Свобода людям, независимость нациям!

Qalada yatmış idim...

“- Mən onu dünən uzaqdan gördüm, - Droqo dedi.

-Nəyi? Qalanı?

-Hə, Qala. - Droqo nəzakət xatirinə bir az susub davam elədi: - Mənə o nəhəng, əzəmətli göründü...

-Əzəmətli? Nə danışırsınız, bu ən balaca, çox köhnə tikililərdən biridir. Sadəcə, uzaqdan baxanda təsirləndirir, - kapitan cavab verdi"

(Dino Buzzati, “Tatar çölü”)

Bilənlər bilir, bilməyənlər də vecinə almasın, əslində Bakı qalasının divarları tarixən indiki şəkildə olmayıbdır. Ruslar Azərbaycanı işğal edəndən sonra Bakı qalasının ikiqat hasarının birini dibindən söküblər, darvazasını daşıyıb “Qoşa qala qapısı” adlı darvazanı düzəldiblər. Sovet-kommunist işğalı dövründə isə Bakı qalasının divarlarına əcaib bürclər əlavə olunubdur. Yenə baxanlar 19-cu əsrin sonlarına aid fotoşəkillərdə Bakı qalasının divarının üst hissəsinin düz olduğunu görə bilərlər. Əslində o tip üstü hamar, azacıq aşağıda isə ox, nizə, tüfəng atmaq üçün yanaşı pəncərəciklər cərgəsi Azərbaycan qalalarına xas əlamətdir və şəxsən mənim estetik zövqümə görə daha gözəl idi. Sovetləşmə dövründə isə həmin pəncərələri hörmüş, divarın üstündə... diş-diş bürclər qayırmışlar. Bir növ, qalanı “ruslaşdırıblar”, Moskva Kremlinə, rus qalalarına bənzədiblər.

Son yüz ildə, ümumiyyətlə, İçərişəhərdə aparılan yenidənqurma və Avrotəmir işləri sayəsində qədim şəhərimiz hazırda Dubayın yeni məhəllələrindən geri qalmır. Bu isə bizi sevindirir. Qədimlik, köhnəlik kimə lazımdır? Biz daim yeniləşməli, yeni Azərbaycan qurmalıyıq (həm də “Yeni Müsavat”ı oxumalıyıq). Hərçənd, birdən görürsən kimsə haranınsa 3 min illik yaşını qeyd elədi, misal üçün, Salyanın icra başçısı ordakı Noxudlu kəndinin tarixini bizim eradan 2700 il qabağa aparmışdı. Sən demə qədim yunanlar hələ zeytun ağacından düşüb şəhər salmağa cürət etməyən zamanlarda bizdə meqapolislər varmış. Ələt o zamanlar Ələtopolis imiş, Neftçala isə İsgəndəriyyə.

Sözümün canı odur ki, ay camaat, gəlin biz öncə qərar verək: qədim millət oluruq, yoxsa cavan millət? Tariximizdə eşələnməyə üstünlük veririk, ya gələcəyə baxırıq? Əks halda şpaqat vəziyyəti yaranır. Özü də çox təəccüblüdür, səhərdən axşama ancaq yemək haqda fikirləşən toplum (bu, hamıya aiddir, aclarımız yavan çörəyi, toxlarımız qara kürünü düşünür) qəfil məlum olur ki, restoran tikilməsinə qarşı çıxıbdır. Vay səni... Nədi-nədi, o restoranın bir böyrü qala divarına söykənəcəkmiş. Ərz elədiyim kimi, sovet dövründə tikilən qala divarına. İmkan vermədilər namərdlər. Hətta bir yazıçı az qalırdı mitinq eləsin, zalım oğlunun heç xəbəri yox idi ki, bizdə indi “Məhsul” stadionunda mitinqə icazə verilmir. Biabırçılıqdır. Tarixə xor baxmaqdır. Bəlkə elə yüz il sonra həmin restoran tarixi abidəyə çevriləcəkdi? Divarına da lövhə asıb masa bəzəyəcəkdilər: “Burada 2019-cu ildə oliqarx-məmur Mamedin kiçik gədəsi Vəliqulu manıslarla əylənmişdir”. Pah. Gör nə qədər tarixi məna yaranacaqdı. Yoxsa divarın quru-quru nə əhəmiyyəti var? Divarı divar eləyən lay divar kimi oğlanlar lazımdır. Misal üçün, türklər şimaldan basqın eləməsə Böyük Çin Səddi tikilməzdi. Deməli o hasarın projesi, ideyası əslində biz türklərə məxsusdur. Vallah.

Proje demişkən, 15-20 il qabaq bizim Avropa məkanına yaxınlaşma söhbətlərimiz ortada fırlanarkən kimsə maraqlı afyorizm səsləndirmişdi: “Biz Avropaya kanalizasiya lyuklarından girməliyik”. Ya da girməməliyik - nəsə bu cür bir əlləm-qəlləm fikir idi, dəqiq yadımda qalmayıb. İndi birdən maşın yarışında kanalizasiya lyukunun qapağı qalxır, avropalılar mat qalırlar. Başa düşmürlər ki, bu, taleyin bir işarətidir, mollalar demişkən, mistikadır. Çünki o yarış Avropanın bir simvoludur bizim üçün. Başqa Avropa simvolu qapılar idi, rəhmətlik deputat Baba müəllimin şirkəti bunun satışını bir zamanlar təşkil edirdi, indi bilmirəm nə yerdədir. Ayrı simvolu yoxdur.

Sonda xahiş edərdik maşın yarışı qurtaranda heç onun hasar-masarını sökməsinlər. Həm qəşəng olardı, hər yoldan keçən kəndli-məndli paytaxta girib ayağının palçığını tökməzdi, həm də o yuxarıda yazdığım, 19-cu əsrdə rus imperiyasının sökdüyü ikinci qala divarının bir növ bərpası alınardı.

Новости автора