Свобода людям, независимость нациям!

Paşinyan niyə iflic vəziyyətindədir...

Ermənistandakı siyasi prosesləri diqqətlə izləyən istənilən politoloq razılaşar ki, erməni baş naziri bir siyasətçi olaraq iflic vəziyyətindədir.

Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinin perspektivlərinə qətiyyən inanmadığı bir halda (İranın da bu Birliyə qoşulacağı haqda söhbətlər siyasi spekulyasiyadan savayı bir şey deyil!) o, yenə də bu təşkilatda sədrlik etməkdədir, özü də elə-belə sədrlik etmir, özünü və həmvətənlilərini aldadaraq müxtəlif “geoiqtisadi planlar” qurur, guya bu “iqtisadi qəbirstanlığ”a nəfəs verməyin yollarını arayır.

Təkcə Rusiya ilə iqtisadi əməkdaşlıq etməyin, Moskvanın müxtəlif geoiqtisadi layihələrinin heç bir faydasının olmadığını gözəlcə anlasa da, o, yenə də Qərb istiqamətində bir addım belə atmağa cəsarət etmir.

Üstəlik, bəxti daxili siyasətdə də gətirmir: yaxın günlərdə öz komandasının tərkibini dəyişmək istədi, amma ilk cəhddən, daha doğrusu, təhlükəsizlik xidmətinin direktorunu vəzifəsindən azad edəndən sonra anladı ki, öz inqilabçı dostları ilə əlaqələri kəsmək elə də asan məsələ deyil, çünki onlar çox şey danışa və hətta ona qarşı birləşə bilərlər.

Belədə isə, bir neçə həftə bundan əvvəl erməni mətbuatı yazırdı ki, N.Paşinyan özünün daha iki kadrından imtina etməyə hazırlaşır və bu xüsusda xarici işlər naziri Zöhrab Mnatsakanyanın və müdafiə naziri David Tonayanın adları çəkilirdi...
Oxşar informasiyalar bu gün də səslənir –danışır və yazırlar ki, xarici işlər naziri yenə də öz bossunun qəzəbinə tuş gəlib. Paşinyan narazılıq edir ki, Ermənistanın birinci diplomatı Rusiyanın xarici işlər nazirinə tutarlı cavab verə və ölkəsinin mövqeyini yetərincə müdafiə edə bilməyib.

İşin tərsliyindən prezident Aram Sarksiyan da özünü Rusiyanın etibar etdiyi kadrlarla əhatə etməyə başlayıb. Hətta iş o yerə çatdı ki, rusiyalı təhlilçilər A.Sarkisyanın timsalında Paşinyana ən optimal əvəz gördülər.

Qeyd etmək lazımdır ki, belə axtarışlar çoxdan aparılır – Kreml strateqləri bir-bir bütün kadrları götür-qoy edə-edə Ermənistanın yeni baş nazirinə əvəz axtarırlar.

Qısa müddət ərzində onlar kimlərin namizədliyinin üzərində dayanmadılar? Eks-prezident Robert Koçaryana qarşı hüquqi təhqiqatlara start verilən kimi onu Paşinyan rejiminə qarşı əsas müxalifətçi rolunda gördülər.

Amma paralel olaraq başqa, fərqli variantlar da nəzərdən keçirildi: kimsə vəzifəsindən azad edilmiş təhlükəsizlik xidməti direktorunun üzərində dayanmağı, başqa birisi isə hazırkı prezident A.Sarkisyana üstünlük verməyi təklif edir.

Qeyd etmək lazımdır ki, Ermənistanın özündə də inqilabın lap ilk aylarından buna bənzər gözləntilər vardı. Dəfələrlə yazılb və deyilib ki, guya N.Paşinyan eks-prezident Levon Ter-Petrosyanı prezident postuna gətirməyi planlaşdırır. Biz bu qəbildən olan mülahizələrlə bağlı heç nə deyə bilmərik, amma vaxtilə L.Ter-Petrosyanın öz sözlərindən belə anlaşıldı ki, o, özünü artıq xeyli yaşlı adam hesab edir və hansısa siyası planlar qurmur...

R.Koçaryana gəldikdə isə, hətta Kremlin özündə də başa düşürlər ki, bu elə də uğurlu və real variant deyil, çünki Ermənistanda çoxu onu avtoritar və hətta cinayətkar siyasi kadr hesab edir. Amma düşünürük ki, Kreml gec-tez axtardığını tapacaq.

Burada əsas odur ki, Moskva qətiyyən Ermənistan siyasətindəki “yeni reallıqlar”la barışmaq niyyətində deyil. Biz hələ onu demirik ki, Rusiya rəhbərlərilə görüşlərdə, MDB toplantılarında N.Paşinyan daim gülünc və axmaq vəziyyətlərə düşür.
Biri elə bu yaxınlardaca Avrasiya İttifaqının İrəvanda keçirilən sammitində baş vermişdi. “Dekabrın 20— də biz DTK gününü qeyd edəcəyik” – deyən Paşinyandan Belarus prezidenti A.Lukaşenko “DTK, yoxsa MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi!) gününü?” deyə soruşmuşdu...

Odur, artıq tərəddüdlər var ki, Paşinyan, ümumiyyətlə, öz hakimiyyət müddətini başa vura biləcəkmi? Hətta başa vursa belə, onun hakimiyyəti illəri ən “boz” bir dövr kimi yadda qalacaq.

Məsələ bundadır ki, bir siyasətçi kimi Paşinyan Qərbdə də qəbul olunmur, çünki Qərb də rusiyayönümlü, psixi durumu belə şübhə yaradan erməni liderlərindən bezib, onlara da yeni, praqmatik düşüncəli, regionda mövcud olan siyasi arxitekturanın çoxdan Qərbi belə qane etmədiyini anlayan liderlər lazımdır, çünki köhnə geosiyasi arxitektura Qərbin də cənubi Qafqazla bağlı planlarına əngəl yaradır.

N.Paşinyanın bəxti həm də onda gətirməyib ki, D.Tramp da ermənipərəst prezident deyil, ona yəhudi lobbisinin və diasporunun dəstəyi bəs edir. Odur ki, erməni inqilabi baş naziri ya ABŞ—da ermənipərəst prezidentin hakimiyyətə gəlməsini gözləməlidir, ya da öz siyasətində kardinal dəyişikliklər etməlidir.

Düşünürük ki, ikinci variant daha ağlabatan və hətta məntiqli olardı, çünki ABŞ - ın da öz geosiyasi maraqları var. Bu məntiqdən yanaşsaq, niyə görə onlar hələ də “Rusiyanın cənubi Qafqazda forpostu” adlanan bir ölkəni öz himayələrinə götürməlidirlər ki?..

 

Новости автора