Свобода людям, независимость нациям!

Qara dəliyin şəkli

“Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və incəsənət məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu”.

(Corc Oruell, “1984")

Öncə hər bir zəhmətkeşimizi Beynəlxalq Kosmonavtika Günü - 12 aprel münasibətilə təbrik edirəm, arzu edirəm, hazırda göydə uçan peyklərimizdən həmişə xoş xəbərlər, oğul toyu, qız köçürülməsi, canım sənə desin, baba-nənə olmağı eşidəsiniz, ilahi, amin! Prinsipcə başqa bir qlobal arzumuz da qalmayıbdır (guya əvvəl var idi). Özü də builki kosmonavtika günü əlamətdar hadisə ilə yadda qaldı, bayramdan bir-iki gün qabaq xarici alimlər qara dəliyin şəklini ilk dəfə çəkib ortalığa qoydular. Buna da çox şükür, çünki biz indiyə  qədər qorxurduq həmin şey haradasa Abşeron yarımadasına oxşayan bir zad olacaqdır. Olmadı. Bublikfason bir şey idi, Allah bilir, kim bişirib şəklini çəkibdir. Təbii, bunların hamısını Allahşükür müəllimin moizələrində dinləyib, qanmaq mümkündür, inşallah, dahi şeyximizin yubiley tədbirləri dövlət tərəfindən keçiriləcəkdir.

Əslində mənim bugünkü fikirlərim elə dövlət tədbirləri haqda olacaqdı, arada əlamətdar günü qeyd eləməyi özümə borc bildim, çünki bunlar hamısı müqəddəs kitabımızda qabaqcadan yazılıbdır. Bir dənə də 12 aprel münasibətilə şəxsi hadisəmi, hədisimi yazım, keçək temaya: mən uşaq olanda Qaqarinin gülər fotosuna baxıb kosmonavt olmağı arzu edirdim, lakin böyüyüb jurnalistikaya bənzər bir işlə məşğulat elədim. Balaca oğlumdan isə təzəlikcə soruşuram, böyüyüb, nə olacaqsan, deyir, jurnalist. Qulağını dartdım (dövlətin gözündən uzaq), dedim, get özünə adam işi tap, misal üçün, kosmonavt ol.

Şeyxin yubileyinin dövlət səviyyəsində qeyd olunması haqda təzəlikcə fərman verildi. Bundan başqa, ölülərimizi necə basdırmağı, dirilərimizə necə toy eləməyi, hətta boşanandan sonra ər-arvad təzədən sevişə bilərmi - bunları da dövlətə həvalə eləmişik. (Pis çıxmasın, bu qədimdəki “birinci gecə hüququ”nun müasir “axırıncı gecə haqqı” forması deyildir, sadəcə, deyir, boşanma prosedurları haqda təzə qanun qayırılır. Gələcəkdə boşanmaq istəyənlər məhkəmədən öncə mediator adlanan, bizim üçün yeni bir peşə nümayəndəsinə üz tutmalı olacaqdır. Bu qardaş, ya da bacı - fərqi yoxdur - boşananlar arasında barışıq müqaviləsi imzalatdıracaqmış. Uzun söhbətdir, qalsın başqa vaxta).

Srağagün isə daha bir xalq artistinə 75 yaşında ev verdilər. Düzü, mən bilmirəm o xalq artistinin niyə indiyəcən evi yox imiş. Belə də xalq olarmı, artistləri teatrın binasında yaşasınlar? Başqa bir idarədə isə camaat toplaşıb ərizə yazıb, deyir, dövlət baba, xahiş edirik, şairlərimiz ağır xəstələnibdir, onları müalicə elə. Guya biz normal səhiyyə sistemi qurub şairdən fəhləyə, kəndlidən xalq artistinə qədər hər kəsin orada müalicəsini qayıra bilmərikmi? Təbii, qayırarıq. Ancaq onda bəs kimə yaltaqlıq eləyərik? Həyatımızın məqsədi nə olar? Özün işlə, özün həyatını qur, özün evlən, özün öl... Olmadı ki. Belə anarxiya bizə lazım deyildir. Odur, xaricdə elə artistlər var, istəsələr icra hakiminə ev alıb verərlər, lakin həmin yerdə dövlətçilik yoxdur. Hər ştatın öz qanunu var, üstəlik, məktəblilər öz yoldaşlarını qırırlar. Bizdə isə cəmi bir məktəbli ölüb, görürsənmi, bütün xalq ayaq üstdədir.

Sözgəlişi, o münasibətlə də bir müraciət gözümə dəydi, hansısa artist, ya da manıs yoldaşlardan biri dövlət başçısından acizanə xahiş edirdi ki, bizim uşaqlarımıza yiyə dursun. Mən başa düşürəm, yuxarıda da yazdım: dövlətçilik baxımından düzgün mövqedir. Ancaq bir az ağ eləmirikmi? Prezident Administrasiyası bəlkə sizin üçün uşaq saxlamalıdır? İcra hakimi cibində əmzik daşımalıdır? Harada ağlayan uşaq gördün, bas ağzına. Bir o qalıb nazirlər qəbul otağında pampers dəyişsinlər. Bizim yaş işlərimiz onsuz da çoxdur, gəlin dövlətimizi daha artıq yükləməyək. Bizim Qarabağ dərdimiz vardır. Dövlət Cocuq Mərcanlını qucağına alıbsa, onun belinə hər kəs cocuqlarını şəlləməli deyildir.

İnşallah, gələn ay uşaq pulu artacaqdır (son bir ayda uca millətimizi düşündürən əsas şirin şayiəyə mən də payımı qatmaq istədim).

Новости автора