Свобода людям, независимость нациям!

Rus türməsində

“Tapşırdılar boynumun arxasını soyuq su ilə isladım. Oxudunuzmu? Hə? Bax, bax! İndi bütün Rusiya məni tanıyır! Ver bura”

(Anton Çexov, “Sevinc” hekayəsindən)

Gürcüstanda hansısa rus deputat gəlib parlamentin binasında oturduğu üçün camaat az qalır üsyana qalxıb hökuməti devirsin. Dünən bir dostum bu münasibətlə məndən soruşur ki, niyə orada olan hərəkətlilikdən bizim tərəflərdə də olmur. Mən ona izah elədim ki, əvvəla, hansısa rus deputat gəlib parlamentimizdə lotuluğa cürət eləməz - biz heç özümüz parlamentdə oturmuruq. Biz rus qoşunlarını hələ Elçibəy müəllimin vaxtından qovmuşuq (sözgəlişi, yaxın günlərdə Bakıda “Elçibəy marafonu” olacaq, kim öz kəndinə birinci qaçıb çatsa ona medal veriləcəkdir). İkincisi, bizim qanunlara görə istənilən yerdə iki nəfərdən artıq toplaşmaq üçün mütləq BŞİH şöbə müdiri Zaur Ramazanovdan, “Ay Zaur” verilişinin aparıcısı Zaur müəllimdən, yazıçı Anarın “Təhminə altıncı mərtəbəyə necə qalxdı” romanının qəhrəmanı Zaur bəydən və başqa məsul, rəsmi şəxslərdən icazə alınmalıdır. Vermirlərsə, toplaşmırsan. Vəssalam, şüttəmam. Məsələ bu qədər sadədir.

Ancaq əlbəttə, respublikamızın şöhrəti uzaq diyarlara başqa formada yayılmaqdadır, bu da bizi olduqca sevindirir. Yox, mən Arizonada diş həkimi işləyən biləcərili Fatma xalanın uğurlarından bəhs etmirəm. Bu dəfə ayrı zonadan yazacağam. (Tema açılıb, bu elmi məlumatı da sizə çatdırım: Arizona qədim türk sözü olub “ayrı zona” deməkdir. 19-cu əsrdə bir qrup meksikalı türk-azərbaycanlı-hindu-astek qarışığı Los Ancelesə, Kaliforniyaya mühacirət etmək üçün sərhədə gəlirlər, lakin yanılıb qonşu vilayətə gedirlər. Bu zaman içlərindən biri deyir: “Qardaşlar, deyəsən, biz ayrı zonaya gəlmişik, burada istidən qırılacağıq”. Beləcə, yerin adı qalır Arizona. AMEA-dan bu elmi kəşfimə görə növbəti ev siyahısına düşməyi tələb edirəm).

Demək, iki gün qabaq Youtube portalı üzərindən Rusiyanın “Exo Moskvı” radiosunun şefi Venediktovun canlı yayımına baxırdım. Açığı, bu Venediktovdan həmişə zəhləm gedib, bilmirəm niyə, əslində elə pis adama oxşamır. Ancaq o qədər müxalifət-iqtidar arasında reveranslar edir ki, adam istər-istəməz qıcıqlanır. Az qalırsan o lətifədəki məşhur şəkilinin 2-ci dünya savaşında öz həmyerlisinə dediyi sözləri təkrar edəsən: “Abdulcabbar, birdəfəlik ya nemeslər tərəfə keç, ya da bizim tərəfə, adam neçə dəfə forma dəyişər?” Uzun sözün qısası, deməyim odur ki, bu adama simpatiyam yoxdur, ancaq nədənsə verilişə axıra qədər baxdım. Sanki mistik bir qüvvə məni verilişə yapışdırmışdı, pıçıldayırdı axıracan dinlə, burada nəsə olacaq. Oldu da. Verilişin bir yerində bizdən danışdı! Qəlbim elə fərəhlə doldu!

Venediktov rusiyalı məhbus Nikita Belıx-dan danışırdı. Burada Belıx haqda qısa arayış verim. Həmin adam orda vilayət qubernatoru işləyib, rüşvət ittihamıyla tutub dama salıblar. Putin bunun işdən çıxma sərəncamında “etimadı itirdiyi üçün” yazmışdı. Bizdə də bir zaman bir tipi “qeyri-səmimilik” maddəsi ilə işdən çıxarmışdılar, maraqlı ölkələrdə yaşayırıq. Əlqərəz, Nikita müəllim rus müxalifətinə də yaxın olub, deyəsən, bir ara müxalifətçilərin “SPS” (Soyuz Pravız Sil) təşkilatının şefi idi. Təxminən bizim Azərbaycan Xalq Hərəkatı kimi şeydir. Zarafat edirəm, Milli Şuraya oxşayır. Əşşi, yenə zarafatdır, QAT-ın bənzəridir. Nə isə, hazırda Belıx Ryazan vilayətində türmədə dustaqdır, savadlı oğlan olduğu üçün kitabxanaçı işləyir. Venediktov da ona oxumağa kitab göndərməsindən danışdı və mənim qəlbimi fərəhlə doldurub-daşdıran o xəbəri dedi: “Həmin koloniyada az qala dustaqların yarısı azərbaycanlılardır. Oxumağa kitabları olsun deyə Azərbaycan səfiri Polad Bülbüloğlu ilə əlaqə saxladıq, ondan Azərbaycan dilində kitablar alıb həmin türməyə göndərdik”.

Bah-bah. Sonra bəzi ağzıgöyçəklər mızıldanır ki, səfir işləmir. Mən öz adımdan Polad müəllimə minnətdaram, eloğlularını kitabsız qoymayıbdır. Həm də soydaşlarımızın Rusiyada bu cür məşhurlaşmasına sevinirik. Demək, boş oturmurlar, daim respublikamızın adını ucalara qaldırırlar. Sözgəlişi, həmin koloniyadakı dustaqların əsasən narkotik cinayətlərində suçlandığını da dedilər. Bu tip cinayətlərin qurama xarakteri, sifarişli olması məlumdur. Deməli, azərbaycanlıları dünyanın harasında tutub zindana basmaq istəsən onların cibinə narkotik atmaq yetərli imiş.

İndi söz əlaqədar təşkilatlarındır - siz də adımızı daim ucaldın. Kitab alıb xaricdəki türmələrə göndərin.

Новости автора