Свобода людям, независимость нациям!

Yaşayış yerində qeydiyyat niyə vacibdir

“Vay səni, bu təkərə bax! - kəndlilərdən biri o birinə dedi, - Görən bu təkərlə Moskvaya qədər getmək olar?”

(Qoqol, “Ölü canlar”)

****

Bizim görkəmli xalq şairlərimizdən biri vaxtilə “Yeni Müsavat”a intervüsündə demişdi ki, xalqın fikrini soruşmadan kiməsə xalq şairi, xalq yazıçısı adı verilən ölkədə yenə xalqın rəyi soruşulmadan “xalq düşməni” adı verilməsi təhlükəsi vardır. Müdrik adamdır. Belə uzaqgörən poeziya örnəklərini çox yaradıbdır. Misal üçün, çinarın budağının qırılıb camaatı öldürə biləcəyini vaxtilə başı kəsik kötüyə həsr elədiyi ekoloji maarifləndirici əsərində haqlı olaraq göstərmişdi. Əlaqədar orqanlar nəticə çıxartmadılar.

Ancaq bu gün şairin yaradıcılığını tədqiq eləmək fikrimiz yoxdur, həm də, maşallah, verilən qiymət göstərir ki, bunu bizdən daha yaxşı, daha dəqiq edən əlaqədar orqanlar vardır, daim fəaliyyətdədirlər. Əhsən deyirik. Üstəlik, adamları yemək olmaz, yeyərsən qarnın ağrıyar. Bizim ölkədə bu mənada Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti də qənaətbəxşdir. Ümumiyyətlə, hamısının fəaliyyəti qənaətbəxşdir. Şairin yadıma düşməsinə səbəb isə onun bir şeirini xatırlamağım idi. Hələ sovet vaxtı yazdığı şeirdə şair havanın yavaş-yavaş işıqlaşmasını, Günəşin tədricən, regionların inkişaf planına uyğun və dinamik formada ortalığa çıxmasını tərənnüm eləmişdi. Əsərin qısa məzmunu belə idi ki, nə yaxşı Günəş gecə saat 3-də çıxmır, bu zaman kimin evindən kimin çıxması, hansısa əlləm-qəlləm hərəkətlər, əxlaqa, milli mentalitetimizə zidd əhvalatlar görünərdi, bütün dünyada, xüsusilə YUNESKO yanında biabır olardıq. Əlbəttə, şair YUNESKO haqda orda yazmamışdı, o dərəcədə uzaqgörən deyilmiş. Ancaq biz onu buna görə qınamırıq. Bizim ağlımıza heç Günəşi gecə saat 3-də işə çıxartmaq gəlməyibdir. Bunun özü novator hadisədir.

Uzun sözün qısası, şairin toxunduğu “kim kimin evindən çıxır” məsələsi bu dəqiqə çox aktualdır. Dövlət təzə qərar veribdir, camaat hara getsə orda dərhal qeydiyyata düşməlidir, özünün həmin nöqtəyə gəldiyini əlaqədar orqanlara bildirməlidir. Doğrusu bunun hüquqi mexanizmi necə olacaqdır, cibində vəsiqə gəzdirməyənləri elektron formada yoxlayıb cərimə edəcəklərmi, “prapiska” yerini yalan deyəni dama basacaqlarmı - bundan xəbərim yoxdur. Bütün hallarda çətin olacaqdır, çünki respublika camaatının bəlkə yarıdan çoxu bu dəqiqə qeydiyyatda olduğu yerdə yaşamır. Hərə bir dərd-sər üzündən çöllərə, küçələrə düşübdür. Pis mənada yox: misal üçün, biri idman yarışı üçün kənddən şəhərə gəlib, başqası Bakıdan rayona pambıq əkməyə gedib, üçüncüsü İrana böyrəyinin ixracına yollanıb və sairə. Hələ çoxlu qaçqın-köçkünü demirəm. Üstəlik, mən biləni adamın yaşayış yerini sərbəst seçmək hüququ bizim qanunlar və imzaladığımız beynəlxalq konvensiyalarda yazılıbdır. Bəs indi həmin qanunlar necə olacaq? Həmçinin, Məmmədhəsən kişinin və ya onun arvadı Zeynəbin həqiqətən Danabaş kəndində, ya Dəymədağıldı obasında yaşadığını, yaxud Tolikin A məntəqəsindən çıxıb B məntəqəsinə getdiyini dəqiq bilmək ayın-ilin bu günündə dövlət orqanlarının nəyinə lazımdır? Axı biz məcburi “prapiska” aparan, hətta bəzi sərhəd bölgələrinə və qapalı şəhərlərə icazə kağızı ilə adam buraxan, bir növ, öz vətəndaşına viza tətbiq edən gülməli Sovet hökumətini çoxdan aşırmışıq. (Allah Qarbaçovun evini yıxsın). Təsəvvür edin, o vaxtlar camaat Bakiya, Moskvaya qeydiyyata düşmək üçün yalandan yaşlı qarılarla evlənirdilər. Qarıya pul ödəməklə, təbii ki. Əslən bakılı, İsraildə yaşayan yazıçı Eduard Topolun bir kitabında SSRİ vaxtı Moskvada yaşamış bir yəhudinin başına gələn tragikomik olay həmin qeydiyyat söhbətini yaxşı təsvir edirdi. Deyir yəhudi hansısa qarı ilə razılaşıb “evlənir”, ancaq ərazinin uçaskovısına rüşvət vermək istəmir. Uçaskovı söhbəti bildiyi üçün hər gün axşam saat 10-da və səhər saatlarında qarının evinə gəlib yəhudinin orda qalıb-qalmadığını yoxlayırmış. O da məcburən hər səhər və axşam qarının evində bir-iki saat qalırmış. Yəhudi axırda bezib SSRİ-dən mühacirət edir.

Ancaq, əlbəttə, zəhmətkeşləri özbaşına buraxmaq da olmaz. Dövlət onların yerini yaxşı mənada bilmək istəyir. Misal üçün, elə şairə xalq şairi adı vermək üçün. Bəlkə şair gedib meşədə yaşayır, ona adı necə verəcəksən? Yaxud, elə jurnalist var türməyə girib, lakin dövlətə bu haqda məlumat vermir. Bəs bunu 22 iyulda nə cür təbrik eləyək? Hamısı vacib işlərdir. Pensiya var, xaricdə müalicə var, ipoteka var... Üstəlik, yaxşı adam heç vaxt gizlənməz.

Sonda bir sual da məni düşündürür: qeydiyyat yerində yaşamayan vicdansızları əlaqədar orqanlara xəbər verməyin nəsə mükafatı-zadı varmı? Xeyli adam tanıyıram...

Новости автора