Свобода людям, независимость нациям!

Yalanın qiyməti

Yaxud “Çernobıl” serialı haqda fikirlərim

“Yalançının ipiylə quyuya düşən quyuda qalar”

(Azərbaycan ata sözü)

May ayında ABŞ-ın HBO teleşəbəkəsinin çəkdiyi “Çernobıl” mini-serialı ekranlara çıxdı və bütün dünyanı sözün əsl mənasında fəth elədi. Reytinqlərə görə bu serial hazırda dünyanın 1 nömrəli serialıdır. Hətta neçə illərdir hər seriyası müzakirələrə səbəb olan “Taxt-tac oyunları” serialını da reytinqdə ötüb keçmişdi. 5 seriyalı film 1986-cı ilin aprelində SSRİ-nin Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzadan bəhs edirdi. Film təxminən bu sözlərlə başlayıb-bitdi: “Yalan neçəyə başa gəlir? Həqiqətin dəyəri nə qədərdir?” Bu sözlər bizim üçün də hər zaman, ən azından son 30 illik tariximizdə aktual olduğu üçün bəzi fikirlərimi yazmaq qərarına gəldim. Bir növ, “Çernobıl” serialı zəncirvari reaksiya doğurub yaddaşımı tərpətdi.

O qəza baş verəndə mənim 13 yaşım vardı. Qarabağın kəndlərindən birində yaşayırdım və həmin yay hamının bostanında xiyar-pomidor qəribə xəstəlikdən məhv olmuşdu. Deyirdilər, bu, Çernobılın radiasiyasının təsiridir. Nə dərəcə doğru idi, bilmirəm. Üstəlik, bizə doğru informasiya verən var idimi? Bütün SSRİ cəmi 1 telekanalın, 1 “Vremya” proqramının yalan-palan xəbərlərinə göz dikməyə məcbur idi. Köhnə VEF markalı radiomuzda xarici dalğaları gizli tutmaq cəhdləri də yadıma gəlir.

Sonra Qarabağ əlimizdən getdi, müharibədə minlərlə insanımız öldü, Çernobıl beləcə yaddan çıxdı. Halbuki onun da öz itkiləri, əlilləri, zərərçəkənləri vardı, elə bizim kənddən neçə nəfər könüllü oraya getmişdi. Belə aralıq qurbanları təəssüf ki, heç kimin yadına düşmür. Misal üçün, 1988-ci ilin dekabrında Ermənistanda zəlzələ olanda yardıma gedən və orada təyyarənin dağa çırpılması üzündən həlak olan azərbaycanlı könüllülər indi kimin yadına düşür? Eşitdiyimə görə, ermənilər zəlzələyə yardım edənlər üçün qurduqları abidədə həmin 80 nəfərə yaxın azərbaycanlının adına bir cümlə də yazmayıblar. Onlara - ermənilərə yaraşan da budur, nə deyə bilərik. Biz yenə də hansısa zəlzələ qurbanına, milliyyətindən asılı olmayaraq, yardıma qoşmağa hazırıq.

Yeri gəlmişkən, Mixail Qorbaçov bir intervüsündə “SSRİ-nin dağılmasına Çernobıl qəzası səbəb oldu” söyləmişdi. (Bu məqamda ironik də olsa başqa məşhur tarixi sitatı xatırladım. Elçibəyə məxsus idi: “Məni sənin pulların yıxdı, Rəsul!” Quliyevi deyirdi). Yalan həmişə baha başa gəlir, bunu yaddan çıxartmaq olmaz. Söz vaxtına çəkər, iyun ayında biz illərdir Elçibəyin Kələkiyə qaçmaq əhvalatını müzakirə edirik. Söhbət bitirmi? Bitmir. Çünki yenidənqurma dövrünün o məşhur şüarı ilə desək, “xalq həqiqəti bilmək istəyir”. Həqiqəti isə deyəcək adamlar ya onu özləri ilə gora aparıblar, ya da illərdir yalan danışırlar. Biz 30 ildir cürbəcür balaca-balaca “çernobıllar” yaşamaqdayıq.

Misal üçün, 1993-ün iyununda Surət qiyam qaldıranda uzun müddət xalqa açıqlama verilmədi. Halbuki Elçibəyin bu əhvalatdan hələ maydan xəbəri varmış - baş nazir Pənah bəyin təzəcə açıqladığı sənəddən məlumdur. Bəs niyə 1 ay millətə izahat verilmirdi? Prezidentin mətbuat xidməti nə işə yarayırmış? Senzura qoymağa!

Xocalı alınanda Ayaz Mütəllibovun saxtakar informatorları cəmiyyətə “2 nəfər ölüb” açıqlaması vermişdilər. Gəlin etiraf edək ki, dövrün kütləvi informasiya vasitələri, bir çoxu “qarı şey olandan sonra” yalançı qəhrəmanlara çevrilmiş jurnalistlər və yeni media qurumları da xalqa yalan paylamaqda müstəsna rol oynamışdılar. Qurama səhnələr düzəldib videoları xaricilərə satırdılar, xalqdan başqa hər kəsin sifarişini yerinə yetirirdilər.

Bir bina yanmışdı, 16 nəfər ölmüşdü, xatırlayırsınızmı? Mənasız bir üzlüyə görə. Platformadan dalğalar neftçiləri yuyub aparır. Evlər çökür, altında fəhlələrlə. İşsiz, pulsuz adamlar intihar edir. Həkim öz tələbəsinin əlində ölür. Yola çıxırsan, heç bir yerə çatmırsan. Hamama çimməyə girirsən, meyitin çıxır. Uşağı 12 il məktəbə göndərirsən, axırda məzun yox, məzlum bir anomaliya əldə edirsən. Və sairə və ilaxır. Bunun hamısının kökündə yalan durur, biləsiniz. Ancaq təəssüf ki, biz bu yalanların qurbanı olanda doğrudan ölürük. Həyat yalanı, saxtalığı bağışlayacaq qədər təkrar şanslara, dubllara malik deyil.

Yalandan ölmək kinolarda olur. Hərçənd yaxşı kinoda az qalırsan ölümə də inanasan. “Çernobıl” serialını bu cür keyfiyyətli çəkmişdilər.

Новости автора