkə bundan danışır. Mən də bilmək istəyirəm: alkoqolizm, narkomaniya, siqaret asılılığı və ümumiyyətlə, insanların yaxalandığı bu illətlərdən qurtuluş hekayəsi (hələ yekunlaşmayıbsa) bu formada şouya çevrilə bilərmi? Gerçək professionallıq bunu az qala bir ictimai hadisə kimi təqdim etməyə icazə verirmi? Özəl həyat, pasientin məlumatlarının toxunulmazlığı, xəstə məhrəmiyyəti... Bunlar gedib işinin dalınca? Əgər sözügedən mərkəz bu missiyanı uğurla başa vursa və Nəsimini sağlam, narkotikdən tam şəkildə qurtulmuş həyata qaytarıb, bu hekayəni də sonlandırsaydı, nə əla! O zaman danışmağa da, bu hekayəni afişə etməyə də haqqı çatardı, üstəgəl, övladı bu bəlaya düçar olan nə qədər ailəyə də ümid , stimul ola bilərdi. Ailələr də, elə bu bəlalardan qurtulmaq istəyən insanlar da bu yoldan dönmək üçün özlərində güc tapardı. İndi gördüyümüz nədir? Nəsimi artıq iki dəfə o mərkəzdən qaçıb, mərkəzin rəhbəri onun barəsində danışır, şiakyətlənir... Nə anladım mən bu hekayədən? Hamı ümidsizləşdi: demək ki, bu bəladan qurtulmaq olmur, sonu ölümdür və ya bizdə bunu bacarmırlar. Niyə hər işimiz şoudur? Antireklam reklamdırsa, mən belə reklamı heç bir halda qəbul etmirəm.

Eyni şey psixoloqlar üçün də, plastik cərrahlar üçün də, ginekoloqlar üçün də keçərlidir. “3 min manatlıq telefon qadının mənəvi ehtiyacıdır”, “ərinizin sizə xəyanət etməsinə şərait yaradın, o zaman ailəniz güclənəcək” deyən psixoloqları da bu ölkə yetişdirib. Biz onları tənqid etmişik, nəticədə reklamları, xəstələri artıb, indi də qapılarında növbə var. 3 aylıq psixoloqluq kursu keçən sertifikat alıb, bir ofis tutur, başımıza mütəxəssis kəsilir. Hələ təzə hoqqalar da çıxıb: ailə ağacı, ailə terapisti... Xəstəyə narkoz verib, başının üstündə göbək rəqsi edən, onun az qala bütün orqanlarını çəkib göstərən cərrahları da bu ölkə yetişdirir. Soruşanda da deyirlər, xəstənin özü istəmişdi, ərinə göndərəcəkdik bu videonu, amma... necə oldusa bütün Azərbaycan gördü... Nə baş verir axı? Müəllim tiktokda uşaq döyür, avtobus sürücüsü avtobus sürə-sürə canlı yayım açıb, qızlardan gələn komplimetləri oxuyur, içəridəki sərnişinlərin canını riskə ataraq həm də...Hamı bir şou havasındadır, bəyənmə xəstəliyi, “kəşfetə düşmək” sevdası, trend topicdə olmaq azarı... Əlisi belə, Vəlisi belə, qırılmışın hamısı belə???
Süni intellekt də onun kimi. O boyda 21-ci əsr xarüqəsini gətirib tik-tok trendinə çeviriblər. Şiti çıxıb rəsmən. Baxanda anlamaq olmur, gerçək video hansıdır, süni intellekt məhsulu hansı. Səslər təqlid edilir, görüntülər uydurulur. Sabah bizim çəkdiyimiz videomaterialın bizə aid olmadığı, süni intellekt tərəfindən hazırlandığı deyilsə, özümüz də tərəddüd edəcəyik. Çünki gerçəklə süni arasındakı fərqi tutmaq çox çətindir.

Və ya... O gün Elşad Xoseni həbs etdilər, 15 günlük. Dedilər, Yasamal rayonu Şıxəli Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətdiyi üçün ictimai asayişi pozub. Halbuki adam İçəri Şəhərdəki yeni tikililəri tənqid edən bir video çəkmişdi. Çoxumuzun tez-tez təkrarladığımız sözlər, fikirlər... Hə, Xose arqo ifadələrdən istifadə etmiş ola bilərdi, amma paytaxtın düşdüyü bu durumu kim inkar edə bilər ki? Mənim fikrimcə, Türkiyədə məşhurların narkotikə görə tuthatutunu izlədiyimiz bu günlərdə bizim şou biznes cameyəsini də bir “təmizləmək” lazımdır. Yəni, Xoseni küçədə dediyi sözlərə görə cəzalandırmaq əvəzinə, o sahədə bir monitorinq aparmaq, o müğənniləri, aktyor-aktrisa tayfasını da qan analizindən keçirmək lazımdır. Ad çəkmirəm, amma Azərbaycan insanı çox yaxşı bilir bu sahədəki eybəcərlikləri. Narkotacirlərin ən sevimli müştəriləri arasında da bu cameənin simaları üstünlük təşkil edir - pulları çox, tələbatları ondan da çox...

Space kanalındakı Amil də o gün rayonlardan Bakıya oxumağa gələn qızları hədəfə çıxarıb. Valideynlərə səslənib ki, qızınızı oxumaq üçün mütləq paytaxta göndərməyin, çünki bəziləri gəlib burda əxlaqsızlıq edir. Müəllim məsləhət görüb ki, kim hansı rayondadırsa, ordakı ali məktəbdə oxusun. Düzdü, buna görə kanalı cəzalandırıblar, amma mən aparıcını da qınamıram. Pis vərdiş yoluxucudur. Hamı bir-birindən güc alıb, ürəyi istəyən kəsimi təhqir edərək, bunu adiləşdirir. Biri qaçqınları, o biri rayondan gələnləri, bir başqası maxeləri... Bəhram Bağırzadə kənddən gələnləri təhqir edəndə, Ayaz Salayev rus dilində danışa bilməyənləri savadsız adlandıranda “oyyy, ziyalıların üsyanı” deyib, özündən gedənlər, indi noldu? Bəhrama, Ayaza olar, Amilə yox?

Bax belə...Nəsiminin qaçmağı, Amilin bəhramlaşmağı, Xosenin bağırmağı... Şair Qabil nə deyirdi? Müsibət oluruq biz, səhv düşəndə yerimiz. Gərəksiz oluruq biz, dözümsüz oluruq biz, qeyrətsiz oluruq biz... səhv düşəndə yerimiz...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости