Свобода людям, независимость нациям!

Qarabağda dəfn edilən kürdəmirli ər, Kürdəmirdə dəfn edilən qarabağlı arvad

Bilmirəm, fikir vermisinizmi, ölkədə müharibə çağırışları artıb. Əvvəllər də bu kimi çağırışlar vaxtaşırı olurdu, amma indiki qədər şiddətli olmurdu.

Buna səbəb düşmənlərimizin həyasızlığı, təxribatıdır. Gəlirlər, Şuşada yallı oynayırlar, çempionat keçirirlər, Cıdır düzündə fotosessiya çəkirlər, festival təşkil edirlər, hər hərəkətləri ilə bizə yandıq verirlər.

Qarabağ müharibəsinin zərərçəkənlərinin, torpaq itkisini sinirə bilməyənlərin, məğlubiyyətlə barışmaq istəməyənlərin qanı bu kimi acıqvermələri götürmür.

Tam təbiidir. Normalda bu davranışı sinirmək mümkün deyil. Bizdən çox məsələdə zəif olan bir dövlətin rəsmi və qeyri-rəsmi adamlarının bu cür “əcəb eləmişik, əlimizin içindən gəlib, ovcumuzda bir noxud var, onunda içindən gəlib” mesajı vermələri onların qaşınması deməkdir.

Ermənilərin bu hərəkəti rəqibinə qəfildən bir şillə vuraraq qaçıb güclü dayısının arxasında gizlənən, hərdən başını çıxarıb, “get, o vurduğum şilləni yavanlıq elə” deyən cığal və yaramaz uşağın davranışına bənzəyir. “Dayı” da qaya kimi durub, deyir, kimin hünəri var, bacıoğluya yan baxsın.

Gerçəklik budur. Ona görə də qisas hissi ilə alışıb-yananlarımız, bu təhqiri yemək istəməyən, girəvələyib o “cığal uşağ”ın qulağının dibindən bir tərəkəmə şapalağı tutuzdurmağa çağırıanların sayı gündən-günə artır. Müharibə çağırışları bu səbəbdən şiddətlənib.

Müharibə isə çox pis şeydir, çox dəhşətlidir. Təsəvvürə gəlməyəcək dərəcədə.

O gün dostlardan biri - jurnalist həmkarım Aydın Canıyev paylaşmışdı, skrin-şot edib saxlamışam. Belə bir dəhşətli statistika var:

Almaniya-SSRİ müharibəsində 46 milyon 250 min insan yaralanıb. 775 min cəbhəçi evə paralanmış kəllə sümüyü ilə qayıdıb. Sifəti dağılmış, eybəcər hala düşmüş insanların sayı 501 min 342 nəfər olub. 157 min 565 nəfər boynundan yaralanıb və boyunları əyri qalıb. Qarnı parçalanmış döyüşçülər 444 min 46 nəfər, çanaq sümüyü zədələnənlər 630 min 259, onurğasından zədə alanlar 143 min 241, cinsi orqanlarını itirənlər 28 min 248 nəfər olub. 3 milyon 147 döyüşçü müharibədən tək qolla, 1 milyon 10 min əsgər hər iki qolsuz qayıdıb. Tək ayaqla qayıdanlar da az olmayıb - 3 milyon 255 min nəfər. Hər iki ayağını itirənlər 1 milyon 121 min nəfər olub. 4 min 189 nəfər də əl və ayaqlarını qismən itirib. Gözünün birini itirənlərin sayı 155 min, müharibədən hər iki gözündən əlil qayıdanlar isə 54 min nəfər olub.

Dəhşətli statistikadır. Oxuyub keçməklə deyil. O adamların beşinin həyat hekayətini, şəxsi faciəsinə dair söhbətini dinləyib dözmək mümkün deyil.

Müharibədən kor qayıtmış kişilərdən biri də bizim kənddə yaşayırdı. Adı Qoca idi. O, əslində kəndçimiz deyildi, Kürdəmirdən idi. Müharibədə kontuziya alaraq evinə kor qayıtmış Qocanı bu halda görən arvadı onunla yaşamaqdan imtina edibmiş. O da pay-piyada yola düşüb, 3-4 gündən sonra biz tərəflərə gəlib çıxıb. Bir dəyirmançı onun bu halını görüb, rəhmi gəlib, yanında saxlayıb. Bir səhər yuxudan oyananda Qoca görüb ki, gözü açılıb, görür. Bundan sonra o, özünə yeni bir həyat qurmağa qərar verib və Kürdəmirə qayıtmayıb. Yolu bizim kəndə düşüb və burada Ceyran adlı qızla ailə qurub. Oğlu dünyaya gəlib, adını Ağaverdi qoyublar.

Mən Ağaverdini görəndə o, məndən 15 yaş böyük bir adam idi və gözünün biri yox idi. Danışırdılar ki, Ağaverdi uşaq vaxtı qoşalülə tüfəngin açılmayan patronunu biz vasitəsilə qurdalayanda güllə açılıb, sol gözünü çıxarıb. İşə baxın, kor atanın gözü açılıb, əvəzində oğul gözünün birini itirib. Ağaverdi Bakıda gözündən müalicə alanda təsadüfən atasının kəndindən olan bir nəfərlə eyni palatada qalıb və onlar söhbət əsnasında qohum çıxıblar. O kənddə hamı elə bilirmiş ki, kor Qoca çoxdan ölüb. Bundan sonra əlaqə yaranıb, gediş-gəliş başlayıb.

Kürdəmirdə doğulan, 41-45 müharibəsinin öz doğma kəndindən didərgin saldığı Qoca bizim kənddə rəhmətə getdi və orada dəfn edildi. Qarabağ müharibəsi başlananda və biz kəndimizdən qaçqın düşəndə Ağaverdi anasını da götürüb atasının kəndinə getdi və Qarabağda doğulmuş Ceyran arvad da Kürdəmirdə rəhmətə getdi və orada dəfn edildi. Beləcə, ər arvadın kəndində, arvad isə ərinin kəndində uyuyur. Mistikadır, nədir...

Müharibə budur - başdan-başa ağrı-acı, faciə, iztirab, mərhumiyyət, qüssə-kədər.

Amma ermənilərin Şuşada, bizim kənddə qol götürüb oynaması daha böyük faciədir, ağrı-acıdır, iztirabdır. Dözmək olmur...

Новости автора