Свобода людям, независимость нациям!

Siçan deşiyində gizlənənlərin hakimiyyət hərisliyi və Prezidentin xəbərdarlığı

Prezident demişkən, “siçan kimi gizlənən” Serj Sərkisyan və Robert Köçəryan son vaxtlar “gün işığı”na çıxıblar. Ermənistandakı revanşist qüvvələrə əsasən bunlar - Xocalı caniləri rəhbərlik edir. Qarabağ cinayətlərinin əsas müəllifləri olan bu qatillər son günlər xeyli fəallaşıblar.

Əvvəlcə Sərkisyan və Köçəryan Nikol Paşinyandan narazı olanlarla bir araya gəldi, başda da daşnaklar. Daha sonra Serj Sərkisyan Rusiyanın İrəvandakı səfirliyinin qapısını kəsdirdi, səfir Sergey Kopırkinlə görüşdü. Sadəcə bildirildi ki, tərəflər son günlər ölkədə gedən prosesləri müzakirə ediblər. “Tərəf”in biri Paşinyanın 2018-ci ildə devirdiyi şəxsdir, hansı ki, ona yerini göstərmək istəyir.

Ancaq Rusiya da Sərkisyanı “diş”inə vurub. 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniyaya səfər edən Serjik alman kansler Merkelə məhz Rusiyadan şikayətlənmişdi, faktiki olaraq öz ağasını satmışdı - İrəvana köhnə, 80-ci illər silahlarını verdiyinə görə ittiham etmişdi. Elə bu satqınlığına, riyakarlığına görə Rusiya onun küçədən gəlmiş qolu sarıqlı, çantalı Nikola uduzmasına əngəl olmadı. Rusiya rəhbərliyi Ermənistanı havayı silahlarla təmin edib on illər boyu. Buna görə minnətdar olmaq əvəzinə, Rusiyanı Qərbə satan biri indi nə üzlə qapını kəsdirir? Tipik erməni həyasızlığı budur.

Hələ o birisi, Robert Köçəryan. Neçə gündür Moskva küçələrində sülənirdi. Dəstək axtarışına çıxıb. Anlamır ki, həbsdə olarkən prezident Putinin onu təbrik etməsi, yaxud digər addımlar Nikol Paşinyana dərs üçün lazım idi. Rusiya Nikolu mənən öldürürdü - həbsdə olan Robertə təbrik yazdığı halda, “Sorosun uşağı”na qarşı saymazlıq etməklə. İndi Köçəryan elə zənn edir ki, o, “əvəzolunmaz”dır və Putin üçün vazkeçilməzdir. Anlamır ki, daha Rusiyanın Nikol Paşinyan adlı problemi yox, Kreml “öl” desə, ölür, “qal” desə, qalır. 10 noyabrda kapitulyasiya aktına məhz Rusiyanın moderatorluğu ilə imza atmadımı? Çünki Moskvaya dikbaş, özünü “demokratik inqilabın qalibi” hesab edən Ermənistan rəhbəri gərək deyildi, tam sındırdı, istədiyini deyir, edir. İndi Paşinyan Kremlin əlində plastilin kimidir, ondan hansı fiquru istəsə, hazırlaya bilər. Belə olan təqdirdə Köçəryan nəyinə lazımdır?

Ermənistanın müxalifət liderləri oturub gözləyirlər ki, Köçəryan Moskvadan “əlidolu” qayıdacaq və yenidən onunla görüşüb növbəti addımları müzakirə edəcəklər. Erməni mediası yazır ki, 8 fevrala qədər eks-prezident Moskvada rus elitası ilə də görüşlər keçirəcək və bundan sonra Ermənistana qayıdacaq. Aydın məsələdir, Rusiyadakı erməni diasporu ilk gündən Paşinyana qarşıdır. Elə 11 yanvar üçtərəfli görüş ərəfəsində də Ara Abramyan və digər oliqarxlar “Nikol, biz sənin istefanı gözləyirik, səni Moskvada gözləmirik”, çağırışını etmişdilər. Daha sonra Anna Akopyanın Moskva macəraları gündəm oldu. Erməni diasporu Paşinyanı qəbul etmir, amma bu, o demək deyil ki, Robert Köçəryan üçün “yaşıl işıq” yanıb. Diaspora Rusiya hakimiyyətinin iradəsindən kənara çıxa bilməz, erməni oliqarxlar bunu daha yaxşı anlayır. Deməli, Qarabağ klanının başçısı “əli ətəyindən uzun” qayıdacaq böyük ehtimalla, 44 günlük savaşdan sonra Moskvaya özünü yetirən “Çiçəklənən Ermənistan”ın Tsarukyanı kimi.

Ermənistan müxalifəti 20 fevraldan etibarən baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aktiv hərəkətlərə keçməyi planlaşdırır. Ancaq Nikol Paşinyanın elə son günlərdə Vediyə (Ararat vilayəti) səfəri ondan xəbər verir ki, o, hakimiyyətlə bağlı narahat deyil, kreslosunun təminatını alıb.

Rusiyaya Ermənistanda hakimiyyət dəyişikliyi sərf etmir indiki halda, həm də ona görə ki, Paşinyanın imzaladığı anlaşmalar var, Qarabağla bağlı, kommunikasiyaların açılması ilə əlaqədar, onların icrası lazımdır. Hakimiyyət dəyişiklik bu anlaşmaların reallaşmasını tormozlaya bilər. 1988-ci ildən bəri Qarabağla bağlı hər cür alçaqlıqlara getmiş Robert Köçəryanın hakimiyyətə qayıdışı isə bölgəni fəlakətə apara bilər. Putin istəməz ki, onun sülhməramlı missiyasına xələl gəlsin və dünyanın gülüş obyektinə çevrilsin. Həm də 90-cı illərin sonlarında Levon Ter-Petrosyanın Qarabağla bağlı anlaşmalara getməsinə qarşı çıxan məhz Qarabağ klanı olmadımı?

Heç Ermənistan əhalisi də Qarabağ klanı üçün ölmür. Onların bir çoxu anlayır ki, Qarabağda məhv edilən erməni gənclərinin qanı həm də bu klanın üzərindədir. Həm də 2008-ci ilin 1 mart qırğını unudulmayıb, həmin gün hakimiyyətin Sərkisyandan Köçəryana ötürülməsinə etiraz edən ermənilərin 10-u güllələnib öldürüldü, çoxsaylı yaralılar, həbslər oldu. İndi ermənilər beləsinə öz taleyini niyə etibar etsin ki?

Nəhayət, vacib bir fakt: Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Paşinyan heç kimdir, 44 günlük döyüşdə məhv edilən Sərkisyan-Köçəryan ordusu olub. Dövlətimizin başçısı bəyan edib ki, Qarabağdakı şəhər və kəndləri darmadağın edən, sərvətlərini daşıyan da Paşinyan yox, məhz onlardır. Üstəlik, bunlar Xocalı soyqırımı kimi dəhşətli hadisələri törədiblər. Sərkisyanın Xocalı etirafını unutmamışıq. Köçəryan da uşaq qatilidir, hər kəs bilir. Belə olan təqdirdə Azərbaycan heç zaman imkan verməz ki, Ermənistanda yenidən bu şəxslərdən biri hakimiyyəti qəsb etsin. Prezident təsadüfən “erməni faşizmi bir də baş qaldırsa...” xəbərdarlığını etmir.

Bununla həm də köçəryanlara, sərkisyanlara havadarlıq etmək fikrinə düşə biləcək şəxslərə mesajını verib ki, birdən onları hakimiyyətə qaytarmaq fikrinə düşərsiniz... Qələbəmizdən sonra bölgədə prosesləri diktə edən Azərbaycan liderinin xəbərdarlığı heç şübhəsiz nəzərə alınır və dedikləri diqqətlə izlənilir...Bundan sonra Sərksiyan və Köçəryan üçün bir kürsü görünür - müttəhimlər kürsüsü. Bu il 29-cu ildönümü tamamlanacaq Xocalı soyqırımına görə Beynəlxalq Məhkəmə qarşısında dayanacaqlar. Hakimiyyətə gəlməklə immunitet hüququ qazanıb, bu cəzadan qurtulmaq istəyirlər...

Новости автора