Свобода людям, независимость нациям!

Necə edək ki, insanlar söyüş yox, ağıllı söz oxusunlar...

Bəli, hiss olunanı budur ki, nəinki siyasi mübarizənin, ümumiyyətlə, ictimai ehtirasların ağırlıq mərkəzi artıq sosial şəbəkələrdə qərar tutub.

Ölkədə gedən gərgin müzakirələrdən belə nəticə hasil etmək olar ki, əvvəl “ictimai jurnalistika”, indi isə “söyüş müxalifəti” adlandırılan bir sıra sosial şəbəkə iştirakçıları sözün əsl mənasında problemə çevrilib.

Bunun qarşısını almaq, sosial şəbəkələri azacıq da olsa, tənzimləmək üçün hərə bir təklif verir. Amma bunların əksəriyyəti daha çox inzibati xarakter daşıyır; biri kimlərəsə blok qoymağı, digərləri isə, ümumiyyətlə, ən kəskin üsullara əl atmağı təklif edir. Üçüncülər də var ki, “Onlar söyürlərsə, biz də söyək” – deyirlər. Amma bizə belə gəlir ki, bu üsulların heç biri effekt verməyəcək.

Birincisi, bəlkə də inanmayacaqsınız, sovetin vaxtında Moskva Universitetində məni ən çox təəccübləndirən stolların üstündəki yazılar olmuşdu: inanın, bu, əsl “samizdat” idi. İlahi, burada sovet quruluşu, onun idealları və liderləri haqqında daha nələr yazmırdılar! Odur ki, əgər hansısa bir narazılıq varsa, o, bir yol tapıb özünü təzahür etdirəcək.

İkincisi, biz də durub onlara qoşulsaq, ümumiyyətlə, hər şey tamam bərbad olacaq və daha heç bir sərhəd qalmayacaq, söyüş əsl yarışa çevriləcək. Həm də İmmanuel Kantın məşhur bir tezisi var: elə hərəkət et ki, sənin davranışın ümumi əxlaq qanunu ola bilsin. Çox təəssüf ki, uzun zaman Azərbaycanda bu imperativ unuduldu.

Çox təəssüf ki, xüsusən də bunu uzun illər bəzi YAP-çılar nəzərə almadılar. Öz hakimiyyətləri üçün çalışdıqlarını, ona dəstək verdiklərini, kömək etdiklərini düşünən bu insanlar son nəticədə elə həmin hakimiyyətə “ayı xidməti” göstərmiş oldular: Milli Məclisdə ayrı-ayrı jurnalistlər və siyasətçilər haqqında hansı təhqirlər səslənmədi, televiziya kanallarında hansı eybəcər və dəhşətli dərəcədə biabırçı şeylər göstərilmədi! Biz o vaxtlar təşviş və həyəcanla yazırdıq ki, belə etməyin-eləməyin, bu, ölkə siyasətində çox mənfi və arzuolunmaz tendensiyaların başlanğıcını qoyacaq, mediada və siyasətdə tərbiyəsiz insanlara kart-blanş verəcək!..

Elə bu səbəbdən də daha düzgünü “niyə belə oldu?” sualına cavab verməkdir. Bəli, necə oldu ki, sosial şəbəkələr ənənəvi mediadan “önə” keçdi? Əlbəttə, bunun birinci səbəbi odur ki, şəbəkələr hamıya yazmaq imkanı verdi, hamının isə mədəniyyəti, dünyagörüşü və məsuliyyəti eyni dərəcədə deyil. Bəli, ən birinci səbəb bu oldu: hamı dönüb “jurnalist” oldu və jurnalistikanın ən çətin dövrlərdə belə qorunub saxlanılan bir–iki əsas prinsipi də ayaqlar altına alındı.

Kütləviləşmənin həmişə ziyanlı və hətta təhlükəli tərəfləri də olur– bu, bir tərəfə. Üstəlik, kütləvilik bayağılıqla, demək olar ki, əkiz qardaşlardır, kütləvilik bir çox meyarları lap əvvəldən aşağı salmaq deməkdir; “həqiqət”lər hamıya anlaşıqlı olmaq səviyyəsinə gəlib yetişənə qədər, demək olar ki, əsas mahiyyətlərini itirirlər və son nəticədə ən yaxşı halda hədəyə, ən pis halda isə söyüşə çevrilirlər.

Bir detal da budur ki, kütlə həmişə əyləncə istəyir, “xoruz döyüşdürməyi”, adam söyüşdürməyi və bunu kənardan seyr edib ləzzət almağı sevir. “Ayə, gördünmü filankəs necə yazıb?” – kütlənin ümdə meyarı budur: filankəs nə yazıb yox, məhz necə yazıb...

Maraqlısı budur ki, biz oxşar fenomenlə yazılı mətbuatda senzuranın ləğvindən sonra da rastlaşmışdıq. Senzura götürüləndən sonra bir sıra aztirajlı mətbu orqanları daha “kəskin” yazı üslubu seçməklə tez zamanda tirajlarını 10-15 dəfə artırmağa müvəffəq oldular – bəli, əvvəllər iki-üç min nüxsə ilə zorla satılan bəzi qəzetlərin tirajı on minləri də üstələdi və bu prosesin yekunu o oldu ki, ənənəvi mətbuat ilk sarsıdıcı zərbəni aldı və həqiqətən də ciddi qəzetlər, demək olar, sıradan çıxdılar.

Hazırda media, xüsusən də ki, yazılı media ikinci zərbəni almaq ərəfəsindədir: indi də sosial şəbəkələr ənənəvi media deyilən sferaya son akkordları yaşatmaqdadır.

Bunun bir səbəbi də odur ki, ənənəvi media maraqlılığını və kəsərini tamam itirib, biz jurnalistikanın ən əsas missiyasını – tənqdiçilik missiyasını, demək olar ki, tərbiyəsiz insanların öhdəsinə buraxmışıq. Odur ki, insanların diqqətini yenidən ənənəvi mediaya qaytarmaq üçün onların sərbəstliyini heç olmasa, bir azacıq artırmaq lazımdır ki, ən azı oxucular üçün maraqlı olsun.

Söyüş müstəvisində ənənəvi yazılı media sosial şəbəkələrlə yarışmaq iqtidarında olmadığı kimi, ciddi yazmaq məsələsində də şəbəkələr media ilə yarışmaq gücündə deyillər.

Demirik ki, ənənəvi media süni şəkildə radikallaşmalı, bayağı tənqidçiliyə qapılmalıdır. Yox, bu halda o, şəbəkələrlə bərabərləşər və onların içində tamam itib-batar. Sadəcə, bizdə əminlik var ki, söyüş gec –tez adamları bezdirəcək. Bəlkə də bu, uğurlu misal deyil, amma sovetin qürubunun ilk illərində porno-filmlər yaman dəbə düşmüşdü. Amma tez bir zamanda insanların buna marağı öldü.

Güman ki, eyni hal sosial şəbəkələrdəki bayağılıqla, söyüşlə bağlı da olacaq – bir az qulaq asandan sonra insanlar bezib daha ciddi şeylər oxumaq və eşitmək istəyəcək, ciddi alternativləri isə peşəkar jurnalistlər, “ictimai jurnalistika” yox, məhz ənənəvi və daha ciddi media təqdim edə bilər. Ona görə də gəlin onlara azca nəfəs verək, əgər bunu etməsək, çox tez zamanda mümkündür ki, ənənəvi media tamamilə sıradan sıxacaq və bizim söyüş jurnalistikasından savayı qeyri alternativimiz qalmayacaq...

 

Новости автора