Свобода людям, независимость нациям!

Yuxarılar haqda

“Məni sana asarlar götürməgil, ağac!”

(“Dədə Qorqud” dastanı)

Mənim bir rəhmətlik dostum var idi, həmişə məsləhət görərdi gəzəndə yerə baxım. Deyirdi nə varsa yerdə var, göydə heç zad yoxdur. Deyirdi yerə baxa-baxa gəzdiyindən 3 dəfə qızıl əşyalar tapıbdır. Sağ olsaydı onun bu şübhəli nəzəriyyəsini puça çıxaran Psixeya asteroidi haqda danışardıq. Bu asteroid Günəş sistemində fır-fır fırlanır və alimlərin rəyinə görə onun içində o qədər qızıl, platin, nikel, dəmir və sairə metallar var ki, dəyəri onlarla kvadrilyona bərabərdir. Əgər həmin qızıl-mızılı Yerə gətirə bilsək, hər bir yerli milyarder olarmış. Eyni zamanda  qiymətli metallar üzərində qurulmuş dünya iqtisadiyyatı bir anda sıfırlanıb mənasız zada çevrilərmiş. (Yəni, cəhənnəmdəki daş fason bir şeydir o asteroid. Götürən də peşmandır, götürməyən də).

Ümumiyyətlə, bu “başını aşağı salıb yaşamaq” folklorumuza müraciətimin bir səbəbi də təzəlikcə amerikalı milyarder Cefri Epşteynin əxlaqsızlıqda suçlanıb həbsə atılması oldu. Sən demə bu tipi indiyəcən azı 2 dəfə tutub buraxıblar. Pulun gücü belədir. Özü də bu seksual manyak Amerikanın prezidentlərindən Bill Klinton və Donald Trampla şəxsən dost imiş. “Dostunu göstər, deyim kimsən” misalı yada düşür. Epşteynin ittiham olunduğu cinayətlərin siyahısında mən bir tanış rəqəm gördüm: onu 40 azyaşlı qıza təcavüzdə suçlayırlar. Bəli, bu, bizim dastan və nağıllarda rast gəlinən “qırx incəbelli qız” qruplaşmasının sanki Yeni Dünyada ortaya çıxmasıdır. Necə deyərlər, tarixi unudanda təkrar olunur.

Ancaq, əlbəttə, bizi öz ölkəmizdə olanlar düşündürür, narahat edir. Necə olur ki, 500 illik çinarın budağı məhz Şəki Xan sarayı YUNESKO siyahısına salınandan bir həftə keçməmiş qırılıb camaatın başına düşür? Burada düşmən təxribatı mümkündür. Lap ssenarini yaza bilərəm: gecənin qaranlığında şimaldan, cənubdan və ya qərbdən ölkəmizə daxil olmuş təxribatçı diversant qrupu çinarın budağını mişarlayıb turistlərin başına düşməyə hazır vəziyyətə gətirir. Yuxarida yazdım axı: biz başımızı aşağı salıb gəzdiyimizdən yuxarıda olanlara fikir vermirik. (Elə mənim bu yazımın yuxarısını da diqqətlə oxuduğunuza şübhə edirəm). Ya da çinarın dibinə elə zəhərli maddə tökürlər ki, budağı içəridən çürüyüb qırılsın. Biz bənzər çürütmələri azmı görmüşük? Bakıda nə qədər restoranın həyətində, küçə və məhəllələrdə, göydələn tikmək üçün ağacları zəhərləyib öldürüblər.

Ta hadisə oldu keçdi, indən belə başı dik gəzməliyik. Hökumət də buna şərait yaratmalı, hər yuxarı baxanı dikbaş saymaqdan əl çəkməlidir. Bəlkə yuxarı baxıb ağacın budağının çürüməsini vaxtında aşkar edəcəyik, uçaskovıya deyəcəyik? Doğrudur, həmişə başı yuxarı gəzməyin çalaya, arxa, kanalizasiya deşiyinə yıxılmaq kimi təhlükələri də vardır, ancaq bütün hallarda baş ayaqdan qiymətlidir, yuxarıdan gələn bəla aşağıdan çıxan xətadan ağır olur. (“Yuxarıdan gələn bəla” deyərkən hansısa siyasi məzmuna işarə etmirəm, yazımız tamamilə ekoloji maarifləndirmə xarakterlidir). Mümkün qədər balanslı yürümək də olar. Bir az aşağı baxırsan, bir az yuxarı. Əlbəttə, bunun müddəti Bakı və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır.

Çinar ağacının budağının qırılması bizim dindən, imandan uzaq düşməyimizlə də bağlı ola bilər. Örnək üçün, son dövrlər pirlərə, müqəddəs ocaqlara, övliyalarımıza lağ edən çoxlu tiplər ortaya çıxmışdır. Elə adicə Şəkiyə yaxın rayonlardan birində rəhmətlik seyidin papağının şəfa verməsi əhvalatını yada salaq. Onu yaramaz vəhhabilərin diliylə  “Qaloş piri” şəklində lağa qoydular. Yaxud, başqa bir pirə “Alt paltarı piri” (camaat orda məhz ağac budağına parça bağlayırdı) dedilər. Təbii ki, fövqəltəbii qüvvələr yolunu azan toplumları hansısa üsulla xəbərdar edir, cəzalandırırlar. Kaş biz bu işarələri başa düşək, kaş millətimiz xəta-bəladan uzaq olsun, mümkün qədər az xəsarət görsün. İlahi, amin.

Allah nəzir-niyazlarınızı qəbul eləsin.

Новости автора